
"Rusiyanın "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin Donetsk vilayətinin Baxmut şəhərindən bölmələrin çıxarılması ilə bağlı bəyanatı başqa məqsəd daşıya bilər. Eyni zamanda, muzdluların dediyi kimi döyüş sursatı yox, canlı qüvvəsi tükəndiyi göz qabağındadır".
Yeniavaz.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin şərq qoşun qrupunun spikeri Sergey Çerevatı "BBC News Ukrayna"ya şərhində deyib.
Onun sözlərinə görə, Priqojin bir neçə aydır ki, diqqəti özünə cəlb etmək üçün çılğın bəyanatlar verməyə çalışır. Çerevatı qeyd edib ki, Priqojinin bəyanatı iki səbəblə bağlıdır - birincisi, Vaqnerçilərin işçi qüvvəsi tükənir, ikincisi, Rusiya Federasiyasının hərbi rəhbərliyində daxili qarşıdurma davam edir:
"Onlar Baxmutu tərk etmək üçün bəhanə axtarırlar. Eyni zamanda Vaqnerçilər Baxmutda Ukrayna Silahlı Qüvvələrinə hücumlarını davam etdirirlər, orada şiddətli döyüşlər davam edir. Gün ərzində 43 toqquşma olub, 520 müxtəlif çaplı atəş olub. Döyüşlərin intensivliyi səngimir. Düşünürəm ki, onlar mayın 9-una kimi Baxmutu ələ keçirmək üçün hər şeyi edəcəklər”.
Xatırladaq ki, Priqojin bir müddət əvvəl bildirmişdi ki, Vaqnerçilər Donetsk vilayətində Baxmut yaxınlığındakı mövqelərini mayın 10-da Rusiya Müdafiə Nazirliyinin bölmələrinə təhvil verəcəklər, çünki onlarda kifayət qədər silah-sursat yoxdur.
Tətbiqimizi yükləyə bilərsiniz