Müsəlman Birliyi Hərəkatının üzvü saxlanıldı - Rəsmi + Video


“Bu ölkədə həbs etmək üçün səbəbə ehtiyac yoxdur. Durduğu yerdə yoldaşımı tutub apardılar, bilmirik necə olacaq".

Yeniavaz.com xəbər verir ki, bunu "Abzas media"ya Binədə, 3 saylı Polis Şöbəsinin qarşısında yoldaşı, Müsəlman Birliyi Hərəkatının üzvü Tərlan Sayadovun aqibətinin necə olacağı ilə bağlı narahat olan xanımı Nübar Sayadova deyir.

N. Sayadova bildirir ki, onlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərdəkan şöbəsinə yoldaşının hərbi biletini götürmək üçün gediblər və elə oradaca polis əməkdaşları yoldaşını saxlayıblar:

"İki maşın gəlmişdi, düşdülər bizim maşının ətrafında fırlandılar, yoldaşım çıxan kimi tutdular. Həbs olunmasını gözləyirdik, ancaq bu gün olacağını gözləmirdik. Yoldaşım dini məclislərdə iştirak edib, Müsəlman Birliyi Hərəkatının üzvüdür, ancaq bu, həbs edilməsi üçün səbəb deyil. Polis hələ heç nə demir”.

Tərlan Sayadovun anası Məhbubə Sayadova deyir ki, oğlu günahsız həbs olunub:

“Mən anasıyam, üç nəvəm var, özüm də onkoloji xəstəyəm. Mənim oğlumu günahsız apardılar. Dindar olduğu üçün tutulub, dindarların hamısını tuturlar. Mən haqqımı sona qədər tələb edəcəm. Ya bölmənin qabağında özümü yandıracam, ya da oğlumu buraxsınlar”.

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev Tərlan Sayadovun saxlanıldığını təsdiqləyib. Hacıyev bildirib ki, Tərlan Sayadov barəsində daxil olan məlumat əsasında saxlanılıb, araşdırma aparılır. Amma DİN sözçüsü inanclı şəxs barəsində hansı məlumatın daxil olduğu ilə bağlı məlumat verməyib.

Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra iki ölkə arasında münasibətlər pisləşib. İran tərəfi hadisənin şəxsi zəmində baş verdiyini açıqlasa da, Azərbaycan hökuməti bunu inandırıcı saymayıb. Ardınca 28 martda deputat Fazil Mustafaya evinin qarşısında silahlı hücum olub. O, ayağından və çiynindən güllə yarası alaraq xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb. Hüquq-mühafizə orqanları bu şəxslərin İrana ardıcıl səfər etdiklərini vurğulayıblar.

İranla münasibətlərin pisləşməsi fonunda Azərbaycanda dindarların kütləvi həbsi başlayıb. Bu ilin yanvarından başlayaraq Müsəlman Birliyi Hərəkatının 23 üzvü həbs olunub. Hərəkatın ümumilikdə 47 üzvü həbsdədir.

DİGƏR XƏBƏRLƏR

Top