Rəsmi açıqlama: xarici valyuta ilə verilmiş kreditlər geri qayıtmır

Bu ilin ilk 9 ayının nəticələrinə görə, Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları tərəfindən 16 milyard 785,1 milyon manat kredit verib. “Yeniavaz.az” Mərkəzi Bankadan açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, ötən ilin analoji dövrü ilə müqayisədə verilən kreditlərin həcmi 12,2% və ya 2 milyard 328,4 milyon manat, əvvəlki ayla müqayisədə isə kreditlərin həcmi 54,6 milyon manat və ya 0,3% azalıb. Verilən kreditlərin həcmi azalsa da problemli kreditlərin, yəni vaxtında geri qaytarılmayan kreditlərin həcmi artıb. Belə ki, avqust ayı ilə müqayisədə sentyabr ayında problemli kreditlərin həcmi 4,4 milyon manat artaraq 1 milyard 597,3 milyon manata yüksəlib. Nəticədə problemli kreditlərin tarixi maksimuma yüksəlib. Cari ilin əvvəlindən ötən 9 ay ərzində isə problemli kreditlərin həcmi 282,7 milyon manat artıb. Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki xüsusi çəkisi isə ilin əvvəlindəki 6,2%-dən 9,5%-ə yüksəlib. Bu isə indiyə qədər qeydə alınan ən yüksək göstərici hesab olunur.

Qeyd edək ki, milli valyutada verilən 8 milyard 848,1 milyon manatlıq kreditlərin 763,3 milyon manatı və ya 8,6%-i, xarici valyutada verilən 7 milyard 937 milyon manatlıq kreditlərin isə 834 milyon manatı və 10,5%-i vaxtında geri qaytarılmayıb. Açıqlanan məlumatlar göstərir ki, problemli kreditlər xarici valyutada verilən kreditlər hesabına artıb. İlin əvvəlindən ötən dövr ərzində milli valyutada olan problemli kreditlər 76,9 milyon manat və ya 9,1% azaldığı halda, xarici valyutada olan problemli kreditlər 165,7 milyon manat və ya 24,8% artıb.

İstehlak kreditlərinin həcmi 2 milyard 192 milyon manat azalıb

Cari ilin oktyabr ayının əvvəlinə olan sonuncu məlumata görə, ən çox kredit qoyuluşu hər zaman olduğu kimi ev təsərrüfatlarına (istehlak kreditləri) olub. Ev təsərrüfatlarına verilən kreditlər ümumi kreditlərin 36,9%-nə bərabər olub. Bu növ kreditlər üzrə kəskin azalma baş verib. İlin əvvəlindən ötən dövr ərzində istehlak kreditlərtinin həcmi 2 milyard 192 milyon manat azalıb.

Bundan ümumi kreditlərin 2 milyard 555,5 milyon manatı ticarət və xidmət sektoruna ayrılıb. Son 9 ay ərzində bu sektora qoyulan kreditlərin həcmi 602,5 milyon manat azalıb. Əvəzində isə bu sektorun ümumi kredit portfelindəki payı 14,5%-dən 15,2%-ə yüksəlib. İnşaat və əmlak sektoruna isə 1 milyard 954,8 milyon manat kredit yönəldilib. Bu sahəyə qoyulan kreditlərin də həcmi ilini əvvəlindən 1 milyard 108,4 milyon manat aşağı düşüb. Ümumi kredit portfelindəki payı isə 14,1%-dən 11,6%-ə düşüb.

Sənaye və istehsal sektorunun maliyyələşdirilməsinə 1 milyard 333,2 milyon manat kredit ayrılıb ki, bu da ilin əvvəlindən ötən 9 ay ərzində 615,1 milyon manat azalma deməkdir. Sənaye və istehsal sektoruna yönəldilən kreditlərin ümumi kredit portfelindəki payı ilin əvvəlindəki 9%-dən 7,9%-ə düşüb.

Nəqliyyat və rabitə sektoru isə banklardan 1 milyard 163,1 milyon manat vəsait cəlb edib. Bu, ilin əvvəli ilə müqayisədə 302,5 milyon manat azdır. Sektorun ümumi kreditləşmədə payı isə isə 6,7%-dən 6,9%-ə enib.

Kənd təsərrüfatı və emal sektoru isə kredit təşkilatlarından cəmi 409,7 milyon manat borc ala bilib. Bu sahəyə verilən kreditlərin məbləği 98,4 milyon manat azalsa da, ümumi kredit portfelindəki payı 2,3%-dən 2,4%-ə yüksəlib.

Energetika, kimya və təbii ehtiyatlar sektoruna isə bütün kreditlərin 2,2%-i və yaxud 372 milyon manatı ayrılıb. Bu isə ilin əvvəli ilə müqayisədə 55,5 milyon manat çoxdur. Bu sahəyə verilən kreditlərin ümumi kredit portfelindəki payı ilin əvvəlində 1,5% təşkil edib.

Kredit təşkilatları ipoteka kreditləşməsi də daxil olmaqla daşınmaz əmlakın tikintisi və alınmasına isə 1 milyard 650,5 milyon manat borc verib. Bu, son 9 ay ərzində 108,1 milyon manat artım deməkdir. Sektorun ümumi kreditləşmədə payı da artıb - 7,1%-dən 9,8%-ə.

