
Monteneqroda keçirilən prezident seçkilərinin ikinci turundan sonra keçmiş iqtisadiyyat naziri Yakov Milatoviç inamlı qələbə qazanıb. Bununla da, ölkəyə artıq onun rəqibi, Monteneqroya 1991-ci ildən qısa fasilələrlə rəhbərlik edən hazırkı prezident Milo Cukanoviç rəhbərlik etməyəcək.
Yeniavaz.com xəbər verir ki, Monteneqronun paytaxtı Podqoritsada yerləşən Monitorinq və Tədqiqat Mərkəzinin (CEMI) məlumatına görə, Milatoviç 60%-dən çox səs toplayıb.
1991-ci ildən ölkə rəhbərliyində təmsil olunan Cukanoviç uzunmüddətli siyasi karyerasında ilk dəfə seçkilərdə şəxsi məğlubiyyətə uğrayıb.
Məlumat üçün bildirək ki, 37 yaşlı Milatovic sağ mərkəzçi “Europe Now” hərəkatının qurucu üzvüdür və onun sədr müavini vəzifəsini icra edir. Milatoviçin seçkiqabağı vədləri arasında korrupsiya ilə mübarizə, həyat səviyyəsinin yaxşılaşdırılması və Monteneqronun Aİ-yə üzvlüyünə doğru irəliləyiş olub.
Ötən gün axşam Cukanoviç məğlubiyyətini etiraf edib və rəqibini qələbə münasibətilə təbrik edib.
CEMI-nin məlumatına görə, seçici fəallığı təxminən 70% təşkil edib.
Qeyd edək ki, martın 19-da keçirilən prezident seçkilərinin birinci turunda səkkizinci dövlət başçısının kimliyi bəlli olmayıb.
Tətbiqimizi yükləyə bilərsiniz