“Mixaylo” əslində belə həlak olubmuş – Video


“Mixaylo” ləqəbli Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin ölümü ilə bağlı yeni təfərrüatlar məlum olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azadlıq radiosunun Azərbaycan xidmətinin yaydığı məlumatda bildirilib.
Məlumatda “Mixaylo”nun həlak olduğu Sloveniyanın Vitovlye kəndindən eksklüziv görüntülər təqdim edilib.
Reportajda Mehdi Hüseynzadə öldükdən sonra onun meyitini tapan, o zaman 4 yaşında olan Mira Xravatin də danışıb.
Yerli sakinlər güman edirlər ki, “Mixaylo” bir gün sağ qalıb, amma sonra tapança ilə özünü vurub.

Qeyd edək ki, Mehdi Hüseynzadə 1944-cü ilin noyabrın 2-də tapşırıqdan Çepovan yaşayış məntəqəsində yerləşən 9-cu korpusun qərargahına qayıdarkən Vitovlye kəndində həlak olub.
Onun həlak olması haqqında bir neçə fərziyyə var. Ən birinci versiya “Mixaylo”nun gizləndiyi evin partizan oğlunun danışdıqlarına əsaslanır. O, məlumat verir ki, onların evini qəfildən almanlar mühasirəyə alır. Bu zaman Mehdi Hüseynzadənin əlində 2 qumbara və 5 gilizli tapança var idi. “Mixaylo” onlarla döyüşə girdi və atışmağa başladı. Düşmən evə soxulanda “Mixaylo” onların dəstəsinə 2 qumbara atdı. Yaranan qarışıqlıqdan istifadə edib arxa pəncərədən tullanıb qaçmağa başladı. Onu görən almanlar təqib etməyə başladılar. “Mixaylo” tapançasını çıxardı və öz ürəyinə atəş açdı.
Sloveniya versiyasına görə isə 1944-cü ilin 1 noyabrında “Mixaylo” və 3 sloven diversantı – İvan Suliç, Adam Zorn və Yordan Qoryan 9-cu korpusun qərargahına gedərkən Vitovlye kəndində dayandılar. Burada və Rençe kəndində partizanların konspirativ bazarları var idi. Onlar bundan almanların nəzarətində olan ərazilərə tapşırığa gedərkən istifadə edirdilər. Hadisələrin iştirakçısı A.Zornun şahidliyinə görə 8 nəfər partizanın əvvəlcədən gəlib gizləndiyi pəyə gecə qəfildən almanlar tərəfindən mühasirəyə alındı. “Mixaylo” və sloveniyalı Dreykeç (əsl adı: Andrey Komel) mühasirədən çıxıb qaçmağa çalışdılar, amma avtomatdan açılan güllələrlə vuruldular.
Sovet Bazovitsk batalyonunun qərargah rəisi və “Mixaylo”nun yaxın dostu Cavad Həkimlinin hekayəti isə bəzi detalları ilə fərqlənir. Almanlar onları mühasirəyə alan zaman “Mixaylo” qaçmağa cəhd göstərərkən yaralanır və əsir düşməmək üçün özünü vurur. C.Həkimli belə güman edir ki, partizanları yerli əhalidən biri satıb.

DİGƏR XƏBƏRLƏR

Top