Prezident və xanımından İrəvanda qızıl medal qazanan Nuraya məktub


Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağır atletika üzrə Avropa çempionu Nuray Güngörə təbrik məktubu ünvanlayıb.
Yeniavaz.com
xəbər verir ki, məktubda deyilir:
"Əziz Nuray,
Ağır atletika üzrə Avropa çempionu adını qazanmağınız münasibətilə Sizi ürəkdən təbrik edirik.
İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında böyük qələbə əzmi ilə ölkənizi ləyaqətlə təmsil edərək möhtəşəm uğura imza atmağınız, Türkiyənin şanlı bayrağını yüksəklərə qaldırmağınız, Dövlət Himnini səsləndirməyiniz bizi çox sevindirdi və qürurlandırdı. Avropa birinciliyinin gərgin mübarizəsindən qalib çıxaraq medallarınızı Azərbaycana həsr etdiyiniz üçün də Sizə xüsusi təşəkkür edirik.
Sevincimizi və kədərimizi birgə paylaşdığımız qardaş Türkiyənin biz olmayan yerdə bizi təmsil etməsi bir millət, iki dövlət olmağımızı bir daha bütün dünyaya bariz şəkildə nümayiş etdirdi.
Biz Sizinlə fəxr edir, bundan sonra da yeni-yeni qələbələr diləyirik".
Qeyd edək ki, Ermənistanda davam edən Ağır atletika üzrə Avropa çempionatında 64 kq çəki dərəcəsində mübarizə aparan Nuray Güngör birdən qaldırmada 99 kq-da qızıl, təkanla qaldırmada 120 kq-da bürünc, ümumilikdə isə 219 kq qaldıraraq qızıl medal qazanıb.
N.Güngör “TRT Spor”a açıqlamasında azərbaycanlı idmançılardan bəhs edib:
“Azərbaycanlı qardaşlarımız üzülməsinlər, onlar yoxdursa, biz varıq. İstiqlal Marşımızı Ermənistanda oxutduğumuz üçün çox sevincliyik”.

DİGƏR XƏBƏRLƏR

Top