İrana müalicə üçün gedən azərbaycanlıların həbs edildiyi bildirilir


Naxçıvanın Şərur rayonunundan olan Vüsal Quliyev və Rövşən Seyid İranda həbs olunublar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı "Abzas Media"ya Vüsal Quliyevin atası Firudin Quliyev verib.
Onun sözlərinə görə, oğlu martın 21-i dostunun müalicəsi üçün onunla birlikdə İrana gedib, 5 gün sonra əlaqə kəsilib:
“Bu günlərdə oğlum evə zəng edib, deyib ki, guya Təbrizdə Azərbaycan bayrağı qaldırdığı üçün onu tutublar. Onun bayraq qaldırmasına inanmıram. O, bir tikə çörəyə görə ora-bura qaçan adamdır. Deyib ki, neçə gündür ifadəsini alırlar, Maku şəhərində türmədə saxlayırlar. Dedilər, 1600 manat cəriməsi var, cərimə edib buraxacaqlar. Biz də heç hara müraciət etmədik, pulu düzəldib göndərdik, ancaq buraxılmayıb, buraxılacağına da inanmıram”.
Azərbaycan Xarici İşlər Nazirliyi məlumat almaq istəyən mətbuat orqanının zənglərini cavablandırmayıb.
Bundan əvvəl fevralın 20-də Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərli İrana səfərə getdikdən sonra martın 4-dən etibarən ondan xəbər alınması mümkün olmayıb. Yaxınları Fərid Səfərlinin İranda saxlanılmasını ehtimal edirlər. Məsələnin aydınlaşdırılması üçün  Azərbaycan Xarici İşlər Nazirliyi İranın Azərbaycandakı səfirliyinə nota ünvanlayıb.

DİGƏR XƏBƏRLƏR

Top