"Fransa, ABŞ və Argentina sufiləri qurucu şeyxin Pir Ömər olduğunu bilirlər..." - Müsahibə


Elm xadimi, tarixçi və arxeoloq Fariz Xəlilli Yeniavaz.com-a Pir Ömər və xəlvətilik sufi məktəbinin ölkəmizdə layiqincə anlaşılmamasından, Pir Ömər Avaxıli Şirvani türbəsinin konservasiyası işlərinin ləngimə səbəblərindən, dünyanın onlarla ölkəsində yaşayan xəlvətilik sufi məktəbinin hazırki ardıcıllarının ölkəmizin oradakı potensial təbii diaspor nümayəndələri olmalarından danışıb.
Tarixçi eyni zamanda dünya xəlvətilərinin bir istinadı ola biləcək Pir Ömər Avaxıli Şirvaninin xatirə abidəsi ilə bağlı öz təkliflərini bizimlə bölüşüb.
Sizi müsahibimizlə baş-başa buraxırıq…

Pir Ömər türbəsi qazıntıdan əvvəl



 - Sosial mediada son paylaşımlarınızdan birində “Mövləvilik sufi məktəbinin qurucusu Mövlanə Cəlalədin Rumi Türkiyə üçün kimdirsə, Xəlvətilik sufi məktəbinin qurucusu Pir Ömər Avaxıli Şirvani Azərbaycan üçün odur” deyirsiniz. Sizcə bu tarixi həqiqətin həm elm ictimaiyyəti olaraq, həm də sıravi xalq olaraq nə qədər fərqinə varmışıq?
 - Bu gün dünyada sufi məktəblərinin yarısından çoxu xəlvətilik və onun qollarından ibarətdir. Xəlvətilik Azərbaycanın Şirvan bölgəsində Şamaxı şəhəri yaxınlığındakı Avaxıl kəndində Pir Ömərin xanəgahında formalaşmış və bütün dünyaya yayılmışdır. Qurucu şəxs kimi Pir Ömər bütün xəlvətilik silsilələrində qəbul edilir və indi də sufilərin dualarında yad olunur. Xəlvətiliyin yeddi adın zikri, qırx günlük xəlvət, dövran mərasimi, qırx dallı papaq kimi əsas prinsipləri Pir Ömər tərəfindən şəkilləndirilmiş və qəbul edilmişdir. Mövləvilik sufi məktəbinin qurucusu Mövlanə Cəlaləddin Rumini və onun xanəgahını Türkiyə Cümhuriyyəti maddi və mənəvi mədəni irsi kimi dünyaya təqdim etmişdir. Mövləviliyə nisbətdə bu gün daha çox ardıcılı olan xəlvətilik sufi məktəbinin qurucusu Pir Ömər Avaxıli Şirvaninin və onun sufi məktəbinin Azərbaycan xalqının maddi və mənəvi mədəni irsi kimi dünyaya tanıdılması xüsusilə vacibdir. Təəssüf ki, Pir Ömər və xəlvətilik sufi məktəbi ölkəmizdə layiqincə anlaşılmır.

