Sudanda tərəflər atəşkəsin pozulmasında bir-birlərini günahlandırırlar


Sudanın Çevik Reaksiya Qüvvələrinin rəhbəri Məhəmməd Həmdan Daqalo bildirib ki, atəşkəsi pozan Sudan ordusu ilə danışıqlar yalnız atəşkəs şərtlərinə əməl olunarsa, mümkündür.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə BBC-yə müsahibəsində danışıb.
Daqalonun sözlərinə görə, general Əbdülfəttah əl-Burhanın komandanlığı altında olan Sudanın ordu bölmələri humanitar atəşkəsin uzadılmasına baxmayaraq, xüsusi təyinatlıların mövqelərinə zərbələr endirir.
Xüsusi təyinatlıların rəhbəri tam mülki hökumətin yaradılmasında maraqlı olduğunu bildirib və münaqişənin qarşı tərəfini radikal islamçıların təsiri altına düşməkdə ittiham edib.
Ölkə ordusu da öz növbəsində atəşkəs şərtlərinin pozulmasına görə məsuliyyəti Çevik Reaksiya Qüvvələrinin üzərinə qoyur.
Qeyd edək ki, bundan əvvəl Sudan həkimlərinin həmkarlar ittifaqı, Sudan ordusu ilə xüsusi təyinatlılar arasında silahlı toqquşmalar başlayandan bəri 400-ə yaxın dinc sakinin həlak olması barədə məlumat yaymışdı.
Xatırladaq ki, Sudanda ordu ilə xüsusi təyinatlı bölmə hesab olunan Çevik Reaksiya Qüvvələri arasında silahlı qarşıdurma gedir. Vəziyyət ordunun komandiri, eyni zamanda Suveren Şuraya (ölkənin idarəetmə orqanı) rəhbərlik edən Əbdülfəttah əl-Burhan ilə RRF komandiri Məhəmməd Həmdan Daqalo arasındakı ÇRQ-nin nizami orduya planlaşdırılmış inteqrasiyası ilə bağlı fikir ayrılığı səbəbindən gərginləşib. Bu, Sudanın mülki idarəçiliyə qaytarılması ilə bağlı razılaşmanın şərtlərindən biri hesab olunur.
İki silahlı qüvvə arasında aprelin 15-də Merovdakı hərbi baza yaxınlığında və Xartumda toqquşmalar baş verib. Toqquşmalar Sudanın paytaxtı və ən azı 7 ştatda qarşıdurmalara səbəb olub.
Tərəflərdən hər biri digərini hücumda günahlandırır.

DİGƏR XƏBƏRLƏR

Top