"Şirvanşahlar kitabxanası tapılsa, Azərbaycan mədəniyyətinə baxışımız dəyişər" - Müsahibə + Fotolar


Üzərini torpağın, yaşıllıqların, meşəliyin örtdüyü hansısa tarixi abidənin yanından sıravi insanlar sadəcə ötüb keçirlər. Ancaq bir tarix araşdırmaçısı, ya da bir arxeoloq oradakı daş parçalarını əlinə alanda sanki gözünə işıq gəlir. Həmin o işıqla da: “Burada bir mədəniyyət yatır, burada bir millətin silinmiş hafizəsi var”, deyir. Bu müsahibədə də o hissləri yaşadım. Müsahibim sanki yoxluqda varlığı görürdü. Araşdırdığı əlyazma əsərlər, alimlərin öz aralarındakı məktublaşmaları və bütün bunların fonunda yaranan mənzərə tarixə baxışımızda, tarixin açılmayan səhifələrində bizim üçün sanki bir işıq rolunu oynayırdı.

Sokrata aid edilən bir söz belədir: “Mən onu bilirəm ki, heç nə bilmirəm”. Bu müsahibəyə bir neçə giriş cümləsi yazmaq istəyəndə ağılıma Sokratın yuxarıdakı sözləri gəldi. Ərəbşünas alim, əlyazma əsərlərin tədqiqi üzrə mütəxəssis Kamran Abdullayevdən bu müsahibəni alanda ağılımda canlanan ifadə məhz belə oldu: “Biz bilmirik, tariximizdən xəbərsizik”. Əslində bu bilməmək Sokratın “bilmədiyi” kimi çox dəyərli bilməməkdir. Heç olmasa bunun fərqində olmaq bizi bilmədiyimiz şeylərə aparacaqdır.
Yeniavaz.com saytının təqdim etdiyi bu müsahibədə Kamran Abdullayevlə Şirvanşahlar dövlətinə aid kitabxananın olduğuna dair dəlillərdən, Şirvan mədrəsələrində oxudulan əsərlərdən, Azərbaycanda öz funksiyalarını itirmiş elm və mədəniyyət mərkəzlərindən, tarixi kitabxanaçılıq ənənəmizdən, çox erkən tarixdə, XX əsrdə yaşamış bir çox alimlərimizi öyrənə bilməməyimizin səbəblərindən, bizə yad olan, yadlaşdırılan, yaxud kənarda qalan bizim alimlərimizdən danışmağa çalışdıq…
Əlyazma əsərlərin kataloqlarına nəzər saldıqda Amerikadan tutmuş Yaponiyaya qədər müxtəlif ölkələrin kitabxanalarında çox sayda Ağdaşi, Ərəşi və ya Şirvani təxəllüsündə alim və xəttatın olduğunu qeyd edirsiniz. Bu, o alimlərin təkcə əsərlərinin bölgəmizdən aparıldığını göstərir, yoxsa alimlərin özlərinin də hansısa səbəbdən (və ya səbəblərdən) məcburi köçündən söz gedə bilər?
 - Bu gün dünyada əlyazma əsərlərinin saxlanıldığı elə bir kitabxana yoxdur ki, orada Azərbancanlı alimlərə aid əlyazmalar olmuş olmasın. Əslində Ağdaşi, Şirvani, Qarabaği, Naxçıvani, ümumi təxəllüslərdir. Bunlara aid əsərlər demək olar ki, bütün dünyadakı əlyazmalarda vardır. Bunlar əsasən böyük şəhərlərdə yaşamış alimlərimizə aid təxəllüs və ya nisbələrdir. Eyni zamanda Azərbaycanın hər hansı bir kəndində yaşamış xəttatın və ya bir müəllifin əsərlərini də fərqli ölkələrdəki kitabxanalarda görməmiz mümkündür. Misal üçün Qazaxın Salahlı kəndində yaşamış bir səyyahın əsəri bu gün Hollandiyadakı kitabxanada saxlanılır. Və ya Oğuz rayonunun Tərkeş kəndində yaşamış bir alimin əlyazma əsəri ilə bu gün Misirdə, İsraildə, Hollandiyada, Türkiyədə və digər bir çox ölkədə qarşılaşmamız mümkündür. Yəni Azərbaycandan aparılan əlyazmalar sadəcə şəhərlərdə yaşamış böyük alimlərin deyil, hətta kəndlərində yaşamış alimlərin, xəttatların əsərləri də bu gün demək olar ki, bir çox ölkələrdə sərgilənir.