Pir Ömər türbəsində arxeoloji tədqiqatlar aparılır


 - Məlum olduğu kimi, Pir Ömər Avaxıli Şirvani türbəsinin konservasiya işləri qazıntıdan üç il keçməsinə baxmayaraq yarımçıq qalıb. Bu prosesi ləngidən məsələlər nədir?
 - Pir Ömər Avaxıli Şirvaninin türbəsi və xanəgahının qalıqları 2020-ci ilin yanvar-iyul aylarında Prof. Dr. Qafar Cəbiyevin rəhbərliyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Avaxıl ekspedisiyası tərəfindən aşkara çıxarılmışdır. Hazırda xanəgahın qalıqları Pir Ömərin koğuşunda xəlvətə çəkildiyi ağacdan, ağaca bitişik olaraq Pir Ömərin qəbiri üzərində tikilmiş türbə binasından və türbəyə bitişik olaraq Pir Ömərin xəlifəsi Bayəzid Piraninin nəslindən Şeyx Cəlil və oğlu Allahvermişin dəfn olunduğu hücrədən, ətrafda dəfn olunan çoxsaylı mürid qəbirlərindən ibarətdir. Pir Ömərin nəşi türbədədir. Türbənin kitabəsi də tapılmışdır. Kitabədə Pir Ömərin şeyx, zahid, abid, təriqət sahibi olduğu qeyd olunmuşdur. Sufi ənənəsinə uyğun olaraq "Allah əziz sirlərini müqəddəsləşdirsin" duası verilmişdir. Pir Ömərin 1409-cu ilin iyul ayında vəfat etdiyi kitabədən məlum olur. Pir Ömər Avaxıli Şirvani türbəsi arxeoloji tədqiqatlarına Heydər Əliyev Fondu hərtərəfli dəstək vermiş, üzərində türbənin tikilməsi üçün memarlardan çoxsaylı layihə təklifləri almışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva 2020-ci ilin may ayında türbəni ziyarət etmiş və buradakı arxeoloji qazıntılarla tanış olmuşlar. Mehriban Əliyeva keçən müddətdə Konyada Mövlanə Cəlaləddin Ruminin türbəsini ziyarət edərək təriqət qurucularının türbə ənənəsi ilə tanış olmuşdur. Düşünürəm ki, Pir Ömər Avaxıli Şirvani türbəsinin konservasiyasının ləngiməsinin əsas səbəbi hələ də layiqli layihənin təqdim edilməməsidir.

Prezident və birinci vitse-prezidentin Pir Ömər türbəsini ziyarətindən



 - Bir çıxışınızda qeyd edirsiniz ki, bu gün dünyanın hər yerində azərbaycanlı olmayan, amma xəlvətilik sufi məktəbinə mənsubiyyətinə görə Azərbaycan mədəni irsini davam etdirən milyonlarla insan potensial diaspor nümayəndəmizdir. Dünyanın demək olar ki bir çox yerindəki xəlvəti sufi məktəbinə mənsub insanlar bu sufi məktəbin ilk qurucusunun qəbrinin Şamaxıda, Avaxılda olduğunu bilirmi?
 - Mən xəlvətilik sufi məktəbinin maddi mədəni irsini araşdırdığım və xanəgah arxeologiyası sahəsində ixtisaslaşdığım üçün istər-istəməz xəlvətilik sufi məktəbinin hazırki ardıcılları, xüsusilə şeyxləri ilə əlaqələrim vardır. Türkiyə, İtaliya, Fransa, ABŞ, Əlcəzair, Misir, İsrail, İndoneziya, Argentina, Albaniya, Balkan ölkələri və digər fərqli qitələrdə yerləşən dövlətlərin ərazilərində xəlvətilik sufi məktəbinin xanəgahları yerləşir. Onların hamısı qurucu şeyxin Pir Ömər olduğunu bilir və silsilələrini ona əsaslandırırlar. Hazırda xəlvəti sufi məktəbinin şeyxlərinin öz aralarında informasiya qrupları var və orada Pir Ömərin türbəsinin Azərbaycanda aşkar olunması haqqında məlumatı paylaşırlar. Hətta onlardan xatirə üçün Pir Ömərin xəlvətə çəkildiyi ağacın budağından parçalar, Pir Ömərin türbəsindən torpaq istəyənlərə də rast gəlirik. Həqiqətən xəlvətilik sufi məktəbinin hazırki ardıcılları öz ölkələrində Azərbaycan Respublikasının təbii diaspor nümayəndələri potensialındadır.

