İordaniya Parlamenti İsrail səfirinin ölkədən çıxarılmasına səs verib


İordaniyanın Nümayəndələr Palatası (parlament) İsrailin Əmmandakı səfirinin ölkədən çıxarılmasına səs verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Petra” agentliyi məlumat yayıb.
Bildirilib ki, parlamentarilər krallıq hökumətinə İsrail səfirini İordaniyadan qovmağı tövsiyə edirlər.
Bu qərarı onlar yəhudi dövlətinin maliyyə naziri, hakim dairələrə daxil olan Dini Sionizm Partiyasının lideri Bezalel Smotriçin çıxışı zamanı kürsüdə yerləşdirilmiş İsrail xəritəsinin versiyası ilə bağlı veriblər. Belə ki, xəritəyə İordaniya Haşimilər Krallığının ərazisi və Fələstin əraziləri də daxil edilib.
İordaniya parlamentariləri Smotriçin hərəkətlərini İsrail isteblişmentinin “heç bir beynəlxalq müqaviləyə əməl etməyən” təkəbbürlü münasibətinin sübutu kimi qiymətləndiriblər.
Smotriç, İordaniyanın da yer aldığı İsrail xəritəsini nümayiş etdirməklə yanaşı, martın 19-da Parisdə yəhudi icması üçün özəl tədbirdə çıxışı zamanı, Fələstin xalqının olmadığını deyib və bəyan edib ki, yeganə həqiqi fələstinlilər yalnız yəhudilərdir.
Çərşənbə axşamı İordaniya baş nazirinin müavini və xarici işlər naziri Ayman əs-Səfədi İsrailin maliyyə nazirinin qızışdıran və irqçi dilini kəskin şəkildə pisləyib. O qeyd edib ki, İsrail rəsmiləri Əmmanı əmin ediblər ki, Smotriçin sözləri Benyamin Netanyahu hökumətinin mövqeyini ifadə etmir.
“Lakin bu cür təxribatlar davam edərsə, İordaniya lazımi cavab tədbirləri görəcək”, - əs-Səfadi qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top