
NATO xarici işlər nazirləri Finlandiyanın alyansa üzv olması barədə sənədi ABŞ-a təqdim ediblər.
Yeniavaz.com xəbər verir ki, beləcə Finlandiya rəsmən NATO-nun 31-ci üzvü olub.
***16:11

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ölkənin NATO-ya üzvlüyü ilə bağlı sazişi imzalayıb.
Yeniavaz.com YLE-ə istinadən xəbər verir ki, imzalanma mərasimi Brüsseldəki NATO-nun baş qərargahında kameralar qarşısında baş tutub.
Bu, Finlandiyanın NATO yolundakı son bürokratik əngəlləri aradan qaldırır və baş katib Yens Stoltenberqə Finlandiyanı Alyansa qoşulmağa rəsmən dəvət etməyə imkan verir. Onun tezliklə bunu edəcəyi gözlənilir.
Sənədin təhvil verilməsi mərasimi bu gün NATO-nun mənzil-qərargahında keçiriləcək və bundan sonra Finlandiya NATO-nun üzvü olacaq.
Qeyd edək ki, daha öncə Polşanın Baş naziri Mateuş Moraveçkiy öz tvitter hesabında bu barədə paylaşım edib:
"Finlandiya indi NATO-dadır! Təbrik edirik! Bu gündən etibarən alyans 31 ölkədən ibarətdir. Güclü tərəfdaşlar Polşa, regionumuz və bütün dünya üçün təhlükəsizliyin təminatıdır".

***11:46
Finlandiya bu gün rəsmi olaraq NATO-ya qoşulacaq və bununla da Alyansın 31-ci üzvü olacaq.
Yeniavaz.com xəbər verir ki, Finlandiya prezidenti Sauli Niinistö NATO-nun mənzil-qərargahında ölkənin rəsmi qarşılanma mərasimində iştirak etmək üçün Brüsselə yola düşəcək.
Məlumatlara görə, hazırda respublikanın NATO-ya qəbulu üçün Brüsseldə sürətləndirilmiş hazırlıq işləri aparılır, son zəruri detallar dəqiqləşdirilir.
Qeyd edək ki, bu gün, həmçinin NATO-nun yaradılma günüdür. Alyans 1949-cu ilin aprelində Vaşinqtonda imzalanan Şimali Atlantika Müqaviləsinə uyğun olaraq qurulub.
Xatırladaq ki, Finlandiya və İsveç 2022-ci ilin mayında alyansa qoşulmaq üçün müraciət etmişdilər, lakin Ankara onlardan kürd təşkilatlarını terrorçu elan etmələrini və terrorizmdə və ya 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunanların ekstradisiyasını tələb edərək giriş prosesini əngəlləmişdi. Türkiyə parlamenti martın 30-da Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib. Bununla da Finlandiyanın namizədliyi alyansa üzv olan bütün ölkələr tərəfindən təsdiqlənib.
İsveçin alyansa girişi Stokholmda Quran yandırma kampaniyasından sonra Türkiyə ilə münasibətlərdə yaranan fəsadlara görə yubanır. Bu il yanvarın 21-də ifrat "Hard Deal" partiyasının lideri Rasmus Paludan Türkiyə diplomatik missiyasının qarşısında açıq şəkildə Quranı yandırıb, Prezident Rəcəb Tayyib Ərdoğanı tənqid edib və Məhəmməd peyğəmbərin karikaturasını nümayiş etdirib.
Tətbiqimizi yükləyə bilərsiniz