
Paytaxt Bakıda müşahidə olunan mənzərə onu deməyə əsas verir ki, 15-20 il əvvəl ilə müqayisədə hazırda şəhərdə əhali sıxlığı kifayət qədər yüksəkdir.
Yeniavaz.com xəbər verir ki, Dövlət Statistika Komitəsi müşahidə olunan mənzərəyə baxmayaraq Bakıda əhali sayının kəskin artmadığını açıqlayıb.
Statistika Komitəsi 2009-cu ildə Bakıda əhalinin sayının 2 milyon 45,8 min nəfər, 2022-ci ildə isə 2 milyon 303,1 min nəfər olduğunu açıqlayıb. Bu isə o deməkdir ki, son 13 ildə Bakıda əhalinin sayı 257,3 min nəfər və ya 12,5% artıb. Bu həm də o deməkdir ki, son 13 ildə rayonlarda yaşayan əhalinin sayı Bakı əhalisinin sayından daha çox artıb. Belə ki, 2009-cu illə müqayisədə 2022-ci ildə Azərbaycan əhalisinin ümumi sayı 1 milyon 234 min nəfər və ya 13,8% artaraq 10 milyon 156,4 min nəfərə yüksəlib.
Statistika Komitəsinin açıqladığı başqa bir maraqlı və eyni zamanda ziddiyyətli göstərici əhalinin xərcləmələriylə bağlıdır.
Xəbəri rus dilində oxuyun: В Баку проживает более 5 миллионов человек? - Загадочная статистика
Komitənin məlumatına görə bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisi pərakəndə ticarət şəbəkəsində 8,2 milyard manat pul xərcləyib və pulun yarıdan çoxu – 59%-i (4,8 milyard manat) paytaxt Bakıda xərclənib.
Əgər rəsmi statistikaya görə ölkə əhalisinin 23%-i Bakıda yaşayırsa, o zaman paytaxt əhalisinin xərclədiyi vəsait də təxminən bu səviyyələrdə olmalı idi. Amma göründüyü kimi, arada 2 dəfədən çox fərq var.
Pərakəndə ticarət şəbəkəsində xərclənən pulların yarıdan çoxu (59%-i) Bakının payına düşürsə bu həm də onu göstərir ki, ölkə əhalisinin təxminən yarısı Bakıda məskunlaşıb.
***
"Bakı şəhərinin pərakəndə dövriyyəsində xüsusi çəkisinin çox olması iri ticarət şəbəkələrinin (Binə, Sədərək ticarət mərkəzləri və s.) Bakı şəhərində yerləşməsi, Bakı şəhər sakinləri ilə yanaşı, digər şəhər və rayon sakinlərinin, xüsusilə ətraf rayon sakinlərinin bir sıra hallarda Bakı şəhərində alış-veriş etməsi, habelə məcburi köçkünlərin bir hissəsinin Bakı şəhərində məskunlaşması (onlar öz rayonları üzrə daimi əhalinin sayına daxildir) və s. səbəblə bağlıdır".
Bu barədə Dövlət Statistika Komitəsindən Yeniavaz.com-a verilən məlumatda deyilir.
A. Cəfərov
Tətbiqimizi yükləyə bilərsiniz