İran Azərbaycanın 500 milyon kredit ayırdığı layihəni Rusiyaya verir


Rusiya Baş nazirinin müavini Aleksandr Novak bu gün nümayəndə heyəti ilə İrana səfər edib. İki günlük səfər zamanı Aleksandr Novakın İran və Rusiya arasında bir sıra iqtisadi razılaşmalar, həmçinin Şimal-Cənub dəhlizi üçün mühüm layihə olan Rəşt-Astara dəmir yolu ilə bağlı müqavilə imzalanıb.
Qeyd edim ki, Rəşt-Astara dəmir yolu açıldıqdan sonra Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə dəmir yolu xətti tamamlanacaq. Moskvadan çıxan qatar Azərbaycandan keçərək Fars körfəzinə kimi gedə biləcək.
167 km-lik Rəşt-Astara dəmir yolu açıldığı zaman İran dəmir yolları Azərbaycan və Rusiya dəmir yollarına birləşəcək. Nəticədə Fars körfəzindən (Bəndər Abbasdan) çıxan qatarlar Azərbaycandan keçərək birbaşa Rusiyaya daxil olacaq. Bu həm vaxt itkisini, həm də xərcləri azaldır.
Şimal-Cənub dəhlizinin Azərbaycandan keçən hissəsində işlərin sürətləndirilməsi haqqında Prezident İlham Əliyev 7 dekabr 2015-ci il tarixində Sərəncam imzalayıb. Bu Sərəncama əsasən, İran-Azərbaycan sərhədindəki Astaraçay üzərindəki körpüyə qədər 8,3 km yeni yol tikilib. Astaraçay üzərində dəmiryol körpüsü inşa olunub. Astaraçay üzərində dəmiryol körpüsündən İranın ərazisində tikilən yük terminalına qədər 1,4 km yol çəkilib. 2019-cu il tarixində Qəzvin-Rəşt (175 km) dəmir yolunun açılışı olub. Lakin İran dəmir yollarının Azərbaycan dəmir yollarına birləşdirilməsi üçün Rəşt-Astara (167 km) dəmir yolunun da çəkilməsi lazımdır. 2017-ci ildə Azərbaycan Rəşt-Astara dəmir yolunun qalan hissəsinin tikintisi üçün İrana 500 milyon dollar kredit ayırıb. Tikintinin 70%-nin başa çatdığı bildirilir. 
Bu ilin yanvar ayının 18-də Rusiya prezidentinin köməkçisi və Dövlət Şurasının katibi İqor Levitin dəmir yolu marşrutunu ziyarət edib. Yanvar ayında iki ölkə (İran-Rusiya) arasındakı razılaşmaya əsasən Rusiya dəmir yolunun tikintisinə əlavə sərmaya qoyacaq. Dəmir yolu layihəsinin 3 ay ərzində başa çatdırılması nəzərdə tutulur. Daha sonra bu yol 1941-ci ildə Sovet dəmir yolu şəbəkəsinin bir hissəsi kimi tikilən Azərbaycanın Astara dəmir yolu ilə birləşdiriləcək.
Azərbaycanın “Rəşt-Astara” dəmir yolunun tikintisinə ikinci dəfə sərmaya ayırmamasının səbəbi həm iki ölkə arasındakı gərginlik, həm də ABŞ-ın saksiyalarına düşmək qorxusu ola bilər.
Belə olan halda Rusiya dəmir yolunun tikintisini öz üzərinə götürmək və işləri sürətləndirmək istəyir. 
Rusiya-Ukrayna müharibəsi uzandıqca Rusiyanın Şimal-Cənub nəqliyyat dəhlizinə daha çox ehtiyacı yaranır. 
Azərbaycan tərəfdən məsələ ilə bağlı açıqlama verilməyib. Lakin ehtimal etmək olar ki, Azərbaycan da bu layihənin tezliklə başa çatdırılmasını istəyir. Azərbaycan bu layihəyə 500 milyon dollar kredit ayırıb. Eyni zamanda İranla sərhədə qədər (Astaraya kimi) olan dəmir yolu xəttinin yeniləyib və yeni körpü inşa edib.

Allahverdi Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top