"Qafqazın məktubat ənənəsini üzə çıxarmaq üçün dünya arxivləri axtarılmalıdır" - Müsahibə


Hər halda sosial mediada izləmisiniz, ya da o qəhrəmanlardan biri bəlkə də elə sizsiniz. Bir çox yara-bərəsi olan, günlərcə ac-susuz qalmış, ölümcül haldakı bir heyvan şəfqətli bir əl tərəfindən tapılaraq himayə edilir. Sonra o xəstə və aciz heyvanın yaraları yavaş-yavaş sağalır, qarnı doyuzdurulur, ən sonda da görüsən ki, əvvəlki ölümcül vəziyyətdəki heyvandan əsər-əlamət qalmayıb. Heyvan artıq oynayır, öz kefində, öz aləmindədir. Sən görməsən, sən himayə etməsən, sən götürməsən bəlkə də o heyvan öləcəkdi. Cənab Allah (c.c) sənin vasitənlə və səni vəsilə edərək ona yeni bir həyat bəxş edir. Nə qədər dəyərli, xeyirxah bir əməldir...

Bir heyvanın yenidən həyata qayıtmasına səbəb olacaq bu əməl nə qədər xeyirxah bir işdirsə, zənnimcə bundan daha dəyərli olan bir millətin, bir xalqın itmək üzrə olan, sən oxumasan, sən qorumasan, sən araşdırmasan bəlkə də yox olub gedəcək tarixi yaddaşına yenidən həyat verməkdir. Sanki birinci misal daha çox diqqət mərkəzində olur, daha çox diqqət çəkir və onu daha tez görürük. İkinci misal isə bir az kölgədə qalır. İkinci misal daha zəhmətli və zehni güc tələb edir. Bu müsahibədə ikinci misaldan bəhs etmək istəyirəm. Rayon və kəndlərimizin məscidlərində, 70 illik sovet dövründə hansısa evlərin damında, divar aralarında, sandığa qoyularaq torpağa basdırılmış, yaxud şəxsi arxivlərdə saxlanmış 100-200 illik məktubları araşdırmaq, bunları günümüz əlifbası və dilinə uyğun hala gətirərək oxucuya təqdim etmək hər halda bu əlyazmalara, məktublara yenidən həyat bəxş eləmək kimi bir şeydir. Bu minvalla sizi "Qafqazda ərəbcə məktubat ənənəsi nümunələri (XIX-XX ƏSRLƏR)" adlı kitabı əsasında Kamran Abdullayevdən aldığımız növbəti müsahibə ilə baş-başa buraxırıq.

 - Uzun əsrlərdən bəri Qafqazda ərəb dilində məktubat ənənəsinin olduğunu görürük. Hətta sizin yaxın illərdə çapdan çıxan "Qafqazda ərəbcə məktubat ənənəsi nümunələri (XIX-XX ƏSRLƏR)" adlı əsəriniz də var. Yerli xalqların nümayəndələri, alimlər nə üçün məhz ərəb dilində məktublaşıblar? Burada təkcə din amili rol oynayıb, yoxsa etnik xəritə çoxçeşidli olduğu üçün bölgədəki xalqların ortaq dil mövqeyi belə olub?

