
Aprelin 26-da Heydər Əliyev Mərkəzində XX əsrin məşhur rəssamlarından biri - Salvador Dalinin “Sürrealizm mənəm” adlı sərgisinin açılışı olub.
Yeniavaz.com xəbər verir ki, Salvador Dalinin Azərbaycanda ilk dəfə təqdim olunacaq əsərləri sırasında rəssamın qrafik əsərləri, şüşədən və bürüncdən hazırlanan heykəltəraşlıq nümunələri, eləcə də “canlı kətanlar”ı xatırladan multimedia yer alacaq.
Heydər Əliyev Mərkəzində nümayiş olunacaq əsərlər dünyada Salvador Dalinin orijinal işlərindən ibarət ən böyük kolleksiyalardan biridir.
Azərbaycanın “Synergy Partnership” şirkəti və Rusiyanın tanınmış “PS Gallery” qalereyasının təşəbbüsü ilə keçirilən sərginin əlamətdar hissəsindən biri də şüşədən hazırlanan sürrealist obyektlərin və rəssamın orijinal fotolarının nümayişi olacaq.
Sərgi aprelin 27-dən oktyabrın 8-dək ictimaiyyət üçün açıq olacaq. Biletləri aprelin 27-dən etibarən Heydər Əliyev Mərkəzinin kassasından əldə etmək olar.
Qeyd edək ki, Dalinin yaratdığı əsərlər surrealizm üslubundadır, rəssamın özü isə incəsənətin bu istiqamətinin ən parlaq və tanınmış nümayəndələrindən biridir. Salvador Dalinin əsərləri dünyanın ən böyük muzeylərində saxlanılaraq sürrealizmin klassikası sayılır.
Tətbiqimizi yükləyə bilərsiniz