
“Bayraq yandıranlar və onlarla fəxr edənlərə görə biz illərlə geri düşmüşük”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Ermənistanın hakim “Mülki müqavilə” partiyasının üzvü, deputat Arpi Davoyan özünün sosial şəbəkə hesabında yazıb.
“Əgər bayrağın yandırılması qəhrəmanlıqdırsa, o zaman həqiqi qəhrəmanlardan daha heç vaxt danışmayın:
Komandirin həyatını öz bədəni ilə xilas edən zabitdən, yaralı yoldaşlarını atəş altından çıxaran əsgərdən, uşağı yanan evdən çıxaran yanğınsöndürəndən, gecə növbətçiliyində olan və və insanların həyatını xilas edən həkimdən, bilik verən pedaqoqdan, asayişi qoruyan polis və dünyanı daha yaxşı bir yerə çevirmək üçün hər gün bir az qəhrəmanlıq göstərən bütün insanlar haqqında danışmağa cəsarət etməyin”, - Davoyan bildirib.
Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı erməni dizayner Aram Nikolyan Azərbaycan bayrağını yandırıb.
Əvvəlcə vəkil Aleksandr Koçubayev Nikolyanın polis şöbəsinə gətirildiyini və ona qarşı xuliqanlıq maddəsi ilə cinayət işi başlandığını yazıb.
Lakin o daha sonra açıqlama verərək, istintaq orqanının cinayət işi açmaqdan imtina etdiyini bildirib.
Aram Nikolyan polis şöbəsindən buraxılarkən, binanın qarşısında təntənə ilə qarşılanıb.
Artıq Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi ağır atletika üzrə Avropa çempionatı üçün Ermənistanda olan Azərbaycan idmançılarının yarışda iştirak etmədən vətənə qayıtması ilə bağlı qərar qəbul edib. Qurumlar Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiya tətbiq etməyə çağırıblar.