"Sarqsyana hakimiyyət zorakılıq və qətllər yolu ilə keçib"

"Dağlıq Qarabağ münaqişəsini Ermənistan hakimiyyətinin istədiyi kimi hərb yox, sülh yolu ilə həll etmək lazımdır".

Bunu erməni jurnalist, ictimai xadim Suzan Caqinyan "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxışlar" konfransında bildirib.

"Mən çox ağır yol qət etmişəm. Mən bu yolu bilərəkdən qət etmişəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qərar əldə edilsin. Düşünürəm ki, bunun zamanı çatıb", - deyə S.Caqinyan qeyd edib.

Jurnalist vurğulayıb ki, hər iki tərəfdən insanların ölümü ona əzab verir: "Mən 20 ildən artıq davam edən insan ölümünü görə bilmirəm".

S.Caqinyan qeyd edib ki, Ermənistan hökuməti münaqişənin həlli üçün əsas vermir, o, qeyri-adekvatdır: "Ermənistan prezidentini öz xalqı maraqlandırmır. Sarqsyan öz xalqına etinasızlıq göstərir. O işğalçıdır. Hakimiyyət ona Koçaryandan hədiyyə kimi, zorakılıq və qətllər yolu ilə keçib. O, öz xalqına qarşı soyqırım törədib, bu faktdır".

Jurnalist əlavə edib ki, Ermənistan özü münaqişənin həlli məsələsində ilk addımı atmalıdır.

S.Caqinyan vurğulayıb ki, o, hazırda rəsmi olaraq ölüdür: "Bu barədə məhkəmənin çıxardığı qərardan iki il sonra xəbər tutmuşam. Mənim müxalifət fəaliyyətim hakimiyyətin qəzəbinə səbəb olub, mənə qarşı təqiblər başlayıb. Məni terrorçuluğa görə mühakimə ediblər, baxmayaraq ki, mən ölü hesab olunmuşam. İşə düzəldiyim zaman maneələr törədilib. Onillərlə işsiz qalmışam. Hər bir Ermənistan vətəndaşı belə yaşayır. Ölü olmaq və Ermənistanda yaşamaq normal haldır. Əmlakım əlimdən alınıb və ondan istifadə etməyimə imkan verməyiblər".

İctimai xadimin sözlərinə görə, hakimiyyət onu ölümlə hədələyir: "İşğalçı Ermənistan rejiminə qarşı çıxanların da həyatlarına təhlükə var. Bu problemlərin aradan qaldırılmasının yeganə yolu qətldir".

Jurnalist bildirib ki, Qarabağ münaqişəsi yalnız gözyaşı və qanın axıdılmasına gətirib çıxartdı: "Başqa heç nə. Dağlıq Qarabağ Yerevanda hakimiyyətə gələn işğalçılardan başqa Ermənistana heç nə verməyib".

Report

DİGƏR XƏBƏRLƏR

Top