Son günlərdə Azərbaycanda dini inanclı şəxslər kütləvi şəkildə həbs olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə Meydan TV-də dərc olunan məlumatda bildirilir.
Qeyd olunur ki, bu həbslər bütün ölkə boyu – istər paytaxtda, istərsə də müxtəlif bölgələrdə aparılır.
Həbs olunanlara qarşı narkotik ittihamı irəli sürülür. Qeyri-rəsmi məlumatlara görə, həbs olunan dini inanclıların sayı təxminən 400 nəfərə çatıb.
Müsəlman Birliyi Hərəkatının (MBH) məlumatına görə, son 3 ayda təşkilatın 27 üzvü həbs olunub. Həbs edilənlərin hamısına da narkotik ittihamı verilib.
Bugünlərdə həbs olunan MBH üzvü Cavid Allahverdiyev toyundan cəmi iki gün sonra tutulub.
“Həbs olunanlar arasında keçmiş Nardaran məhbusları da var – Nahid Qəhrəmanov, Etibar İsmayılov, Şamil Abduləliyev… Təşkilatın bir çox üzvü son günlərdə həbs olunub. Cavid Allahverdiyev toyundan cəmi iki gün sonra həbs edilib – bu, heç bir mənəvi, əxlaqi çərçivəyə sığmır. Cinayət törətmiş olsaydı, başqa məsələ. Ona qarşı da narkotik ittihamı irəli sürülüb. Müsəlman Birliyi Hərəkatının daha 6 üzvünə isə inzibati həbs cəzası verilib. Onlardan biri – Nizami Əhməd inzibati həbsdən buraxılan kimi barəsində cinayət işi başlanıb, yenidən həbs olunub”, – hərəkatdan bildirilib.
Azərbaycanda dini inanclıların kütləvi həbsi yanvar ayından – Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra başlamışdı. O zaman Daxili İşlər Nazirliyi 45-dən artıq “İran casusu”nun saxlandığını açıqlasa da, bu əməliyyatın detalları haqda ətraflı heç bir məlumat verilmədi. Saxlanılanların yaxınları, vəkillərinin sözlərindən məlum oldu ki, onlar narkotik ittihamıyla həbs edilib.
Həbslərin ikinci dalğası mart ayının birinci yarısında müşahidə olundu. O zaman üç gün ərzində ölkədə 30-dan artıq inanclı narkotik ittihamıyla həbs edildi. Aralarında 2018-ci ildə Gəncə hadisələrinə görə həbs edilən və sonradan azadlığa çıxmış şəxslər də vardı.
Yada salaq ki, həmin ərəfədə (martın 11-də) Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi İrana məxsus hərbi təyyarənin Azərbaycanın hava sərhədini pozması haqda birgə bəyanat yaymışdı.
İnanclılara qarşı kütləvi həbslərin sonuncu dalğası isə deputat Fazil Mustafaya qarşı martın 28-də baş vermiş silahlı hücumdan sonra başlayıb. Rəsmi Bakı bu hadisədə İranın rolunu açıq şəkildə bəyan edib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Fazil Mustafaya qarşı terror aktının istintaqının ilkin izləri hadisənin İrana dəlalət etdiyini göstərir.
“Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov bildirib ki, Azərbaycanda inanclıların kütləvi həbsinin İranla münasibətlərin kəskinləşməsi fonunla həyata keçirilməsi açıq-aşkar görünür. Hüquq müdafiəçisinin sözlərinə görə, faktiki bir dövlət başqa bir dövlətlə pis münasibətlərinə görə öz vətəndaşına zülm eləyir ki, bu da yolverilməzdir:
“Mən istisna eləmirəm ki, saxlanılanlar arasında da kənar qüvvələrin təsiri altında olanlar ola bilər. Amma buna görə bütün inanclı adamları kütləvi şəkildə narkotiklə cəzaçəkmə müəssisəsilə doldurmaq çıxış yolu deyil. Hər bir əməlin öz sübutu, öz cəzası olmalıdır. Kim hansı işi görübsə, buyurun, sübut qoyun ortaya, biz də inanaq. Yoxsa inanclı adamları ucdantutma narkotik ittihamıyla istintaq təcridxanalarına doldurmağın adı nədir?”, – Rüfət Səfərov bildirib.
İrandakı hazırkı rejimin nəinki Azərbaycan, bütövlükdə dünya üçün təhlükə olduğunu vurğulayan hüquq müdafiəçisinin sözlərinə görə, bu rejimə qarşı mübarizə öz vətəndaşlarına əziyyət verməkdən keçməməlidir. Rüfət Səfərov narkotik ittihamıyla həbs olunan inanclıların qanunda nəzərdə tutulan hüquqlarının pozulduğunu da xatırladıb:
“Harda qaldı Konstitusiyanın, qanunların Azərbaycanın bu vətəndaşlarına verdiyi hüquq və azadlıqlar? Nə polisi, nə prokuroru, nə hakimi o Konstitusiyadan, nə qanundan üstün ola bilməz. Qanunu pozanın özü cinayətkardır. Təəssüf doğuran hal odur ki, bu ölkədə istintaqın, məhkəmənin hansı vəziyyətdə olduğunu bilən adamlar belə, həbs olunan inanclıları linç eləyir, ləkələyirlər. Bəs harda qaldı təqsirsizlik prezumpsiyası?”
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev 400 nəfərin həbsindən xəbərsiz olduğunu bildirib.
Meydan TV son vaxtlar həbs olunanlardan bir hissəsinin kimliyini müəyyənləşdirə bildiyini açıqlayıb:
1. Nizami Əhməd
2 Rəşad Əliyev
3. Elşən Rəhimov
4. Azad Kərimov
5. Ceyhun Babaşov
5. Etibar İsmayılov
6. Mayıl Kərimov
7. Elvin Quliyev
8. İsmayıl İsmayılov
9. Tural Vəliyev
10. Bəhruz Quliyev
11. Cavid Allahverdiyev
12. Şamil Abduləliyev
13. Elçin Zeynalov
14. Nicat Ağayev
14. Alik Aslanov
15. Fədail Şükürlü
16. Yasin Əhmədov
17. İlyas Qasımov
18. Kamil Mahmudov
19. Elxan İsmayılov
20. Mənsur Əliyev
21. Bilal Əsədov
22. Nahid Qəhrəmanov
23. Vüsal Alışov
24. Murad Abdullayev
25. Mehman Fətəliyev
26. Bəhruz Kərimov
27. Nihad Xəlilov
28. Kərbəlayi Hasil
29. Elvin Nəsirov
30. Samir İsayev
31. Bəxtiyar Babaşov
32 Rüstəm İsmayılov
33. Şahin Verdiyev
34. Hasil Rüstəmov
35. Rahid İbişov
36. Rövşən Cabbarov
37. Ramil Məmmədov
38. Sakif Ağabalayev
39. Elnur Meybullayev
40. Rza Rzayev
41. Tural Vəliyev
42. Eldəniz Ağayev
43. Amal Əhmədov
44. Ceyhun İlyasov
45. Nəriman Baxışov
46. Anar Xəlilov
47. Ülvi Əliyev
48. Mənsur Vəlişov
49. Siyasət Bağırov
50. Akif Hüseynli
51. Ağalar Ağayev
52. Ələkbər Sadıqov
53. Rza Kərimov
54. Ziya Tahirov
55. Şahin Bağırov
56. Dəyanət Süleymanov
57. Rüfət Qurbanov
58. Mahmudağa Ağayev
59. Vüsal Əsgərov
60. Anar Şöləyev
61. Qoşqar Həsənov