"Məqsədimiz tərəflərin bu işi görə biləcəyi bir məkan təmin etməkdir" - ABŞ


Rəsmi Vaşinqton Bakı və İrəvandan Qarabağdakı əhalinin hüquqlarını və təhlükəsizliyini ən yaxşı şəkildə necə qorumaq barədə düşünməyi xahiş edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən “Azadlıq radiosu”na bildirilib.
Dövlət Departamentinin sözçüsü vurğulayıb ki, Qarabağdakı əhalinin hüquqları və təhlükəsizliyi məsələsi Ermənistan və Azərbaycan arasında münaqişədə əsas məsələdir.
“Həddindən artıq çox insanın həyatına son qoyan və çox uzun müddət davam edən münaqişənin qalıcı həllini tapmağın yeganə yolu bu insanların nəhayət öz evlərində özlərini təhlükəsiz hiss etmələri və hüquqlarının qorunub saxlanmasıdır. Birləşmiş Ştatlar sülhün əsasını qoya biləcək uzunmüddətli, sabit razılaşmanı dəstəkləyir”.
Eyni zamanda, Dövlət Departamentindən bildirilib ki, münasibətlərin tənzimlənməsinə dair sazişin həcmi, xarakteri və məzmunu tərəflər tərəfindən həll edilməlidir:
“Vaşinqton Ermənistan və Azərbaycanın xarici işlər nazirləri sülh yolunda çalışarkən onları qəbul etmək şərəfinə malikdir. Birləşmiş Ştatlar Cənubi Qafqazda sülhsevər gələcəyin təşviqinə sadiqdir. Tərəflər arasında birbaşa dialoq davamlı sülhə və problemlərin həllinə nail olmaq üçün açardır.
Münasibətləri tənzimləmək üçün müqavilənin əhatə dairəsi və xarakteri tərəflərin ixtiyarındadır. Məqsədimiz ikitərəfli müzakirələrin aparıla biləcəyi və davamlı sülhə doğru irəliləyiş əldə etmək üçün tərəflərin birlikdə həqiqətən çətin işi görə biləcəyi bir məkan təmin etməkdir”.

DİGƏR XƏBƏRLƏR

Top