Pir Ömər türbəsinin kitabəsi



 - Təklif kimi Xəlvəti Forum adı ilə bir platformanın yaradıla biləcəyini qeyd edirsiniz. Belə bir mərkəz milyonlarla insanı bir mərkəzə cəlb edə bilərmi? Həmçinin dünya xəlvətilərinin bir istinadı ola biləcək Pir Ömər Avaxıli Şirvani xatirə abidəsini necə təsəvvür edirsiniz?
 - Bir akademik şəxs və mütəxəssis olaraq "Xəlvəti Forum" haqqında təklif məktubumu birinci vitse-prezident Mehriban xanım Əliyevaya göndərmişəm. Təklifin araşdırılması və rəy verilməsi üçün məktubum Azərbaycan Milli Elmlər Akademiyasına göndərilib, Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər xanım Baxşəliyeva mənimlə görüşüb, məni dinləyib. İnanıram ki, "Xəlvəti Forum" dünya xəlvətilik sufi məktəbinin ardıcıllarını Şamaxıda toplamağa imkan verəcək. Biz onda Azərbaycanın dünyadakı real diaspor potensialını görə biləcəyik. Mən Pir Ömər Avaxıli Şirvaninin qılıf türbəsi haqqında fikirlərimi mətbuatda yazmışam və əksər layihəçilərə göndərmişəm. Doğrudur, hələ indiyə qədər heç bir layihəçi mənim təklifimi layihəyə çevirməyib. Amma mən bir mədəni irs konservasiyası sahəsində mütəxəssis kimi öz fikrimdə qalıram. Qılıf türbə 15 metr hündürlüyündə kvadrat plana malik dəmir-beton konstruksiya olmalı, arxeoloji sahənin üzərinə keçirilməli və ağacı da içərisinə almalıdır. Türbənin qaranlıq və soyuq olması ölümü xatırlatmalı, sufinin nəfsinin ölümünə işarə etməlidir. Türbədə arxeoloji qalıqlar olduğu kimi saxlanmalı, qılıf türbənin divarlarında informasiya panelləri və tapılmış kitabələr yerləşdirilməli, həzin səslə xəlvətilərin hər səhər oxuduqları "Virdü-Səttar" duası səsləndirilməlidir. Qılıf türbənin fasadında "Pir Ömər Xəlvəti" adı Azərbaycan və ərəb dillərində yazıla bilər. Həmin yazı həm də pəncərə effekti verə və içəri gün işığı düşməsinə imkan verər. Qılıf türbənin təpəsində qırx dallı papağı simvolizə edən elementlər yer ala bilər. Düşünürəm ki, bütün rəmzlər yerinə otursa, dünyadakı xəlvətilər də doğru informasiya ala bilər.

Pir Ömərin qəbiri



 - Fariz bəy, siz bir elm xadimi, tarixçi və arxeoloq olmaqla yanaşı həm də Ağsu rayonu Gəgəli kəndinin bələdiyyə sədrisiniz. Tanınmış bir elm xadimi olan Fariz Xəlilliyə son illərdə həm də bələdiyyə sədri olmaq əlavə olaraq hansı təcrübələr qazandırdı?
 - Əslində həyata keçirdiyimiz bütün layihələrdə ən yaralı yerimiz icmaların layihələrə inteqrasiyası problemi idi. Məsələn, "Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı" layihəsində gördük ki, ətraf mühitin təmiz saxlanmamasının əsas problemi bələdiyyələrin üzərinə düşən işi yerinə yetirməməsi və icmaların onlara dəstək verməməsidir. “Kənd həyat tərzinin inkişafında qadınların rolu" layihəsində qadınların çox işləmələrinə rəğmən kəndlərin mədəni baxımdan inkişafında kənarda qalmaları və ya saxlanılmaları müşahidə olunurdu. "Tərəkəmə Çərşənbəsi" Beynəlxalq Folklor Festivalı kənddə qız uşaqlarının universitetlərdə oxumaq üçün motivə edildiyini ortaya çıxardı. Bütün bunları nəzərə alaraq bir alim kimi özüm sahəyə enməyə qərar verdim, seçkiyə qatıldım və Gəgəli bələdiyyəsinə üzv, 2021-ci ilin mart ayından da sədr kimi seçildim. Doğrudur, həm dövlət qurumları, həm özəl sektor, həm də icmalarda köhnə stereotipləri qırmaq çox çətindir. Qanunun aliliyinin təmin olunması üçün çox əziyyət çəkirik. Gəgəli bələdiyyəsini borclu bələdiyyədən gəlirli bələdiyyəyə çevirdik. Bu müddətdə çoxsaylı layihələr həyata keçirmişik və yeni layihələr üzərində işləyirik. İnanıram ki, bələdiyyəçilik mənə gələcək layihələrimdə fərqli baxış bucağı təqdim edəcəkdir.

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top