“Əlində olan kapitalı insan kapitalına çevirə bilən xalq zəngin xalqdır” - Müsahibə


Əgər soruşsanız ki, bu müsahibədən hansı təəssüratları aldın? Deyərdim ki, Nazim Əkbərovla müsahibədə yaşayan bir tarixlə, dərdli bir el ağsaqqalı ilə həmsöhbət oldum, onu dinlədim, onunla yaxın və uzaq tariximizə səyahət elədik. Müsahibimizin yaxın günlərdə çapdan çıxan yeni kitabı "Pərvanə ömrü" haqqında danışdıq.
Sözü çox uzatmadan sizi dəyərli ziyalımız, el ağsaqqalı Nazim Əkbərovun Yeniavaz.com-a verdiyi müsahibə ilə baş-başa buraxırıq…
 - Nə üçün “Pərvanə ömrü”? Pərvanələrin ömrü çox qısa olur, bəzən bir gün, bəzən bir-iki gün. Amma Hacı Zeynalabdin Tağıyev xeyli uzun ömür yaşayıb. Romanın adı – “Pərvanə ömrü” ilə Hacının uzun ömür yaşaması ziddiyyətli deyilmi?
 - Bəli, pərvanə az yaşayır. Ancaq yaşadığı o ömrü mənalı yaşayır, eşqi üçün yaşayır. Pərvanə atəşin başına dolanır, dolanır, sonra da qanıdını o atəşdə yandırır, özü də o atəşdə yanır. Doğrudur, tarixi sənədlərdə Tağıyevin 75-76 il yaşadığı bildirilir. 1838-40-cı illərdə doğulduğu, 1923-cü ildə də vəfat etdiyi göstərilir. Bu az ömür deyil. Onun bütün ömrü bir növ pərvanə ömrü kimi olubdur. Onun ömrü öz xalqı, onun inkişafı, mədəniyyəti yolunda keçibdir. Təsəvvür edin, ölkəsi işğal olunub, millətin heç bir hüququ qalmayıb, savadı sıfır dərəcəsində, onu idarə edənlər tamamilə yad ellilərdir. O burulğandan, o bataqlıqdan çıxmaq üçün yol lazımdır. Bu yolu axtarır. Ancaq özü də məktəbdə oxumadığı üçün, özünün də təhsili buna yol vermədiyi üçün bir az çaş-baş vəziyyətdədir. Buna görə də onun həyatında ziddiyyətlər də vardı. Yəni o həyatda düz xətt üzrə davam edən bir yol getməyib. Onun da düşən, qalxan vaxtları olubdur. Ən sonda da Azərbaycanın faciəsi ilə Tağıyevin ailəsinin faciəsi bir yerdə birləşirlər. Onu da inşallah qismət olarsa, trilogiyanın son kitabında işləməyi nəzərdə tuturam. Materiallar var. Bu mənada Tağıyev çox ibrətamiz insandır. O vaxtın milyonçularının əksəriyyəti Tağıyevin getdiyi, keçdiyi yolu keçiblər. Mən də çalışmışam ki, bacardıqca kitabda onları əks etdirim.

 - Romanda illər sonra yolun bəri tərəfindən tarix muzeyinin binasına baxan Sara Tağıyevanın (Hacı Zeynalabdin Tağıyevin qızı) epizodu var. Məlumdur ki, Sara Tağıyeva tarix muzeyinin binasına deyil, əslində dünyaya gözlərini açdığı öz ata yurduna, doğma evlərinə baxırdı. Sara xanım bu binaya (öz ata evinə) baxarkən oradan qoparılmış, əllərindən alınmış və həsrət dolu o əvvəlki günləri xatırlayırdı. Sizcə, Sara xanımın romandakı bu epizodu o dövrlər üçün həm də dili, məbədi, mədəniyyəti və keçmişi əlindən alınmış bütün bir xalqı təmsil edirdimi?
