Gəncədəki xəstəxanada yanğınla bağlı TƏBİB-dən açıqlama - Yenilənib


Məlum olduğu kimi, 26.04.2023-cü il tarixində saat 09:50 radələrində TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada elektrik şitində tüstülənmə baş verib.
TƏBİB-dən Yeniavaz.com-a verilən xəbərə görə, hadisə nəticəsində tibb müəssisəsinin Reanimasiya və Cərrahiyyə şöbələrində müalicə alan 8 pasiyent Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya, 10 pasiyent Abbas Səhhət adına xəstəxananın Yoluxucu şöbəsinə, 18 pasiyent Gəncə Perinatal Mərkəzinə, 1 pasiyent Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib.
Eyni zamanda tibb müəssisəsinin 3 əməkdaşı hadisə zamanı xəsarət alıb. Onlardan 2-si Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya, 1-i isə Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyətləri stabildir.
Qeyd edək ki, hazırda Abbas Səhhət adına xəstəxananın mərkəzi korpusunun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Məlumat üçün bildirək ki, xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədovanın ölüm səbəbi ilə bağlı tibbi ekspertiza təyin olunub. Nəticəsi barədə əlavə məlumat veriləcək.
Hadisə ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır.

***11:37
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərində yerləşən Abbas Səhhət adına 1 nömrəli Şəhər  Xəstəxanasında yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
Gəncə şəhər prokurorluğunun məlumatına görə, ilkin araşdırma zamanı xəstəxananın zirzəmisindəki elektrik şitində baş vermiş qısaqapanma nəticəsində tüstülənmə olması müəyyən edilib.
Hadisə nəticəsində xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədova ölüb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top