“Bu, enerji xəritəsinin dəyişilməsinə işarədir” - İqtisadçı


ABŞ-ın "şist erası" 2015-ci ildən sonra enerji bazarında fərqli reallıqlar yaratdı. Əvvəllər dünyada ən mühüm neft idxalçısı və istehlakçısı olan ABŞ məhz son 7 ildə dünyada ən çox neft hasilatçısı statusuna yüksələ bildi.
Bunu iqtisadçı Məmməd Talıblı Yeniavaz.com-a bildirib.
O qeyd edir ki, ABŞ, Qətər və Norveçin də Avropa bazarında payı artıb.
“Dünya Bankı öz hesabatında qeyd edib ki, ABŞ-ın payı 8%-dən 17,4%-ə kimi, Qətərin payı 6,8%-dən 7,4%-ə, Norveçin payı isə 9%-dən 12,5%-ə kimi artıb. Digər ölkələrin payı isə 23,7%-dən 25,3%-ə yüksəlib. Çox ciddi siqnaldır. Enerji xəritəsinin dəyişilməsinə işarədir. Buna səbəb isə ötən il Ukrayna ilə müharibə səbəbindən Rusiya qazına tətbiq edilən sanksiyalar olub. Belə ki, Rusiyanın Avropa bazarındakı payı 34,1%-dən 19,5%-ə kimi azalıb. Bu, ciddi bir azalma nisbətidir. Rusiyanın əsas güvəndiyi təsir alətlərindən biri qaz hasilatı idi. Qaz faktorundan çoxdan idi ki, təhdid aləti olaraq geninə-boluna istifadə olunurdu. “Avropanı qazla boğaram” siyasi təkəbbürü çox populyarlıq qazanmışdı”.
İqtisadçı qeyd edir ki, Dünya Bankının hesabatında ölkəmizin qaz hasilatını artırması ilə bağlı da xüsusi bənd var:
“Belə ki, 2022-ci ildə Azərbaycanın Avropa qaz bazarında payı artıb və 2021-ci ildəki 4,9%-dən 6,9%-ə yüksəlib. Rusların özlərinin dəyərli bir atalar sözləri var: "Müqəddəs yerlər boş qalmır". Onu dolduran subyektlər (insan, dövlət) mütləq olacaq. Rusiya qazı olmasa da, enerji hasilatçısı ölkələri Rusiyanın o "müqəddəs" yerini dolduracaqlar. "Əvəzolunmazlıq" sindromu dost qazandırmır, olan dostların itirilməsi ilə nəticələnir. Bütün bu acı reallıqlar sübut edir ki, təbiətin hədiyyəsinə arxayın olub kobud güclə regionu qorxu altında saxlaya bilməzsən. Avropanı təhdid edib kiçik dövlətlər üzərində əzici gücünlə böyük qələbəyə ümid edə bilməzsən”.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top