Əlyazma əsərlərin günümüzdə fərqli ölkələrdə olmasının nə kimi səbəblərindən bəhs etmək olar?
 - Bunun bir çox səbəbi var. Birinci səbəbi təbii və ya normal səbəblərdir. Yəni, keçmişdə İslam ölkələri arasında, İslam alimləri arasında güclü əlaqələr var idi. İstər tədris əlaqələri, istər səyahət mənasında əlaqələr, istərsə də həcc ibadəti məqsədilə alimlər fərqli ölkələrə gedir, oralardan keçməli olurdular. Misal üçün Qubadakı Məhəmməd Alıci XVIII-XIX əsrdə yaşamış çox məşhur bir alimdir. Bu gün onun əsəri Səudiyyə Ərəbistanında Məkkə şəhərindəki “Əl-Haramun Məkki” kitabxanasında saxlanılır. Əslən qubalı Məhəmməd Alıcinin bu əsərinin üzərində Sultan Əbdul Əzizin vəqfi, onun möhrü var. Məhəmməd Alıcinin 7 dəfə həccə getdiyi söylənilir. Demək ki, bu kitab həccə gedərkən oradakı hər hansı dövlət xadiminin əlinə keçir və Sultan Əbdul Əzizin möhrü vurularaq oradakı Kəbənin kitabxanasına vəqf edilir. Bunu hər hansı əlyazma əsərin təbii yolla başqa bir ölkəyə gedib çıxmasına bir misal kimi verə bilərik.
Əlyazma əsərlərin təbii yolla başqa ölkələrə aparılmasından, başqa ölkələrə ayaq açmasından bəhs etdiniz. Bəs burada qeyri təbii yoldan bəhs etmək olar?
 - Bəli, belə bir məsələ də var. Misal üçün azərbaycanlı Əbu Bəkr Şirvani adında məşhur bir kitabxanaçı var ki, onun həyatı və əsərləri haqqında çox təəssüf ki heç bir araşdırma aparılmayıb. Əbu Bəkr Şirvani həm kitabxanaçıdır, həm xəttatdır, eyni zamanda müəllifi olduğu bir çox əsəri var. Bu adamın kitabxanasına məxsus əsərlərə demək olar ki, günümüzdə bütün dünya kitabxanalarında rast gəlirik. Rusiyadan ta Amerikaya qədər hər ölkədə o adama məxsus əlyazmaları görməmiz mümkündür. Hətta onun möhürü olan əlyazma əsərlərin internet ortamında, saytlarda belə yerləşdirildiyini görmək olar. Əbu Bəkr Şirvani Şirvandan hicrət edərək əvvəla həccə gedir, oradan Misirə, daha sonra da Türkiyəyə gəlir. Onun əsərlərinin bir qismini Səudiyyə Ərəbistanında, bir Qismini Misirdə, xüsusilə də böyük bir qismini Türkiyədə görürük. Əbu Bəkr Şirvani Osmanlı dövlətində kitabxanaçıların rəisi, başqanı mənasına gələn “Rəisul Kuttab” vəzifəsində çalışıb. Sanki o Şirvan bölgəsində, öz ana yurdunda yarımçıq buraxdığı işi Osmanlıya gələrək burada davam etdirib. Buna görə də Əbu Bəkr Şirvaninin əlyazma əsərlərinə bu gün Türkiyə coğrafiyasında daha çox rast gəlirik. Bir məsələ var ki, Əbu Bəkr Şirvaniyə aid əsərlərə bu gün İtaliyada, Almaniyada, Hollandiyada, Amerikada, Rusiyada rast gəlirik. Halbuki bu ölkələr alimin getmədiyi ölkələrdir. Sadalanan bu ölkələrdə bu alimin əsərlərini görürüksə, deməli Əbu Bəkr Şirvaninin kitabxanasına aid bu əsərlər bu ölkələrə qeyri-qanuni yollarla çıxarılıb. Əlyazmaların başqa ölkələrə getməsinin digər səbəbi də budur. Qeyri-qanuni yollarla Azərbaycana aid əsərləri bu gün demək olar ki, bütün dünya kitabxanalarında görməmiz mümkündür. Bunların bir qisminə oğurlanıb deməyimiz mümkündür. Bir qisminə satılıb deyə bilərik. Bir qismi isə bilmədiyimiz, qeyri-qanuni fərqli yollarla aparılıb.

