Putin və Si Cinpin Ukrayna ilə sülh planını müzakirə etməyib - Kreml


Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin Ukrayna ilə sülh planını müzakirə etməyiblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Xeyr, Ukraynanın sülh planı müzakirə olunmayıb, Çinin sülh planının ehtiva etdiyi müddəalar ətrafında fikir mübadiləsi aparılıb", - Kreml sözçüsü bildirib.
Peskov deyib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin Pekinin Kiyevin sülh planına qoşulmaq təklifinə cavab verməməsinə görə təəssüflənməsi Çin və Ukrayna arasında ikitərəfli münasibətlərə aid olan məsələdir.
Peskov xatırladıb ki, Putin çərşənbə axşamı ÇXR sədri ilə danışıqların nəticələrinə yekun vuraraq, Çinin sülh planının müzakirəsi barədə məlumat verib. Rusiya lideri hesab edir ki, Çinin Ukrayna ilə bağlı sülh planının bir çox bəndləri Qərbdə və Kiyevdə buna hazır olduqda nizamlanma üçün əsas götürülə bilər. Eyni zamanda qeyd edib ki, indiyədək belə hazırlıq müşahidə olunmayıb.
Fevral ayında Çin Xarici İşlər Nazirliyi Ukrayna böhranının siyasi həlli ilə bağlı mövqe sənədi dərc edib. 12 bənddən ibarət sənəddə atəşkəs çağırışları, təhlükəsizlik sahəsində bütün ölkələrin qanuni maraqlarına hörmət, Ukraynada humanitar böhranın həlli, Moskva ilə Kiyev arasında hərbi əsirlərin mübadiləsi məsələləri önə çıxarılıb.
Qeyd edək ki, martın 20-22-də Si Cinpin Rusiya Federasiyasına səfər edib. Bu, onun ÇXR-in sədrliyinə yenidən seçildikdən sonra ilk səfərdir.

DİGƏR XƏBƏRLƏR

Top