
İranın Xuzistan, Ərdəbil və Qərbi Azərbaycan əyalətlərində onlarla tələbə qız zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com İran mətbuatına istinadla xəbər verir ki, ölkədə tələbə qızların zəhərlənməsi halları Novruz tətilinin bitməsi ilə yenidən başlayıb.
Səlahiyyətlilər xəstəxanaya aparılan bir çox tələbədə nəfəs darlığı və baş ağrısı əlamətlərinin olduğunu bildiriblər.
"Sharghdaily" xəbər saytında Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində qızlar məktəbində bəzi şagirdlərin zəhərləndiyi bildirilib.
Məktəbdə buraxılan qazdan şagirdlərin zəhərləndiyi bildirilsə də, xəstəxanaya yerləşdirilən şagirdlərin sayı ilə bağlı açıqlama verilməyib.
Qeyd edək ki, 2022-ci il noyabrın 30-dan İranda əsasən qız tələbələrin təhsil aldığı məktəblərdə kütləvi zəhərlənmə halları baş verib.
Şagirdlərdə tənəffüs çətinliyi, ürəkbulanma, baş ağrısı və ətraflarda uyuşma kimi simptomlar müşahidə olunur. İndiyədək 238 məktəbdə 5 mindən çox şagird zəhərlənib.
İran Daxili İşlər Nazirliyi martın 11-də verdiyi yazılı açıqlamada Tehran, Qum, Zəncan, Xuzistan, Həmədan, Fars, Gilan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan məktəblərində kütləvi zəhərlənmə hadisələrində 100-dən çox insanın şübhəli bilindiyini açıqlayıb. Təbriz, Kürdüstan və Rəzəvi Xorasan vilayətlərində çox sayda adamın saxlanıldığı bildiriib.
Tətbiqimizi yükləyə bilərsiniz