“Trendyol” Azərbaycanda müştərilərə bu şəkildə xidmət göstərəcək - “PAŞA Holding” ilə müqavilə


Türkiyənin aparıcı e-ticarət platforması və Avropanın ən böyük texnologiya şirkətlərindən biri olan “Trendyol” “PAŞA Holding” ilə müqavilə bağlayıb.
Yeniavaz.com
xəbər verir ki, müqaviləyə əsasən, tərəflər Azərbaycanda birgə elektron ticarət xidmətləri göstərəcək.
“Trendyol” və “PAŞA Holding” Azərbaycanda e-ticarət xidmətlərinin göstərilməsi üçün birgə şirkətin yaradılması barədə razılığa gəliblər.
“PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov bu barədə fikirlərini bölüşərək deyib:
“Artıq neçə müddətdir ki, Azərbaycanda “Trendyol”un məhsul və xidmətlərinə ciddi istehlak tələbi müşahidə olunur. Bu müqavilə ilə biz həm şirkət olaraq rəqəmsal pərakəndə satış ekosistemində fəaliyyətimizi genişləndirəcəyik, həm də qardaş ölkələrimiz arasında e-ticarət təcrübəsinin paylaşılmasını təmin edəcəyik”.
Trendyol Qrupunun prezidenti Çağlayan Çetin strateji tərəfdaşlığın ortaq sinerjiləri artıracağını bildirib:
““PAŞA Holding” ilə biz bu maraqlı strateji tərəfdaşlıqda ilk addımı atdıq. İnfrastrukturumuz tamamlandıqdan sonra Azərbaycanda fəaliyyətə başlayacağıq. Platforma Türkiyə və Azərbaycan istehsalçılarını, satıcılarını və müştərilərini bir araya gətirməyə xidmət edəcək və beləliklə, hər iki ölkənin maraqlarına xidmət edən ilk ekosistem olacaq”.
“Trendyol” müştərilərə birbaşa Azərbaycanda öz platforması vasitəsilə xidmət göstərəcək.

DİGƏR XƏBƏRLƏR

Top