Təl-Əvivdə 100 minlik aksiya: Etirazçılarla polis toqquşdu - Video


Təl-Əvivdə İsrailin baş naziri Benyamin Netanyahunun siyasətinə qarşı keçirilən etiraz aksiyaları bu gecə yenidən şiddətlənib.
Yeniavaz.com
xəbər verir ki, İsrail televiziyasının 13-cü kanalının məlumatına görə, bu gecə aksiya iştirakçılarının sayı 100 mini keçib.
Aksiya ötən gün – martın 26-da axşam saatlarında etirazçıların bağladıqları şəhərin şərqində əsas magistral olan Ayalon şossesində keçirilir. Kanalın istinad etdiyi “Crowd Solutions” özəl şirkətinin hesablamalarına görə, etirazçıların ən çox cəmləşdiyi ərazidə 105 minə yaxın insan olub.
Daha sonra İsrail polisi ilə aksiya iştirarakçıları arasında toqquşmalar olub. Polis bir neçə saat davam edən kortəbii anti-hökumət mitinqinin iştirakçılarını dağıdıb. Bildirilib ki, nümayişin dağıdılması zamanı su şırnaqlarından istifadə edilib və əraziyə atlı polis cəlb olunub .
İsrail Prezidenti İsaak Hersoq hökuməti məhkəmə sistemində islahatları dərhal dayandırmağa çağırıb.
“İsrail xalqının birliyi naminə, məsuliyyət naminə sizi qanunvericilik prosesini (islahatın qəbulu) dayandırmağa çağırıram”, - dövlət başçısı tvitter səhifəsində yazıb.
Martın 26-da axşam saatlarında İsraildə başlayan kortəbii etirazların səbəbi Netanyahunun ölkənin müdafiə naziri Yoav Qalantın istefasını elan etməsi olub.
Netanyahu bu qərarı bir gün əvvəl Qalantın açıq şəkildə hakim koalisiyanın irəli sürdüyü və müxalifətin kütləvi etirazına səbəb olan məhkəmə islahatlarının dayandırılmasının tərəfdarı olduğunu bəyan etməsindən sonra verib.
Hökumətin əleyhdarlarının fikrincə, Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılması və hakimlərin seçiminə icra hakimiyyətinə nəzarətin verilməsini nəzərdə tutan islahat İsrail dövlətçiliyinin demokratik əsaslarını sarsıdacaq. Netanyahu isə bildirir ki, bu islahat hakimiyyətin bütün qollarının səlahiyyətlərini balanslaşdıracaq və ölkənin siyasi sistemini daha demokratik edəcək.

DİGƏR XƏBƏRLƏR

Top