Bu kənddə uşaqlar məktəb yolunda çaqqallarla, canavarlarla rastlaşırlar - Video


İsmayıllının Enişdibi kəndində uşaqlar hər gün məktəbə bir kilometrlik yolu meşənin içi ilə piyada gedirlər. Palçığa batdıqları, dumanda itdikləri bu yolda onlar gah çaqqallarla, gah itlərlə, gah da ki canavarlarla rastlaşırlar.
Yeniavaz.com
“Amerkanın səsi”nə istinadən xəbər verir ki, burada məktəb olmadığı üçün 30-dan çox uşaq qonşu Talış kəndinə üz tutmaq məcburiyyətindədir.
Amma məktəblilər bu yolları illərdir qorxu içində, təngnəfəs, yarımcan gedib gəlirlər.
“Mənim ikinci sinifdə oxuyan uşağım var, oğlandır. İt cumub üstünə, aparmadığım yer yoxdur, uşaq qorxudan kəkələyir. Hər gün meşə heyvanları uşaqların qarşısına çıxır. Uşaqlar balacadırlar, qorxurlar, böyüklər heç olmasa, qaça bilirlər, amma balacalar qalırlar arxada”, - valideyn Ömər Vahabov deyib.
Kənd sakini Ömər Vahabovun iki uşağı məktəbə gedir. Deyir ki, uşaqları yaxşı oxuyur, hətta qızı sinif nümayəndəsidir. Ona görə də uşaqları məktəbdən çıxarmağa ürəyi gəlmir:
 “Hər ay mən uşaqlara ayaqqabı alıram, paltarları hər gün yuyulur, hər ay uşaqlar müalicə olunur. Qalın geyinirlər, uzaq yol gəlirlər, tərləyirlər. Sosial şəbəkələrdə baxıram, deyirlər, kəndlərdə adam qalmayıb. Nəyə görə qalmayıb? Hamısı bax belə çətinliklərə görə. Hamı köçür gedir uşağının təhsilinə görə, rayona köçür, şəhərə köçür, bizdə də o imkan yoxdur ki, şəhərə köçək, uşaqlara təhsil verə bilək”.
Valideynlərin dediyinə görə, bir neçə dəfə məktəb rəhbərliyinə müraciət ediblər, cavab isə bu olub ki, hər kəs birləşib, meşə yolunu təmizləsin. Amma valideynlər bunun həll yolu olduğunu düşünmürlər.
Şikayətçilər deyir, bələdiyyə də məsələyə biganədir, problemlə heç maraqlanmayıb.
 “Gəlirlər, valideynlərə deyirlər ki, ata, it gördük, çaqqal gördük. Biri var, uşaq yetkinlik yaşında ola, biri də var ki, 1,3,5-ci sinifdə oxusun. O heç özünü məktəbə apara bilmir. Uşaqlara təhsil vermək vacibdir. Bizim uşaqlar başqalarından niyə seçilməlidirlər ki? Ələlxüsus da, qız uşaqları var, istəyirik ki, onlar təhsil alsın”, - kənd sakini Həsən Vahabov deyib.
Valideynlər rəsmi qurumların bu problemi diqqətə almalarını, uşaqların ən azından “servis” avtobusları ilə təmin olunmasını istəyirlər.
Məsələ ilə əlaqədar Dağlıq  Şirvan regional təhsil idarəsindən bildirilib ki, məktəbə servis avtobuslarının ayrılması üçün Elm və Təhsil Nazirliyinə müraciət olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top