Brifinqdə Azərbaycan və Fransa XİN başçılarının Laçın dəhlizi müzakirəsi... - Video


Aprelin 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın xarici işlər naziri Katrin Kolonna ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, daha sonra isə nazirlərin birgə brifinqi keçirilib.
Brifinq zamanı XİN başçıları arasında Laçın yolundakı vəziyyətlə bağlı qarşılıqlı müzakirə olub.
Belə ki, K. Kolonna bildirib ki, Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasını pisləyirlər.O bildirib ki, danışıqlar zamanı bu və bu kimi bütün məsələlərə yenidən baxılmalıdır.
Kolonna, həmçinin Bayramovu Parisə səfərə dəvət edib.
Ceyhun Bayramov isə deyib ki, Laçın yolundakı vəziyyət ayrıca müzakirə olunub:
“Azərbaycanın atdığı birtərəfli addımlara gəldikdə, Azərbaycan açıq və şəffaf şəkildə öz konstitusiyasına uyğun olaraq, öz ərazilərində addım atıb. Bu addımdan iki il yarım öncə hər kəsə problemin mahiyyətini izah edib. Biz bu iki il yarım ərzində Fransadan Ermənistana üçtərəli sazişin tələblərini pozması ilə bağlı hər hansı çağırış görmədik. Ki, sizin 10 min nəfər silahlınız Azərbaycan Respublikasının ərazisindədir”.
Fransalı nazir bildirib ki, ölkəsi I Qarabağ müharibəsi zamanı Azərbaycanın itkilərindən və əzablarından, qaçqınlardan və insanların məhrumiyyətindən xəbərdardır:
“Münaqişədə, ilk növbədə, hər iki tərəfdən sadə adamlar əziyyət çəkirlər. Bizim çağırışlarımız ondan ibarətdir ki, bütün bunlar artıq olmasın və uzunmüddətli sülh bağlansın”, – deyə o vurğulayıb.
Katrin Kolonna hesab edir ki, Ermənistan və Azərbaycanın bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıması vacibdir. Onun fikrincə, bu, sülh müqaviləsinin əsasını təşkil etməlidir.
Kolonna Bakını dəhlizlə bağlı ABŞ və Fransanın mövqeyini nəzərə almağa çağırıb:
“Güc tətbiqindən və hərbi ritorikadan çəkinmək lazımdır. Biz Azərbaycan tərəfindən nəzarət-buraxılış məntəqəsinin yaradılmasını birmənalı şəkildə pisləyirik və hesab edirik ki, Bakı Beynəlxalq Məhkəmənin qərarını yerinə yetirməlidir”.
“Niyə 30 il ərzində Paris Azərbaycan torpaqlarının işğal edilməsini pisləməyib, Ermənistanı təcavüzkar adlandırmayıb?” sualına Katrin Kolonnanın cavabı belə olub:
“Fransa hər zaman məsləhət verməyə çalışıb, sülhü yaxınlaşdırmaq üçün kimisə pisləməyə yox”.
C.Bayramov isə deyib ki, Paris Minsk Qrupunun vasitəçisi kimi uzun illər Bakının erməni təcavüzünü pisləmək çağırışlarına məhəl qoymayıb:
“II Qarabağ müharibəsindən sonra Fransa neytrallıq nümayiş etdirmir. Beynəlxalq Məhkəmənin qərarlarını yerinə yetirməyə çağıran Fransa Ermənistandan 2020-ci il noyabr tarixli üçtərəfli sazişin müddəalarını yerinə yetirməyi və 10 min hərbçini Qarabağdan çıxarmağı tələb etmir”.
Fransa Xarici İşlər Nazirliyinin rəhbəri isə Laçın yolu ilə bağlı Beynəlxalq Məhkəmənin qərarlarının yerinə yetirilməsinin vacibliyini təkrarlayıb. O bildirib ki, bu jest qarşılıqlı etimadın formalaşmasını sürətləndirər”.

DİGƏR XƏBƏRLƏR

Top