Böyük Britaniya, ABŞ və Aİ SEPAH üzvlərinə sanksiya tətbiq etdi


Böyük Britaniya, ABŞ və Avropa İttifaqı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH - İran Silahlı Qüvvələrinin elit hissəsi) dörd üzvünə insan haqlarının pozulmasında iştirak etdikləri və ya onlara yardım etdikləri üçün sanksiya tətbiq ediblər.
Yeniavaz.com
xəbər verir ki, sanksiya siyahısının yenilənmiş versiyası Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib və bu barədə İsveçin Aİ Şurasına sədrliyi də “Twitter”də məlumat yayıb.
Sanksiya siyahısına salınanlar və səbəbləri belədir:
İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Məhəmməd Nəzər Əzimi - Kirmanşah əyalətində etirazları qəddarcasına yatırtdığına görə;
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qərbi Azərbaycan əyalətindəki bölməsinin komandiri Həbib Şahsavari - Məhabad və Piranşəhrdə etiraz aksiyalarının yatırılmasına görə;
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Mərkəzi əyalətindəki komandiri Möhzən Kərimi - etirazların qəddarcasına yatırılmasına görə;
SEPAH-ın Kərbəla Əməliyyat Bazasının komandiri Əhməd Kadem - Xuzistan əyalətinin İze şəhərində etirazları qəddarcasına yatırdığına görə.
Qeyd olunub ki, sanksiyalara sözügedən şəxslərin Böyük Britaniyadakı maliyyə aktivlərinin dondurulması, həmçinin bu ölkəyə girişin qadağan edilməsi daxildir.
"İran rejimi İran xalqına qarşı amansız repressiyalara və qan tökülməsinə görə bütün dünyaya qarşı məsuliyyət daşıyır. Bu səbəbdən biz İrana qarşı, o cümlədən bütün SEPAH-a qarşı 300-dən çox sanksiya tətbiq etmişik", - xarici işlər naziri Ceyms Kleverli deyib.
"Bu gün Aİ İrana daha bir aydın siqnal göndərdi", - İsveçin Aİ Şurasına sədrliyinin bəyanatında deyilir.

DİGƏR XƏBƏRLƏR

Top