 - Bu əsəri çap edərkən xüsusilə “məktublaşma” sözündənsə, “məktubat” sözündən istifadə elədik. Bunu bir az açıqlamaq istəyirəm ki, əslində “məktubat” İslam tarixində, həm ərəb dilində, həm də ədəbi dildə xüsusi bir termindir. Onun üçün bu termindən istifadə elədik. Misal üçün “Məktubatı İmamı Rabbani”, yəni İmam Rabbaninin məktubları başlıqlı məşhur əsər var. Eyni şəkildə bir çox alimin “məktubat” başlıqlı əsərinin olduğunu görürük. Biz də istədik ki, Qafqazda yenidən bu termin gündəmə gəlmiş olsun. Çünki, həqiqətən “məktubat” ifadəsinin arxasında geniş bir tarixi ənənə var. Biz bu kitabda sadəcə XIX və XX əsrləri araşdırdıq. Geri qalan əsrlərə aid məktublaşmaları isə kitaba daxil etmədik. Ancaq məktubat ənənəsinin tarixi bizdə min illərə qədər gedib çıxır. Xaqani Şirvaninin ərəb və fars dillərində yazılmış məktubları var ki, bunlardan xüsusilə də ərəb dilində olanları tərcümə edilməyib. Eyni zamanda əslən beyləqanlı alim olan Məsud ibn Namdarın çox sayda ərəbcə məktubları var ki, onlar tərcümə edilməyib. Bu bəhs etdiyim alimlər XI-XII əsrdə yaşayan alimlərdir ki, bu ənənənin bizdə min illik tarixi olduğunu göstərir. Bizim istifadə etdiyimiz qaynaqlar daha çox XIX-XX əsrlərə aid idi. Məktubların ərəb dilində yazılması məsələsinə gəldikdə isə Qafqazdakı bütün xalqlar hər üç dildən istifadə ediblər. Yəni, həm türkcə, həm ərəbcə, həm də farsca məktublar var. Ancaq bizim ixtisasımız ərəb dili olduğu, həmçinin materiallar da həddindən artıq çox olduğuna görə, məcburən sadəcə bir dildəki məktublar üzərində çalışmalarımıza davam ettik. Eyni zamanda önümüzdə geniş bir tarix olduğuna görə, məktublaşmaların tarixini də XIX-XX əsrlərlə məhdudlaşdırdıq. Çünki əlimizdə çox sayda məktublar var. Türkçə məktublar da çoxdur. Demək olar ki, Qafqazdakı bütün xalqlar hər üç dildə məktub yazıblar. Misal üçün burada Azərbaycanda hələ araşdırılmayan bir mövzuya toxunmaq istəyirəm. XIX əsrdə Tiflisdəki Şeyxul İslamlığa göndərilən məktublar var. Azərbaycanın hər yerindən buraya göndərilən məktublar var. Bu məktubların böyük qismi türkcədir. Aralarında ərəb dilində yazılmış məktublar da var. Bir sözlə araşdırılması, tərcümə edilməsi gərəkən çox məktublar var. İxtisasımız ərəb dili üzrə olduğu üçün biz bu məktublar arasında sadəcə ərəb dilində olanlarını araşdırdıq. Bununla yanaşı həm alimlər, həm siyasi xadimlər həm də sıravi insanlar arasında cərəyan edən məktublaşmalara rast gəlməmiz mümkündür.

Yuxarıdakı şəkildə “Məhəmməd ibn Həmzət əl-Carinin Fatimata məktubu” göstərilmişdir. Məktubda deylir: “Kasıb tələbə Məhəmməd ibn Həmzətdən iffətli, mərhəmətli və şəfqətli xalası Fatimata. Çox mərhəmətli və hər bir işin Malikindən üzərinizə salamlar olsun. Məsələ budur ki, istər bal, istər pendir olsun, bu cür ləzzətli yeməklərə şiddətli dərəcədə ehtiyacım bəlli oldu. Bu səbəbdən də sənə necə bir ehtiyac içərisində olduğumu xəbər verən məktub göndərdim. Bu məsələni həll etməyin və işə əhəmiyyət verməyərək geriyə atmaman lazımdır. Vəssalam. Şəvval ayının 12-də yazıldı”.

 - Qafqazda yaşayan alimlərin məktublaşmalarında əsas diqqətinizi çəkən məqam nə idi?
 - Qafqazda bölgəsində “məktubat”, yəni məktublaşma ənənəsini araşdırarkən ilk diqqətimi çəkən məqamlardan biri bu məktubların ərəbcə, farsca və türkcə olmaqla üç dildə yazılması idi. Əslində bu sadəcə məktublara xas məsələ deyil, Qafqaz bölgəsinin bütün yazılı mirası hər üç dildə yazıldığına görə, eyni vəziyyət məktublar sahəsində də öz əksini tapıb.

 - Bu məktublar günümüzdə əsasən harada, hansı ölkələrdə saxlanılır?
 - Misal üçün Şirvanşahlar dövlətinə aid məktubların orijinal nüsxələrindən birisi bu gün Türkiyədə Milli arxiv muzeyində saxlanılır. Eyni zamanda İranda da bir neçə nüsxəsi vardır. Araşdırmalar onu göstərir ki, siyasi sahədə yazılmış məktubların böyük bir qismi Azərbaycanda deyil, xarici ölkələrin arxivlərində, günümüzdə fərqli-fərqli ölkələrdəki kitabxanalarda saxlanılır. Hələlik bunlarla bağlı əldə tam məlumat yoxdur. Yəni bu məktublar tamamən yox edilməyib. İnanıram ki, daha sonrakı dönəmlərdə araşdırmalar nəticəsində bu məktublar ortaya çıxarılacaq.

