
Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olmaq üçün I ixtisas qrupu üzrə iyunun 4-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavablarını təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, imtahanın nəticələri yaxın iki həftə ərzində elan olunacaq.
Qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları ilə DİM-in saytından tanış olmaq mümkündür.
***14:45
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, 3 nəfərdə mobil telefon, 1 nəfərdə “ağıllı” saat aşkarlandığı, 1 nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub:
“İmtahandan xaric olunanların nəticələri ləğv olunur və onlar yay qəbul imtahanlarına da buraxılmırlar.
İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin “Teleqram” kanalına (https://t.me/stateexamcenter), digər sosial şəbəkə hesablarına və saytına yerləşdiriləcək.
Bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm IV, həm də I ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. Abituriyentlər suallarını şərhlərdə yaza bilərlər.
İyunun 5-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur”.

***09:15
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir.
Yeniavaz.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, imtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Tətbiqimizi yükləyə bilərsiniz