"6 ay idi evlənmişdi, şəhid olmamışdan 2 gün əvvəl gəlmişdi evə..."


“6 ay idi evlənmişdi. Şəhid olmamışdan 2 gün əvvəl gəlmişdi evə, o da son görüş oldu. Gülə-gülə getdi”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri aprelin 11-də Azərbaycan-Ermənistan arasında növbəti hərbi insidentdən sonra həlak olan hərbçilərdən biri - Elşad Həsənovun əmisi Gündüz Həsənov Abzas Media-ya danışarkən deyib. O bildirir ki, gizir E.Həsənov 6 ildir müddətdən artıq hərbi xidmətdə idi. Hərbçi İkinci Qarabağ Müharibəsində Laçında xidmət edib.

"Özünün hərbiyə çox marağı var idi. MAXE işləyə-işləyə gizirlik oxudu” - mərhumun əmisi deyir.

Aprelin 11-də baş verən atışmada Azərbaycanın 3 hərbçisi həlak olub.

Həyatını itirən hərbçilərin hər biri müddətdən artıq hərbi xidmətdə olublar. 

Onlardan gizir Vidadi Zalovun əmisi oğlu Qurban Zalov deyir ki,  hərbçi 11 il imiş orduda xidmət edirmiş:

“Vidadi Aprel döyüşlərində də, İkinci Qarabağ Müharibəsində də iştirak edib. Döyüşlərdə iştirakına görə müxtəlif mükafatlar alıb. Evli idi, iki övladı var idi. Şəhid olmamışdan bir neçə saat əvvəl evlə danışıb”.

Səbuhi Tağıyevin dayısı oğlu deyir ki, həlak olmamışdan 5-6 saat əvvəl ailəsilə görüntülü danışıb.

"Vətənə canımız qurban, vətən yolunda şəhid olub” - hərbçinin dayısı oğlu əlavə edir.

Aprelin 11-də Azərbaycan-Ermənistan arasında növbəti hərbi gərginlik yaşanıb. Tərəflər bir-birini təxribatda ittiham ediblər. Hər iki ölkənin Müdafiə Nazirliklərinin rəsmi məlumatlarında qeyd olunur ki, Azərbaycan tərəfdən 3, Ermənistandan 4 hərbçi həyatını itirib. Azərbaycan 4 hərbçisinin, Ermənistan isə 6 hərbi qulluqçusunun yaralandığını açıqlayıb.

2020-ci ilin sentyabrında iki ölkə arasında başlayan müharibə 10 noyabrda imzalanan bəyanatla  bitsə də, müharibədən sonra qısamüddətli insidentlərdə həm Azərbaycan, həm də Ermənistan tərəfdən xeyli sayda hərbçi həyatını itirib.

DİGƏR XƏBƏRLƏR

Top