Evinin qarşısında güllələnən deputat Fazil Mustafanın səhhəti ilə bağlı məlumat yayılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Qeyd olunub ki, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib.
Sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.
***22:52
Millət Vəkili Fazil Mustafaya sui-qəsd olub.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb. Bildirilib ki, deputat yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib.
Ayağından və çiynindən güllə yarası alan deputat xəstəxanaya yerləşdirilib.
Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Araşdırmalar davam etdirilir.
DİN-dən verilən məlumata görə hadisə Sabunçu rayonunda baş verib. Hazırda əməliyyat axtarış qrupu hadisə yerindədir. Hadisəni törətməkdə şübhəli bilinən şəxs axtarışdadır.