 - Tamamilə doğrudur. Birincisi mən bir sirri açım. Həm oxucularımıza, həm sizə. Sara xanımın vəfatı orda romanda təsvir edildiyi kimi Natəvanın heykəlinin yanında olmayıb. Sara xanım evində vəfat edib. Ama Sona xanım (Hacı Zeynalabdin Tağıyevin xanımı) orda, Natəvanın heykəlinin yanında vəfat edib. Bunu bir az obrazlı şəkildə ifadə eləmək üçün, yəni talelər bir-birini davam etdirir, bir-birinə birləşir, qaçılmaz hala gəlir, bu mənada bunları bir az birləşdirmişəm. Ama o ki qaldı bunların tarix muzeyinin qarşısına gəlməsinə, bu bir az da dediyiniz kimi simvolikdir. Nədir simvolik? Baxın, Hacı Zeynalabdin Tağıyev tarixi şəxsiyyətdir. Onun tikdiyi bina, yaşadığı ev indi nədir? Azərbaycan tarixi muzeyidir. Yəni Hacı Zeynalabdin Tağıyev və onun qarşısında dayanan Azərbaycanın tarixi. Sona xanım və Sara xanım gəlirlər həm öz həyat yollarına baxırlar, həm də bir növ Azərbaycanın keçən yoluna işıq salırlar, projektor salıb oraya baxırlar. O bina bir növ adı ilə Azərbaycan tarixi muzeyidir. Həm də simvolik olaraq Azərbaycanın tarixidir. Və bunların ora buraxılmamağı da, ora girə bilməmələri, kənardan baxıb qalmaları bir növü simvolik verilibdir. Və həqiqətən də elədir. Bizim Azərbaycan tarixi haqqında hələ bilmədiyimiz o qədər şeylər var ki. Əlimizdə bəlkədə minlərlə, on minlərlə tarixi əsərlər var. Ama yenə də tariximizi bilmirik. Hələ o evə girə bilmirik. Hələ girə bilməmişik. Hələ onun astanasındayıq.
 - Birinci kitabın adı böyük şairimiz Füzulinin bir qəzəlindən bir ifadə ilə adlandırılmışdır – “Düşmən qəvi, tale zəbun”. Niyə? Oxucuların bir qisminin anlamadığı bu ifadəyə nə lüzum var idi?
 - Düz deyirsiniz - oxucularımızın anlamadığı... O adamı başqa tərəfdən üzür. Gərək heç olmasa, Füzulinin ən məşhur qəzəlinin bu hissəsini əhalinin yarısı bilsin. Ancaq bilmir. “Düşmən qəvi, tale zəbun” Hacı Zeynalabdin Tağıyevin yeniyetməlik dövrünü əhatə edən birinci kitabın adıdır. Nəyə görə bu adı seçdim? Çünki o dövr Gülüstan və Türkmənçay müqavilələrinin bağlandığı dövrdür. Azərbaycanın başının üstündə duran yeni ağalar var, o bir zülm altındadır. Onun mənəvi dəyərlərini pozmağa çalışırlar, onun dilini pozmağa çalışırlar, məktəblərini əlindən almağa, özlərininkini qurmağa çalışırlar. Yəni zülmlə yoğurulmuş tarixi bir dövr var. Yəni düşmən qəvidi, tale də zəbundur. Zəifdir, acizdir, qarşısına çıxa bilmir, heç bir şey edə bilmir. Birinci kitab təqribən Azərbaycanın Çar Rusiyası tərəfindən işğalından ta Şeyx Şamil hərəkatının məğlubiyyətə uğramasına qədərki dövrü əhatə edir. Böyük Qafqazda Şeyx Şamil dayanıb onların qarşısını qismən alırdı. Tam hakimiyyəti əldə edə bilmirdilər. Şeyx Şamilin məğlubiyyəti ilə artıq Qafqaz düşmən qəvi, tale zəbun halına düşdü.

 - Kitabı trilogiya şəklində təqdim edirsiniz. Nə üçün bu formaya müraciət etmisiniz?
 - Trilogiya dediyin elədir ki, hər üç kitab ayrı-ayrılıqda bir kitabdır. Ama bunların ümumi xətti birdir. Necə ki, kitabın adı “Pərvanə ömrü”dür. Bu həm də üç kitabın ümumi adıdır. Həmçinin hər üç kitabın ayrı-ayrı adları vardır. Müstəqil kitab kimi də onu oxuya bilirsən. Birini oxudun, məcbur deyilsən hamısını oxumağa. Ancaq hamısını oxuyarsansa, nə gözəl.
 - Birinci kitabın hələlik birinci cildi nəşr olunub və 500 səhifədən ibarətdir. Bu o deməkdir ki, ikinci cild də təqribən bu həcmdə olacaq. Əgər sonrakı iki kitab da bu həcmdə olacaqsa, oxucuları yormaqdan qorxmursunuzmu?
 - Bilirsiz, hər şey dərddən asılıdır. Böyük dərdi beş-altı cümlə ilə ifadə eləmək olmur. Sözümün əvvəlində dedim, Azərbaycanın yüz illik bir dərdi vardı. Bu biri yüz ili hələ demirəm. Sovet dövrünü hələ demirəm. Çarizm dövründə olan dərdi var. Bu dərdi danışmaq lazım idi. Dərdli də danışqan olar da. Elə deyil? İndiyə qədər kitabı oxuyanlar çox sürətlə oxuyub bitiriblər. Böyük adamlar haqqında kiçik söz demək doğru deyil. Əgər Tağıyev kimi böyük adamdan danışırsansa, o zaman böyük söz deməlisən. O böyük sözü deməyi bacaracaqsan, ya bacarmayacaqsan, bu məsələnin ayrı tərəfidir. Ama Tağıyev haqqında kiçik söz demək də olar, böyük söz demək də... Tağıyev və onun ətrafında olan digərləri, həmçinin bu dövrdə yaşanan hadisələr çox qəribə, çox ziddiyyətli bir dövrü əhatə edir. Bu dövr bizim XIX-XX əsr tariximizin elə nümayəndələrinin yaşadığı, elə hadisələrin cərəyan etdiyi zaman dilimidir ki, o dövrü aşmadan bügünkü nəslə keçilən dövrü başa salmaq olmur.
 - Bu dövrlər həm də dənizdən dənizə Böyük Ermənistan xülyalarının qurulduğu dövrlərdir... Bu haqda nə deyərdiniz?
 - İlk dəfə arxiv sənədlərini işləyərkən rast gəldim ki, deməli ermənilərin qafqaza, xüsusən Azərbaycana və Bakıya gətirilməsinin altında məqsəd vardı. Rus İmperiyası ermənilərə söz verir ki, sizə dənizdən dənizə Böyük Ermənistan quracam, Bakını da sizə paytaxt edəcəm. Baxın bütün proseslər bunun üzərində gedir. İstər 1905-ci ildə baş verən erməni-müsəlman müharibəsi, ondan sonrakı dövrlərdə Sentrokaspi höküməti, 26 Bakı komissarları və s. erməni müsəlman arasında gedən müharibələr, hətta sonrakı dövrlərdə sovet dönəmində Azərbaycanı burdan Qazağıstana köçürtmək belə yenə həmin planın bir tərkib hissəsi idi. Buranı boşaltmaq, müsəlmanları burda qırıb qurtarmaq, yaxud qaçırtmaq, torpaqları ermənilərə vermək ki, tam arxayınçılıq olsun. Bir növ özlərinə bufer zona düzəldirdilər. Ama sonra baxdılar ki, ermənilər də el arasında deyilən söz kimi daha çox ağ eləyirlər. Bir az onların əl-ayağını yığmağa məcbur oldular. Və Allah elə bir plan qurdu ki, bunlar özləri çıxıb getdilər. Çox qəribə bir şey oldu. O tarixə nəzər salanda, faktlarla tanış olanda adam dəhşətə gəlir. Deyirsən, bunları bura gətirib yerləşdiriblər. Bunları burda bəsləyiblər. Bunlara təlimlər veriblər. Bunlara yol göstəriblər. Hər cür imkanlar veriblər və birdən birə elə oldu ki onlar köçüb getməli oldular. Bəndənin planı olduğu kimi Allahın (c.c) da öz planı var. Allah (c.c) da öz planını yerinə yetirir.

 - Romanda dini məsələlərə də toxunursunuz. Bu müxtəlif düşüncəli, müxtəlif ideyalı oxucuları yormazmı? Axı oxucuların hamısı bu mövzulara maraq göstərməyə bilər?
 - Bizim nəslin uşaqlıq dövrləri, təxminən 1950-ci illərin sonu, 60-cı illərin başını əhatə edirdi. O dövrlərdə radio və televiziyanın olmadığı, internetin olmadığı bir həyat vardı. Mənim yadıma gəlir ki, bizim məhlədə, yaşadığım şəhərdə hər məhəllənin öz məscidi vardı. Axşamlar kişilər gedirdilər, xüsusən qış, yaz, payız dövlərində məscidə yığışırdılar. Orada söhbət edirdilər. Qadınlar da başqa yerdə yığışırdılar. Çünki axşam uzun qış gecələrini başa vermək lazım. Bunların bir söhbətə ehtiyacı vardı. Söhbət eləmək istəyirdilər. Bunlar harada söhbət eləyəcəklər? Məsciddə gedib söhbət edirdilər. Məscidlər bizim bir növü camaatın toplanan, dərdləşən bir-birilərinə dədlərini, sevinclərini paylaşdıqları bir məkan olurdu. Ona görə romanda hadisələr çoxu bu kimi məkanlarla gedir. Məsələn himmət məsələsi var. Himmət məsələsi bizim əxlaqımızda çox dərin kök salmış bir hadisədir. Himmət dediyin, yəni toplaşıb bir xeyriyyə işi üçün pul toplayıb o xeyriyyə işini görmək üçün atılan addımın adıdır. Bu sonraları bizdə unudulub. Hacı Zeynalabdin Tağıyevlər, Aşurbəyovlar, onlar bunu yenidən dirçəltməyə çalışıblar. Buna görə nə qədər çətinliklərlə üzləşiblər. Onlar hamısı həmən söhbətlərin, toplantıların, dərdləşmənin, dərdi ifadə etmənin meyvələridirlər.  Bir də əgər XIX əsrdən söhbət gedirsə, bu dövrləri XX ya da XXI əsrlə müqayisə etmək olmaz. Din amili cəmiyyətin, insanların dünyasında böyük rola sahib idi. Bu da təbii olaraq romanda yer-yer öz əksini tapıb.
 - Romanda çoxlu erməni obrazı var. Adama elə gəlir ki, Bakı bu millətin nümayəndələri ilə dolu olub. Bu nə ilə əlaqədardır?
 - Əslində bu bir faktdır. İran və Osmanlı ilə münasibətlərdə hərbi münaqişələrdə təqribən 90 min erməni qafqaza gətirilib. Bunların çoxu da bura ailəli gəliblər. 90 min ailə gətirməkdə məqsəd nədir? İmperiya genişlənir. Bir əli ilə Qafqazı tutur, bir əli ilə Avsrtya və Macarıstan müharibəsi aparır. Bir əlini dikib Orta Asiyaya, oranı işğal eliyəcəkdi. Yermakı göndərib Sibirə. Bunun adamı yoxdur, adamı çatmır buna. Adam çatmadığı üçün buna etibarlı adamlar lazımdır. Etibarlı adam kimdir? Eyni xristian dininə mənsub olanlar. Təsəvvür eləyin Bakıda Ermənikənd deyilən böyük bir ərazi var idi. Özlərinin gücü çatmadığı üçün xüsusən neft sənayesindəki bütün işçi qüvvəsində ağırlığı ermənilərə vermişdilər. Ermənilər bunların əvəzinə işləyirdilər. Neft çıxarırdılar, neft daşıyırdılar, satırdılar. Gəlirini də imperiyaya ödəyirdilər. Həqiqətən də elə idi. Statistik rəqəmlər var. XIX əsrin ortalarına qədər Bakıda müsəlman əhali 70 faiz təşkil eləyir. 1840-50-ci illərdə birdən birə müsəlman əhalinin sayı azalaraq 40 faizə düşür. Təsəvvür eləyin bu illərdə Bakıda 40-42 faiz müsəlman əhali olur. Qalanları digər xalqlar olur. İrandan gələnlər var. Düzdür onlar da müsəlman sayılır. Ama yerli əhali deyillər. Yəhudilər var, ruslar var, ermənilər var, ingilislər var, var ki var. Hər şey var. Ama azərbaycanlıları sıxışdırırlar. Onların sayı azalır. Bir tərəfdən onlar məcbur olub buralardan köçürlər. Təzyiqə dözə bilmədən köçənlər var. İran ərazisinə köçürlər. Osmanlı ərazisinə, Osmanlı dövlətinə köçürlər, Rusiyaya, Avropaya, ora-bura gedənlər var. Bir tərəfdən də əhalinin təbii azalması gedir. Oyandan da digər dinin mənsubları çoxalır. Yəni bunlar tarixdə olan faktlardır.
 - Romanda diqqəti cəlb edən bir üslub da var. Bəzən obrazları rusca, bəzən ermənicə danışdırırsınız. Nə üçün?
 - Kitabda bəzi obrazları rusca danışdırmağa məcbur oldum. Çünki adam azərbaycanca danışmır. Rusca danışır. Romanda ermənicə bəzi ifadələr var. Elə şeylərdir ki, onlar öz erməniliklərini ifadə eləməlidirlər. Xarakterik xüsusiyyətlərini ortaya qoymalıdırlar. Ona ədəbi üslub kimi verməyə məcbur olmuşam. Məncə pis olmayıb. Bilmirəm, oxucular bunu necə qarşılayacaq? Burada həmçinin daş yonan erməni Xoren, Razmik və başqaları da var ki, onlar da erməni ağzı ilə Azərbaycan dilində və Azərbaycan şivəsində danışırlar. Çox qəribə bir tarix keçmişik. Qəribə tarixi də gərək dərk eləyək.

 - Neft, qaz və bu kimi təbii sərvətlər həm də tükənən sərvətlərə daxil edilir. Bu sərvət, yaxud resurs artıq yüz ildən çoxdur ki torpaqlarımızdan çıxarılır. Sizcə hansısa başqa sərvətlərimiz varmı ki, biz hələ ondan istifadə etmirik, hələ onun varlğının fərqində deyilik?
 - Var. Prezidentimizin bir sözü var: “Neft kapitalını insan kapitalına çevirək”. Bu həqiqətən çox böyük sözdür. Təkcə neft kapitalı da deyil. Hansı kapitalı götürürsən götür, əgər bir xalq əlində olan kapitalı insan kapitalına çevirə bilirsə, o artıq zəngin xalqdır. Biz, neft kapitalını insan kapitalına çevirməyi bacarmalıyıq. Onu nə cür çevirəcəyik? Bunun yolları baş-başqadır. Bu barədə ayrıca danışmaq olar. Bunun üzərinə bəlkə mükalimə aparmaq olar. Bu ayrı söhbətdir. Ancaq birinci növbədə biz, əlimizdə olan imkanlardan insan yetişdirməyə yönəlməliyik. Əlimizdə nə var? Bu gün beş manat var. O beş manatı insan yetişdirməyə yönəltməliyik. Sabahları beş milyard var. O beş milyardı yönləndirməliyik ora. Biz əlimizdə olan kapitalı insan kapitalına çevirməyi bacarsaq, bu sözü prezident deyibsə, hamımız deyək ki, bu sözü o deyib, o çevirsin. Məsələ belə deyil. Bütün xalq, bütün insanlar hamısı bunun üzərində düşünməlidir. Bu günləri deyək ki, mənim cibimdə 100 manat var. Bu yüz manatın neçəsi mənim ailəmin bugünkü ehtiyacını ödəmək üçündür? Qalanını mən nə edim ki insan yetişdirməyə yönəlsin? Biz uşağımızın əlindən yapışıb bir kitab maqazininə aparsaq, sabah bir teatra aparsaq, o biri gün gözəl tamaşalara, gözəl filmlərə, məsələn axşamları oturub onlarnan belə ailəynən bir kitabı müzakirə eləsək, qəşəng söhbətlər etsək, bunları eləmədikcə, dediyimiz o sərvətə yönələ bilməyəcəyik. Neft axacaq gedəcək, neftdən başqaları istifadə edəcək, bizdə ordan bizə düşən 5 faiz, 10 faiz, 15 faiz nədisə o faizi alıb gündəlik ehtiyaclarımızı ödəyəcəyik.
 - Nazim müəllim, növbəti sualı həm öz ölkəmiz üçün, həm də ümumi məzmunda verilən sual kimi də anlamaq olar. Belə ki, neft ölkəsi olub neftdən başqa digər sahələrin inkişaf etməməsi nədən qaynaqlanır? Məlumdur ki, belə bir tendensiyanı yaşayan bir sıra ölkələr var. Bir girdaba yaxalanmadan, belə bir tendensiyası aşa bilmiş ölkələrdən nə kimi nümunələr götürə bilərik?
 - Bu tamamilə iqtisadiyyatla bağlı məsələdir. Mən də iqtisadçı olmadığım üçün bu suala geniş cavab versəm, çoxlu səhvə yol verəcəyəm. Ama yenə də mən təhsil işçisiyəm. Mən belə hesab edirəm ki, yenə də təhsil. Yenə də təhsil. Bəzən sənədli filmlərə baxıram. Adam götürüb kamerasını, maşını, gedib Afrikanın çölündə 3 il, 4 il, 5 il bir tısbağanın həyatını çəkir, onu müşahidə edir. Adam heyrət edir. Mən bir dəfə Naxçıvanda birinə rast gəldim. Bizdə Batabat dağı var məşhur. Mən bir gün o tərəfə gedirdim. İki nəfər də qoca rus ər-arvad oturmuşdu. Məndən bəzi şeyləri soruşdular. Mən də bunlara rusca izah etməyə çalışırdım. Deyirəm, siz nə yaxşı Batabata gedirsiniz? Dedi ki, biz öyrəndik ki, sizin Batabatda bir kəpənək növü var. Biz onu təzə kəşf eləmişik. Gedirik o kəpənəyi öyrənək. Əvvəlcə belə heyrətlə baxdım. Dedim, bunların hərəsinin 70 yaşı var. Gedib kəpənək öyrənir. İşin gücün yoxdur sənin? Ama sonraları yaşa dolduqdan sonra başa düşdüm ki, bəli, insan həyatı elə olmalıdır. Bizim mənəvi qaynaqlarımızda nə deyir: “Beşikdən məzaracan oxu, öyrən”. O da məzaracan öyrənir də. Rusiyanın harasındansa gəlib Naxçıvanın Batabatına qalxacaq, ordakı kəpənəyi öyrənəcək. Biz isə o kəpənəyi tutub öldürürük. Heç fərqinə də varmırıq. Söhbət ondan gedir ki, biz tədqiqat aparmağa öyrənməyə vərdiş eləməliyik. Vaxtımızı belə boş-boş seriallara, boş-boş oyunlara, bizə heç bir faydası olmayan o qədər işə sərf edirik ki, vətənimizə, torpağımıza, millətimizə sərf eləməyə bir saniyəmiz belə qalmır.

 - Digər xanlıqlardan sonra Bakı xanlığını da işğal etməyə gələn Sisianova onun öldürüldüyü yerdə, Bakının Qala qapısın yaxınlığında adına abidə ucaldılmışdı. Sonra həmin abidə dağıdıldı. Daha sonraları yenə Stepan Şaumyana, Sergey Mironoviç Kirova Bakının dağüstü pakında heykəl qoyduq. 1918-ildə erməni qırğınında şəhid olmuş Bakı əhlinin qəbirlərini dağıdıb, yerində Kirovun şərəfinə park saldıq. Sizcə, unutqanlığımızın səbəbi nədir?
 - Birincisi mən, hər hansı tarixi abidənin yıxılması, dağılması, uçulmasının əleyhinəyəm. Mənim şəxsi fikrimdir. Razı olanlar da ola bilər, olmayanlar da ola bilər. Kaşki Sisianovun da abidəsi qalardı. Mən aparardım nəvəmi, deyərdim ki, bax bu Sisianov var ha, bizi işğal etməyə gələn ordunun başında bu gəlibdir. O da maraqlanardı Sisianov haqqında öyrənərdi, o Sisianov haqqında öyrənəndə Bakının işğalını, Gəncənin işğalını, Cavad xanın qətli və s. bunları da öyrənmiş olacaqdı. Yaxud dediyiniz həmən o abidələr. Niyə abidələri biz uçururuq. Anlaya bilmirəm mən. Bir şey ki, bunlar bizim keçdiyimiz yolda atdığımız addımların izləridir. Bunları niyə uçurduruq. Niyə dağıdırıq? Ama dediyiniz kimi dağıdıblar. Sovet höküməti gəlib Çar dövründən qalanları dağıdıb. Komunist partiyası gedib, müstəqilliyimizi qazanmışıq. Bu zaman biz Sovet dövründən qalanların bəzilərini dağıtmışıq. Bunlar doğru hərəkət deyillər. Heç biri doğru hərəkət deyil. Ona görə mənə bu fürsət verilmişkən bu fikrimi də gənclərə xüsusilə çatdırmaq istəyirəm. Tarixi abidələri dağıtmaq yox, tarixi abidələri öyrənmək lazımdır. Kimin abidəsi olur, olsun.
 - Naxçıvanda kitabəsi üç dildə yazılmış bir kilsədən bəhs edirsiniz. O kitabədə nə yazılmışdı?
 - Naxçıvanda bir kilsə vardı. O kilsənin üstündə üç əlifba ilə kitabə vardı. Biri rusca idi. Biri ermənicə idi. Biri də əski əlifba (ərəb əlifbası) ilə Azərbaycan dilində idi. O vaxt onu mən oxuya bilmirdim. Ruscasını oxuyurdum. Orada yazılmışdı ki: “Bu kilsənin ərazisi erməni icmasına ibadətlərini icra etmək üçün Ehsan Xan Naxçıvanski tərəfindən hədiyyə edilmişdir”. Nə deməkdir bu? Bu o deməkdir ki, bu torpaq bizimdir. Bu torpağın sahibi də o vaxt Ehsan Xan idi. Və Ehsan Xan erməni icmasına xoşgörülü davranıb: “Siz də bizim əhalimizsiniz. Siz də ibadət etməlisiniz. Buyurun mən sizə torpaq verirəm. Gedin burda kilsə tikin və ibadətinizi davam eləyin” deyib. Nə gözəl bir şey. Biz o kilsəni uçurtduq. Heç olmasa o kitabələri saxlayardıq. Heç olmasa onlar muzeydə qalardı. O da qalmadı. Niyə uçurdursan onu? Ola bilər uçurdursan, binadı çatdıyar, köhnələr, uçmaq təhlükəsi qarşısında qalar, məcburən onu sökməli olarsan, ama onu sökəndə də onun yerini, tarixini, kitabəsini qorumaq bizim borcumuzdur.
 - Osmanlı-Rus müharibəsində ruslara əsr düşərək Culfaya gətirilən bir İslam alimindən bəhs edirsiniz. O kim idi?
 - Mənim babam danışırdı. Ruslar Culfaya Osmanlı-Rus müharibəsində əsrlər gətirirmişlər. Bu əsrlər Culfada təqribən bir ay qatar gözləyirdilər. Çünki Qatar indiki kimi hər gün gedib gəlmirdi. Ayda bir dəfə gəlirmiş. O əsrləri Rusiyaya aparmaq üçün onları Culfada buraxırlar. Onların içində çox məşhur bir din alimi olur. O da başlayırdı söhbət eləməyə. Bunun şöhrəti yayılır. Təsəvvür eləyin Naxçıvandan mötəbər şəxslərdən bir qrup yığışaraq gedirlər jandarma və ya komandan kimdirsə onun yanına. Ondan icazə alıb zamin olurlar ki, icazə verin bu alimi aparaq bizdə söhbət eləsin. Alıb gətirirlər. Bir həftə Naxçıvanın müxtəlif məscidlərində söhbət eləyir. Söhbət nədən gedir? Söhbət İslamın əxlaqi dəyərlərindən gedir, imandan gedir, ibadətin hikmətlərindən gedir, İslam alimlərinin həyatlarından gedir, İslam alimlərinin baxışlarından gedir. Bizə dini o qədər dar çərçivədə göstəriblər ki, nağıl kimi təqdim ediblər. Çünki sovet dövründə təbliğat da onun üzərində gedibdir. Sovet dövründə təbliğat dini gözdən salmaq üçün olubdur. Halbuki Xrtistian dini də, Yahudilərin dini də, İslam dini də hamısı bir ayağı əxlaqın üzərində duran bir anlayışdır, bir dünya baxışıdır, ilahi təlimdir.

 - “Pərvanə Ömrü” birinci kitabdır. Əsərin davamında hadisələr hara doğru gedəcək? Bu əsərin yekun halını hansı formada görürsünüz? Oxucu hal hazırda çapdan çıxan birinci cildlə birlikdə toplam üç əsərin sonunda necə bir mənzərə ilə qarşılaşacaq?
