Mingəçevir Dövlət Dram Teatrı ölkədə bir ilkə imza atdı – Foto + Video


Peşəkar Azərbaycan Teatrının 150 illik, eləcə də Mingəçevir Dövlət Dram Teatrının 55 illik yubiley günlərində “Bir teatr - Bir festival” adlı müəllif layihəsi olan üç mərhələli birinci mono tamaşalar festivalının açılışı olub.
Yeniavaz.com
xəbər verir ki, açılış mərasimi ölkədə bu sahədə bir ilkə imza atan Mingəçevir Dövlət Dram Teatrında baş tutub.
Tədbirdə şəhər rəsmiləri ilə yanaşı, çox sayda teatrsevər, teatrşünas mütəxəssislər, Gəncə, Lənkəran teatrlarından, Regional Mədəniyyət İdarələrindən dəvət olunan qonaqlar iştirak edib.
Mingəçevir Dövlət Dram Teatrının direktoru, respublikanın əməkdar artisti və layihənin rəhbəri İntiqam Soltan festival barədə çıxış edərək onun 3 mərhələdən ibarət olacağını bildirib.
Həmçinin direktor onu da vurğulayıb ki, bu gün onlar Mingəçevir teatırının yeni vəsiqəsini təqdim etmək istəyir:
“Mən sizin qarşınızda söz verirəm ki, biz paytaxt teatrları ilə yarışa girib birinci üçlük uğrunda mübarizə aparıb və hansısa festivallarda qalib olacağıq. Mono tamaşalar festivalının indiki mərhələsində əsasən yerli izləyicilər və bəzi qonaqların iştirakı nəzərdə tutulursa, növbəti mərhələ ölkənin digər teatrlarını da əhatə edəcək. Sonuncu mərhələdə isə dünyada mono tamaşalar ənənəsinə malik teatrların Mingəçevirə dəvət olunaraq Azərbaycan mədəniyyətinin və teatr ənənələrinin onlar arasında təbliğ olunması nəzərdə tutulur”.
Açılış mərasimində “Teatırın Dostu” nominasiyası bir neçə teatrsevərlərə təqdim olunub.
Daha sonra tamaşalara baxış öncəsi, teatrla bağlantılı bir qrup şəxslər təltif olunub. Bundan sonra səhnə izləyicilərin ixtiyarına buraxılıb.
Tamaşadan sonra tanınmış teatrşünası-tənqidçi Anar Bürcəliyev festivalla bağlı Yeniavaz.com-a bildirib ki, əslində mono tamaşalar festivalının keçirilməsi çox yaxşı ənənədir:
“Mingəçevir Dövlət Dram Teatırı bu ənənəyə imza atan ilklərdən biridir. Bu da region teatrlarında aktyorların inkişafı üçün böyük bir stimuldur. Mono tamaşaların keçirilməsini biz həm də səhnədə rejissor, aktyor birliyində tamaşaçı ilə səhnə arasında olan boşluğun aradan qaldırılmasını görürük və buda əsas şərtlərdən biridir. Çox maraqlı bir haldır ki, hər bir aktyorun özünün yanaşma tərzi var. Mono tamaşada bir aktyor ifası olur və səhnənin hər bir nöqtəsi, hər bir mizanı aktyor üçün bir səhnə mizanıdır. Düşünürəm ki, bu gün təqdim olunan mono tamaşalarda aktyorlar özlərini qismən doğrulda bildilər. Bir çox qüsurlar da mövcud idi və bu qüsurların aradan qaldırılması növbəti tamaşalarda onlara böyük bir zəmin yaratmış olacaq. Bu nöqteyi-nəzərdən mən belə bir festivalın keçirilməsini alqışlayıram və Mingəçevir teatırının yaradıcı kollektivinə uğurlar arzulayıram”.
Qeyd edək ki, festival bir neçə gün davam edəcək.





Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top