"Ümid edirik ki, Bakı və İrəvan sülh müqaviləsi imzalaya biləcək" - Rusiya XİN


“Rusiya tərəfi bundan sonra da Azərbaycan-Ermənistan nizamlanmasına hər cür yardım göstərməyə hazırdır və ümid edir ki, Bakı və İrəvan sülh müqaviləsi imzalaya biləcəklər”.
Yeniavaz.com
xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Bu gün Azərbaycan və Ermənistan arasında sülhün mümkün olub-olmaması ilə bağlı suala cavab olaraq nazir müavini qeyd edib ki, sülh müqaviləsinin əldə olunması böyük ölçüdə bütün normallaşma yollarının gedişindən asılıdır:
"Bizim köməyimiz həm Bakıya, həm də İrəvana uyğun gələn mübahisəli məsələlər üzrə balanslaşdırılmış kompromis həll yollarının axtarışına yönəlib. Bu mövzuda Moskvada aparılan danışıqlar tərəflər arasında anlaşmanın yaxşılaşmasına, bir sıra məsələlər üzrə mövqelərin yaxınlaşmasına kömək etdi. Biz bu məqsədlər üçün Bakıya və İrəvana hər cür yardım göstərməyə davam edəcəyik. Ümid edirik ki, belə müntəzəm təmaslar yekun sülh sazişlərinin əldə olunmasına imkan yaradacaq”.
Qaluzin xatırladıb ki, mayın 19-da Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistandan olan həmkarları Ceyhun Bayramov və Ararat Mirzoyan ilə ikitərəfli və üçtərəfli formatda danışıqlar aparıb və bu tədbirlər çərçivəsində sülh müqaviləsi ilə bağlı ayrıca Ermənistan-Azərbaycan görüşü də keçirilib:
“Belə müzakirələr üçün platformamızı təqdim etmək Bakı ilə İrəvan arasında sülh prosesində konkret nəticələrin əldə edilməsində Rusiyanın yardımının elementlərindən biridir. Biz bu işi üçtərəfli razılaşmalara uyğun olaraq həyata keçiririk”.

DİGƏR XƏBƏRLƏR

Top