Oqtay Əliyevin öldüyü qəza ilə bağlı TƏBİB və Yol Polisindən açıqlama - Təfərrüat


Xəbər verdiyimiz kimi, Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.
Yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları dərhal əraziyə cəlb edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TƏBİB-in yaydığı məlumatda deyilir.
Mehriban Zəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Hadisə nəticəsində xəsarət alan Dilarə Əliyevaya yerində ilkin tibbi yardım göstərilib, hazırda Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə edilir.
Baş Dövlət Yol Polisi İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, hadisə nəticəsində 1 nəfər vəfat edib, 2 xanım xəsarət alıb.
Məlumata görə, Hadisə “Vaz” dairəsindən Saray qəsəbəsinə gedən yolda baş verib.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Toğrul Nəsirli bildirib ki, hadisə zamanı avtomobili O.Əliyev idarə edirmiş:
“Mərhumun həyat yoldaşı Dilarə xanım ilkin ifadəsində bildirib ki, avtomobillə Bakı-Sumqayıt yolunun “Vaz” dairəsi ilə Saray qəsəbəsi arasındakı hissəsində hərəkətdə olarkən  Oqtay Əliyev sükan arxasında özünü pis hiss edib. Onun səhhətində qəfil problem yaranıb və avtomobilin idarəetməsini itirib, nəticədə nəqliyyat vasitəsi maneəyə çırpılaraq yolun kənarına aşıb. O.Əliyevin hadisə yerində öldüyü məlum olub”.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top