Azərbaycanda ən bahalı kreditlər Aran iqtisadi rayonunda verilib

Mərkəzi Bankdan verilən məlumatda həmçinin göstərilir ki, ölkədə kreditlər üzrə orta faiz dərəcəsi 11,3%, o cümlədən manatla kreditlər üzrə 12,4%, xarici valyutada 10% olub. Kredit qoyuluşunun 85,3%-i və ya 14 milyard 253 milyon manatı Bakı şəhərinin payına düşüb. Bakı şəhəri üzrə orta faiz dərəcəsi 9,8% təşkil edib. Orta faiz dərəcəsi manatla kreditlər üzrə 10,7%, xarici valyutada isə 8,8% səviyyəsində qeydə alınıb. Ümumiyyətlə Azərbaycanda ən bahalı kreditlər illik 22,5%-lə Aran iqtisadi rayonunda verilib. Bundan başqa 22,2%-lə Dağlıq Şirvan və 21,9%-lə Lənkəran iqtisadi rayonları ən bahalı kreditlərin verildiyi iqtisadi rayonlar hesab olunur. Ən ucuz kredit isə 13,2% olmaqla Naxçıvan iqtisadi rayonunda təklif edilib. Ən ucuz kreditlərin ilk üçlüyünə 13,8%-lə Kəlbəcər-Laçın və 16,5%-lə Abşeron iqtisadi rayonları daxil olublar.

Əhali banklara manatla əmanət qoymağa üstünlük vermir

Fiziki şəxslərin banklardakı 7 milyard 813,9 milyon manat əmanətinin 6 milyard 387,8 milyon manatı və ya 81,7%-i xarici valyutada, 1 milyard 426 milyon manatı və ya 18,3%-i milli valyutada olub. Cari ilin əvvəli ilə müqayisədə əhalinin banklardakı əmanətlərinin həcmi 17,5% v ə 1 milyard 660 milyon manat azalıb. Azalmaya səbəb xarici valyuta ilə yerləşdirilən əmanətlərin ilin əvvəlindən ötən 9 ay ərzində 1 milyard 665,9 milyon manat aşağı düşməsi ilə bağlıdır. Son 9 ay ərzində manatla qoyulan əmanətlərdə cüzi - 0,4% və 5,8 milyon manatlıq artım baş verib.

Oktyabr ayının 1-nə olan məlumata görə, Azərbaycan əhalisinin banklardakı əmanətlərinin illik faiz dərəcəsi orta hesabla 5,2% olub. Bu göstərici, milli valyutada yerləşdirilən əmanətlərdə 6,3%, xarici valyutada yerləşdirilən əmanətlərdə 4,9% təşkil edib. Rəqəmlərdən də göründüyü kimi, milli valyutada yerləşdirilən əmanətlər üzrə faiz dərəcəsi xarici valyutada yerləşdirilən əmanətlər üzrə faiz dərəcəsindən yüksək olsa da əhali banklara manatla əmanət qoymağa üstünlük vermir. Bu, isə milli valyutaya olan etimadsızıqdan irəli gəlir. Ötən il baş verən devalvasiyalardan sonra insanlarda manata olan inam aşağı düşüb və açıqlanan son rəqəmlər də onu göstərir ki, bu inam hələ də bərpa olunmayıb.

Əmanətlərin 93,9%-i və ya 7 milyard 337 milyon manatı Bakı şəhərinin payına düşüb. Bakıdan sonra banklarda ən çox əmanət Abşeron, Aran və Gəncə-Qazax iqtisadi rayonlarından yerləşdirilib. Banklara ən az əmanət qoyan iqtisadi rayonlar isə Kəlbəcər-Laçın, Dağlıq Şirvan və Yuxarı Qarabağ olub. Əmanətlər üzrə faiz dərəcələrinin ən yüksək həddi Kəlbəcər-Laçın və Abşeron iqtisadi rayonlarında qeydə alınıb. Bu rayonlarda orta faiz dərəcəsi müvafiq olaraq 9,2% və 6,4% təşkil edib. Ən aşağı faiz dərəcəsi isə Yuxarı Qarabağ (2,8%) və Naxçıvan (2,5%) iqtisadi rayonlarında müşahidə olunub.

İlin ilk 9 ayında kredit kartlarının sayı 302 min ədəd azalıb

2013-2014-cü illər ərzində banklar tərəfindən verilən kredit kartlarının sayı sürətlə artdığı halda, 2015-ci il ərzində və bu ilin ilk 9 ayında kredit kartlarının sayında azalma qeydə alınıb. 2013-2014-cü illərdə kredit kartlarının sayı hər ay orta hesabla 30-45 min ədəd artaraq 1 milyon 322 min ədədə yüksəlib. Lakin, 2015-ci ildə kredit kartlarının sayı 312 min ədəd, bu ilin ilk 9 ayında isə kredit kartlarının sayı 302 min ədəd azalıb. Oktyabr ayının 1-nə olan məlumata görə, banklar tərəfindən verilən kredit kartlarının sayı 708 min ədədə enib.

Ümumilikdə isə ölkədə banklar tərəfindən verilən 5 milyon 174 min ədəd ödəniş kartı mövcuddur. İlin əvvəli ilə müqayisədə ödəniş kartlarının sayı 485 min ədəd azalıb.

Ödəniş kartlarının 2 milyon 284 min ədəddini sosial kartlar, 1 milyon 537 min ədədini əmək haqqı kartları, 645 min ədədini digər kartlar təşkil edib. İlin əvvəli ilə müqayisədə sosial kartların sayı 176 min ədəd azaldığı halda, əmək haqqı kartlarının sayı 70 min ədəd artıb.

Eyni zamanda qeyd edək ki, kartlar vasitəsilə aparılan əməliyyatların həcmi də azalıb. Oktyabr ayının 1-nə olan məlumata görə, kartlar vasitəsilə 1 milyard 35 milyon manat həcmində 6 milyon 778 min əməliyyat həyata keçirilib. Qeyd edək ki, ilin əvvəlində bu göstərici 1 milyard 250 milyon manat və 7 milyon 811 min əməliyyat olub.

Allahverdi Aydın

DİGƏR XƏBƏRLƏR

Top