
Bu gün yerinə yetirilməli olan İrəvan-İstanbul-İrəvan reysi təyyarədə yaranan texniki nasazlıq səbəbindən mayın 14-ü saat 00:20-dək təxirə salınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın “FlyOne Armenıa” aviaşirkətindən məlumat verilib.
Bildirilib ki, hazırda nasazlıq aradan qaldırılıb, uçuş yeni elan edilmiş cədvəl üzrə həyata keçiriləcək.
“Təxirə salınma İrəvan-İstanbul-İrəvan reyslərinin bütün sərnişinlərinə reysin statusu açıqlanarkən eyni vaxtda elan edilib. Sorğulara cavab olaraq onu da bildiririk ki, Türkiyə aviasiya orqanları yalnız məhdud sayda təyyarəyə icazə verdiyinə görə aviaşirkət uçuş üçün başqa təyyarədən istifadə edə bilməyib”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə hava məkanının erməni təyyarələri üçün bağlandığını açıqlayıb.
Çavuşoğlu bildirib ki, buna səbəb aprelin 25-i Ermənistanın paytaxtı İrəvanda “Nemezis” terror əməliyyatına həsr olunan abidənin ucaldılması olub: “Mən bunu qəbul edə bilmirəm. Buna cavab olaraq hava məkanımızı erməni təyyarələri üçün bağladıq”.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz