"Putin mobil telefon və internetdən istifadə etmir" - Türkiyəyə qaçan FTX zabiti


"Mən sadəcə olaraq bu prezidentin xidmətində ola bilməzdim. Mən bu adamı hərbi cinayətkar hesab edirəm".
Yeniavaz.com xəbər verir ki, bu barədə "Dosye"yə FTX-nin rabitə şöbəsində mühəndis işləyən və Rusiya Prezidenti Vladimir Putini məxfi rabitə ilə təmin edən Qleb Karakulov deyib.
Qleb müsahibəsində deyir ki, o, 2009-cu ildən Rusiyanın Federal Təhlükəsizlik Xidmətində işləyib. O iddia edir ki, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra işləyə bilməyib.
Müharibə başlayandan sonra Karakulov üç ay xəstəlik məzuniyyətində olub, sonra isə yeni pasportun verilməsini gözləyirmiş. Bütün bu müddət ərzində, o, FTX-dən necə çıxacağını düşünüb. Vladimir Putin səfərbərlik elan edəndən sonra o, artıq işdən çıxa bilməzdi.
FTX zabiti iddia edir ki, o, Vladimir Putinin Astana işgüzar səfərindən xəbər tutanda qaçmağa qərar verib. O, həmkarları ilə birlikdə oktyabrın 6-da Qazaxıstanın paytaxtına gəlib. İki gündən sonra həyat yoldaşı və qızı da ora gəlib və onlar birlikdə oktyabrın 14-də Türkiyəyə qaçıblar.
Karakulov bildirir ki, noyabrın 8-i və ya 9-da onun yaxınlarının evində axtarışlar olub.
Onun sözlərinə görə, FTX zabitləri öz aralarında Putini öz "şef"ləri adlandırır və "onu hər cür bütləşdirirlər".
Karakulov qeyd edib ki, Rusiya prezidenti mobil telefon və internetdən istifadə etmir və bütün məlumatları yalnız birbaşa yaxın olan insanlardan alır, bir növ informasiya vakuumunda yaşayır. O, həmçinin, FTX əməkdaşlarının prezidentin iştirakı ilə hər hansı bir tədbirdən əvvəl hələ də karantindən keçməli olduğunu söyləyib.
"Baxmayaraq ki, hər kəs bunun niyə hələ də davam etdiyini anlamır. Biz istənilən tədbir qabağı, hətta 15-20 dəqiqə çəksə də, iki həftə karantində otururuq.  Karantini keçən işçilər təmiz hesab olunurlar və Putinlə eyni otaqda işləyə bilərlər. Prezidentin yavərləri az qala gündə bir neçə dəfə PCR-test verirlər".

DİGƏR XƏBƏRLƏR

Top