Yuxarıdakı şəkildə “Gəncə camaatının Car camaatına göndərdiyi məktub” göstərilmişdir. Məktub haqqında geniş bilgi üçün baxa bilərsiniz: “QAFQAZDA ƏRƏBCƏ MƏKTUBAT ƏNƏNƏSİ NÜMUNƏLƏRİ (XIX-XX ƏSRLƏR)” (səh 195-197)

 - Kamran bəy, hal hazırda böyük bir qismi əldə olmadığı halda bu məktubların tamamilə yox olmadığına necə qənaət gətirirsiz?
 - Xüsusilə siyasi məzmunlu məktublar yazılarkən mütləq iki nüsxə halında yazılırdı. Birinci nüsxə göndərilən şəxsə yazılan nüsxə idi. İkinci nüsxə isə göndərən şəxsin arxivində saxlanılmaq üzrə yazılmış nüsxə idi. Bu ənənə keçmişdən günümüzə qədər, yəni təxminən 1920-ci illərə qədər qorunub saxlanılırdı. Yəni yazılan bütün siyasi məktublar mütləq iki nüsxədə olurdu. Ona görə də bunların heç olmasa bir nüsxəsinin mütləq qorunub saxlanıldığına inanıram. Ancaq təəssüf ki günümüzə qədər hələlik Qafqaz bölgəsində yazılmış siyasi və ya digər məzmunlu məktublar tam olaraq ortaya çıxarılmayıb. Misal üçüm Misirdəki Məmlukilərə aid məktublar İtaliyada bir kitabxanada tapıldı. Digər dövlətlərdə də bənzər vəziyyətdir. Bu siyasi məktublara xas bir cəhət idi. Bir də alimlərin bir-birilərilə yazışmaları var idi ki, bunların həcmi bəzən bir vərəq, bəzən daha çox risalə şəklində görməmiz mümknüdür.

 - Alimlərin öz aralarında məktublaşmalarına dair əldə nə kimi nümunələr var?
 - Misal üçün Dağıstan alimlərindən Şeyx Seyyid Cəmaləddin Qazıqumuxi var. Bu alim eyni zamanda məşhur bir Nəqşibəndiyyə təriqətinin şeyxi olub. Onun Səid Harakani adlı bir alimə yazdığı məktub təxminən 12 səhifədir. Yəni, tam 6 vərəq halında bir məktub yazmışdır. Çünki onlar bu məktublara eyni zamanda elmi bir metod, ədəbi bir nümunə olaraq da baxırdılar. Ona görə də yazdıqları məktublara çox önəm verirdilər. Daha sonrakı dönəmlərdə bu məktublar bizim üçün tarixi bir material halına gəliblər.

 - Kamran bəy, bəs bu məktublarda nələr yazılıb. İnsanlar nələrdən bəhs ediblər?
 - Demək olar ki, həyatın bütün sahələri ilə bağlı yazılmış məktublara rast gəlirik. Siyasi mövzulardan ictimai məsələlərə, elmi mövzulara qədər hər sahədə məktub görməmiz mümkündür. Yəni böyük dövlətlərin öz aralarındakı yazışmalardan, ta bir mədrəsədə oxuyan tələbənin xalasına, yaxud bibisinə yağ, pendir yaxud hansısa qida istəmək üçün yazdığı məktuba qədər hər şeyi görməmiz mümkündür. Misal üçün Zaqataladakı məşhur Nəqşibəndiyyə şeyxlərindən talalı Hacı Əhməd Əfəndinin məktubu var idi. O bölgədəki bir qaziyə (müftüyə) yazdığı məktubda nikah mövzusundan bəhs edirdi. Qazinin şəriətə uyğun olmayan bir nikah elədiyini, bunun da həm dünyada, həm axirətdə fəlakətə səbəb olacağını bildirir, bundan uzaqlaşmasını ondan tələb edirdi. Balakəndə Katexli bir alimə yazılmış fərqli bir məktub var idi. Bu məktubda da bir tələbə Katexli alimdən xahiş edirdi ki, onun orada oxuyacağı müddətdəki təhsil xərclərini qaşılayacağı təqdirdə gələrək canı könüldən ona xidmət etmək istəyir. Eyni zamanda Ağdaşda tapılan bir məktubda Məkkə və digər bölgələrdə qəhvə o zaman daha yeni-yeni yayıldığı üçün qəhvə içməyin caiz olub-olmadığı soruşulurdu. Qubada yazılmış bir məktubda isə Osmanlıya köç etmiş bir adama Azərbaycanda, Qubada, Qusarda qalan ailəsi haqqında məlumat verilirdi. Yəni bu şəkildə həyatın hər sahəsinə dair yazılmış fərqli-fərqli məktublara rast gəlirik.
Burada əsasən siyası məktublar çoxluq təşkil edir. Bu gün şəxsi və ya dövlət arxivlərində saxlanılan Şirvanşahlar, Səlcuqlular, Səfəvilər dövlətlərinə, eyni zamanda Xanlıqlar dövrünə aid bir çox məktub nümunələri vardır. Eyni zamanda Qafqazdakı həm xırda xanlıqlar, həm də böyük dövlətlərin hamısının özlərinə məxsus məktublaşma adət və ənənələri olub. Xüsusilə siyasi məzmunlu məktubların həm yazı olaraq, həm də şəkil baxımından hər birinin xüsusi formatları var idi.