Hətta siz Şeyx Şamilin itmiş kitabxanasından bəhs edirsiniz…
 - Bəli, Şeyx Şamilin özünə məxsus böyük bir kitabxanası olub. Şeyx Şamil Çar Rusiyası ilə mübarizə apararkən bu kitabxananı geridə qoymaq məcburiyyətində qalıb. Bu kitabxana rusların əlinə keçərək Peterburqa aparılıb. Ancaq bu əsərlərin hamısının üzərində Şeyx Şamilin vəqfiyyəsi (vəqf edilən kitab və ya daşınmaz əmlakın vəqfin qurucusu tərəfindən onun fəaliyyəti haqqında yazılan rəsmi sənəd) var. Həmin vəqfiyyədə bu kitabların öz oğlu Qazi Məhəmmədə vəqf edildiyi yazılıb. Günümüzdə bu əsərlərin bir qismi İsraildə, bir qismi isə Amerikadadır. Bu əsərlərin saxlanıldığı kitabxanalar sözügedən kitabların onlara necə gəlib çatdığı barədə dəqiq məlumat vermirlər. Dolayısı ilə qeyri qanuni yollarla Avropa kitabxanalarına gedib çıxmasında onların da əllərinin olduğunu deməyə əldə əsaslar olur. Çünki bu əsərlər onlarda olmayıb. Daha sonra hər hansı yollarla onların əlinə keçib. Onlar da bunu etiraf etmirlər. Bu, əsərlərin qeyri qanuni yollarla fərqli ölkələrə aparılmasına dair sadəcə bir misaldır.
Kamran bəy, İngiltərə kitabxanalarında saxlanılan “Şamaxı antologiyası” əsərinin oraya necə gedib çıxdığı haqda hər hansı məlumat varmı?
 - İngiltərədə Şamaxıda yazılmış “Şamaxı antologiyası” adında çox məşhur əsər var. Bu "Şamaxı antologiyası" əsəri şirvanlı bir xəttat tərəfindən Şamaxıda yazılmış və Şirvanşahlar dövlətinin kitabxanasına hədiyyə edilmişdir. Ancaq bu gün bu əsər İngiltərədədir. Bunun təbii bir yolla ora gedib çıxması mümkün deyil. Bu kimi bir çox original əsərlər var ki İsrailə, İtaliyaya, Vatikana, necə gedib çıxdığı bizə qaranlıqdır. Biz bu əsərlərin qanuni yollarla oraya gedib çıxdığını düşünmürük. Həmin kitabxana və ya muzeylər də özləri bizə bu barədə açıq bir məlumat vermirlər. Çünki onlar da bu əsərlərin özlərinə qanuni yolla getmədiyini bilirlər. Daha çox üstü qapalı ifadələrlə cavab verməyə çalışırlar. Bir sözlə, üzərlərində azərbaycanlılara aid mülkiyyət qeydi olan əlyazmaları bu gün fərqli ölkələrdə görməmiz mümkündür.