 - Trilogiya dediyim kimi üç yerə bölünmüşdür. Bunlar üç kitabdan ibarət olacaq. Birinci kitab 1850-1860-cı illəri, on illik bir dövrü əhatə eləyir. “Düşmən qəvi, tale zəbun” adı altında iki cild təqdim olunur. Bunlar 10 ildə cərəyan edən hadisələrdir. Soruşula bilər ki, niyə 10 illik hadisələr təqribən min səhifəyə gedib çıxır? Çünki hadisələr o qədər mürəkkəb və zidiyyətlidir. Onları aşmadan üstündən keçə bilmirsən. İkinci kitabın hələlik şərti adı “Qadın gülərsə” adlanır. Niyə “Qadın gülərsə” adlanır? Burada hadisələr 1860-65-ci ildən başlayır, 1901-ci il qız məktəbinin açılışına qədər olan dövrü əhatə eləyir. İkinci kitabda Hazı Zeynalabdinin əsas diqqəti məktəb açmaq, xüsusən də qızların oxumasını təmin etmək idi. İndi bəzi şeyləri açmaq istəmirəm. Qabaqlamaq istəmirəm. Məsələn qadın həkimi olmadığına görə ailəsinin başına gələn faciələr var. Təkcə özünün deyil, başqalarının da. Qadın müəllim olmadığına görə, qadının savadsızlığa məhkum edildiyinə görə cəmiyyətin çəkdiyi böyük bəlalar var. Bunları o dərk eləyir, görür, həm də bunu ona başa salanlar var. Təsəvvür eləyin 1875-1877-ci illərdə cəmi 2 il Əkinçi qəzeti çap olunur. Əkinçi qəzeti iki ildən sonra dayandırılır. Məcburən təzyiqlərə dözə bilmir, fəaliyyətini dayandırır. 1903-cü ilə qədər Azərbaycan dilində heç bir qəzet çıxmır. Düzdür Kəşkül qəzeti bir-iki nömrə çıxır. Onlar da bağlanır. Olmayıb, qəzet yoxdur. Məktəb də yoxdur. Teatr gəlir. Teatrda əsər yoxdur. Başlayırlar rus və avropa yazıçılarının, dramaturqlarının əsərlərini tamaşaya qoymağa. O da başımıza başqa bəla. Bütün bu hadisələrin içərisində Hacı Zeynalabdin Tağıyev və onun ətrafında olan ziyalı təbəqə çalışırlar ki insanları bu bataqlıqdan çıxarsın. Yeganə yol məktəbdir. Sən o məktəbi açmasan, xalqı təhsilə cəlb eləməsən, xalqı maarifləndirməsən, bundan çıxış yolu yoxdur. Bu mənada ikinci kitab bu məsələlərə aiddir.
 - Nazim müəlim, sonda kitabın qələmə alınmasındakı əsas məqsəqi, əsas qayəni oxuculara necə izah edərdiniz?
 - Bu bizim yüz illik tariximizin salnaməsi kimidir. Düzdür bu böyük iddiadır. Mən özümü o iddiaya layiq hiss eləmirəm. Əlimdən gəldiyi qədər yazıram. Yəqin ki başqaları da daha gözəlini yazacaq. Daha dərindən tədqiq edəcəklər. Daha sanballı əsərlər ortaya qoyacaqlar. Bu onların öz işidir. Mən əlimdən gələni ortaya qoyuram. Bu kitabı qələmə almaqda məqsədim nə idi? Hacı Zeynalabdin Tağıyev və onun əhatəsində olan bizim milli burjuaziyanı tanıtmaq. Onların qayei xəyal deyirlər ey, bu gün ideal deyirik, onların ideallarını təqdim eləmək. Nə qədər nail olublar bu qayei xəyallarına. Bunu təqdim eləmək. İkinci də Azərbaycan xalqının Gülüstan və Türkmənçay müqavilələrindən ta komunistlərin hakimiyyətlərinə qədər olan təqribən 100 illik tarixinin bəzi səhifələri ilə tanış eləməkdir. Məqsəd bundan ibarətdir. Nə qədər nail olmuşuq, nə qədər nail olacağıq, onu deyə bilmərəm. Hələ bu kitabı qurtara biləcəyəmmi, bilməyəcəyəmmi onu da bilmirəm. İnşallah Allah (c.c) qismət eləyər qurtararam. Bizimkilər oxumaqdan qorxmasınlar. Xüsusən gənc nəsil heç oxumurlar. Oxumaqdan qorxmasınlar, oxusunlar.

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top