1795-ci ilə aid olan və Ağdaş şəhəri Bulaqotağı kənd qəbiristanlığına atılmış haldaki əlyazmaların arasından Kamran Abdullayev (müsahibimiz) öz araşdırmaları və səyi nəticəsində tapdığı və oxuna biləcək halda qalmış məktublardan biri də yuxarıda göstərilən məktubdur. Məktubun kim tərəfindən və kimə göndərildiyi aydın olmasa da məktubda bunlar yazılıb: “Bir çox ölkədəki müsəlmanların, xüsusilə də əl-Harameyn əş-Şərifeyndə (Məkkə və Mədinədə) içdikləri qəhvə haqqında nə düşünürsünüz? Onu içmək mübahdırmı? Fətva verin, mükafatınızı Allah versin”.

 - Bu məktubları araşdırarkən ən çox nə kimi sıxıntı və ya çətinliklərlə qarşılaşdınız?
 - Ən çox qarşılaşdığımız çətinlik bu məktubların dağınıq halda olmasıdır. Məktubların belə bir xüsusiyyəti var ki, bəzən müstəqil məcmuələr halında qarşımıza çıxır, bəzən də hansısa əlyazma əsərin vərəqlərinin arasında gizlənmiş halda da ola bilər. Misal üçün əslən beyləqanlı Məsud ibn Namdarın hazırladığı bir məcmuə var. Bu məcmuənin böyük bir hissəsi alimin göndərdiyi məktublardan meydana gəlir. Dağıstanda kiçik həcmli 200-300 məktubdan meydana gələn bir məcmuə də var. Eyni zamanda bu məktubları xarici ölkə kitabxanalarına gedib çıxmış əlyazma əsərlərin arasında görməmiz mümkündür. Qafqazda, Dağıstanda və ya Azərbaycanda yazılan məktublar əlyazma əsərlər içərisində Türkiyəyə, Məkkə və Mədinə şəhərlərinə, Suriyaya, Misirə, ya da hər hansı Avropa ölkəsinə qədər gedib çıxıb. İsrail və Vatikan arxivlərində belə Qafqazda yazılan məktublara rast gəlmək olar. Bir sözlə məktublar əlyazmalar içərisində bütün dünyaya dağılıb. Ən böyük problemlərimizdən birisi bu məktubların bütün dünyada fərqli ölkələrdə olmasıdır. Bunun üçün Azərbaycan, Dağıstan ya da ümumi Qafqazdakı məktubat ənənəsini ortaya çıxarmaq üçün bütün dünyadakı arxivləri axtarmaq gərəkir. Bu da çox ciddi problemdir.

İbrahim ibn Hacı əl-Harameyn Məhəmməd Əli Hacı əl-Karatinin Balakən imamı Molla Abdullaha məktubu. Bu məktub haqqındakı geniş bilgi üçün Kamran AbdullayevinQAFQAZDA ƏRƏBCƏ MƏKTUBAT ƏNƏNƏSİ NÜMUNƏLƏRİ (XIX-XX ƏSRLƏR)” adlı əsərini oxuya bilərsiniz.

 - Bəs bölgəmizdə qalmış bu qəbildən məktublara əlçatanlıq hansı səviyyədədir?
 - Azərbaycandakı, ya da Dağıstandakı problemə gəldiksə isə, bu məktubların demək olar ki, əksəriyyəti xüsusi arxivlərdədir. Kəndlərdə, və ya şəxslərin evlərində xüsusi arxivlərində saxlanılır. Ona görə də hansı məktubun harada olduğunu tapmamız elə də asan deyil. Məktubların tapılması, üzə çıxarılması ilə bağlı başqa bir problem də biz bilirik ki, bu məktublar əlyazmalar halında yazılıb. Əlyazmalar kataloq halına salınarkən daha çox əlyazmanın müəllifi, əlyazmanın ismi, bunlar yazılır. Ancaq əlyazmaların içərisində olan vərəqlərdən bəhs edilmir. Dolayısı ilə heç bir kataloqda bu məktublar yer almır. Ona görə də bütün əlyazmanı başdan sona qədər oxumaq, vərəqləmək lazımdır ki, o məktubların harda olduğunu tapa bilək, ondan xəbərimiz olsun. Bu, bizim yaşadığımız ən böyük problemlərdən birisidir.

Qeyd: Kamran Abdullayevdən daha əvvəl aldığımız "Şirvanşahlar kitabxanası tapılsa, Azərbaycan mədəniyyətinə baxışımız dəyişər" başlıqlı müsahibəni buradan oxuya bilərsiniz.

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top