Əslən tarixi Şirvan bölgəsindən olan və əsərləri hal hazırda başqa ölkələrin kitabxanalarında saxlanılan başqa hansı alimləri göstərmək olar?
 - Burada Sədrəzəm Mehmet Rüşdü Paşa Şirvanini də qeyd edə bilərik. İsmail Şirvaninin oğlu olan Sədrəzəm Mehmet Rüşdü Paşa Şirvani əlyazmalarının böyük bir qismini Səudiyyə Ərəbistanının kitabxanalarında saxlanılır. Əlyazmaların hamısının üzərində Şirvanizadə Mehmet Rüşdü Paşanın möhürü var. Müəllif əlyazmada əsərlərin həmin nüsxələrini buraya vəqf elədiyini qeyd edib. Bu kimi əsərlərin sayısı minlərlədir. Bu da alimlərin gedərkən əlyazmaları özləri ilə apardığını göstərir. Hicrət edən alimlərin özləri ilə əlyazma əsərləri aparmalarına dair misallar olsa da, zənnimcə qeyri qanuni yollarla əlyazma əsərlərin aparılması daha çoxdur.
Bir əsrdə əlifbamız üç dəfə dəyişdirilib. Gənclərimiz, gənc tədqiqatçılar min illik tariximizi oxumaq üçün əlifba problemini necə həll etməlidirlər?
 - Bizim min illik tariximiz, ədəbiyyatımız əski türk əlifbasında yazılıb. Dolayısı ilə bu əlifbanı bu gün yazı dili olaraq istifadə etmək niyyəti artıq heç bir dövlətdə yoxdur. Ancaq bu əlifbanı Türkiyədə olduğu kimi istər İlahiyyat, (ölkəmizdəki qarşılığı İslamşünaslıq, Dinşünaslıq) fakultələrində, istərsə də məktəblərdə və ya əlavə məşğələlərdə gənclərimizə öyrətməmiz mümkündür. Biz bu əlifbanı gənclərimizə sadəcə oxumağı belə öyrətmiş olsaq, əslində bir çox problemi həll etmiş olacağıq. Birincisi gənclər bu əlifbanı öyrəndikləri zaman artıq min illik mədəniyyətləri ilə bir bağlantı qurma imkanları olacaq. Hətta bəzi əsərləri özlərinin birbaşa, birinci mənbədən oxuma imkanları ortaya çıxacaq. Bunun üçün biz mütləq əski türk əlifbasını gənclərimizə öyrətməliyik. Təəssüf ki bu mövzuda fəaliyyətlər çox yavaş gedir. Ümum İslam tarixinə və onun bir parçası olan Azərbaycan tarixinə nəzər salsaq, önümüzdə 1400 illik bir tarix görəcəyik. Bu 1400 illik tariximizin sadəcə son 100 ili bəzən latın, bəzən kril hərfləri ilə yazılaraq keçilib. Əsərlər bu əlifbalarda yazılıb. Ancaq 1300 illik mədəniyyətimizə aid əsərlərin hamısı əski türk əlifbasında yazılıb. Dolayısı ilə mədəniyyətimizin təxminən 95 faizi əski türk əlifbasındadır. Onun üçün biz mütləq və mütləq o əlifbanı oxumağı öyrənməliyik. Ən azından heç olmasa oxumağı öyrənməmiz lazımdır ki, küllərimizdən yenidən doğaq, tariximizə öz əllərimizlə toxuna bilək.

Şirvan mədrəsələrinin dövrümüzün universitetlətindən müəyyən sahələrdə daha öndə olduğunu qeyd edirsiniz…
 - Bəli, Şirvanın normal bir mədrəsəsində İbn Sinanın əsərləri çox rahatlıqla oxunur, haqqında şərhlər də yazılırdı. Ancaq bu gün İbn Sinanın əsərlərini universitetlərdə belə oxumaq həddindən artıq çətindir. Yəni mütəxəssislik istəyən bir işdir. Hər kəsin edə bilmədiyi bir şeydir. Ancaq o dövrdə Şirvan mədrəsələri üçün, Şirvandakı tələbə və müəllimlər üçün həddindən artıq bəsit bir məsələ idi. Ona görə də baxırıq ki, İbn Sinanın əsərlərinə ən önəmli şərhlərdən birisi Əkmələddin Naxçıvaninin şərhidir. Eyni zamanda İbn Sinanın əsərlərinə Zeynəl Ərəb Naxçıvani adında bir alim tərəfindən başqa bir şərh yazılıbdır. Bunların bir çoxuna o zaman “mütətəbbib” deyirdilər ki, o dönəmin ifadəsi ilə həkim mənasına gəlirdi. Misal üçün İtaqi Şirvani, Şirvan mədəniyyətinin yetişdirdiyi həkim idi. İlk dəfə “Təşrihi-Əbdan” (İnsan Bədəninin Anatomiyası) adlı rəsmli anatomiya kitabı yazan həkim idi. İtaqi Şirvani Osmanlıya köçdüyü zaman artıq bu tibb və həkimlik təhsilini bitirmişdi. Bu kitabı yazacaq səviyyəyə gəlmişdi. Ancaq bu gün biz İtaqi Şirvanini yetişdirən Şirvan mədəniyyətindən xəbərsizik. Əgər Şirvanşahlar kitabxanasına aid əsərləri tam olaraq ortaya çıxara bilsək, eyni zamanda o mədəniyyəti də öyrənmiş olacağıq. Dolayısı ilə Şirvanşahlar dövlətinin kitabxanasının bu gün əlimizdə olmaması həm Azərbaycan üçün həm də ümum İslam mədəniyyəti üçün də böyük bir itkidir.

Belə bir itmiş elm xəzinəsindən söhbət gedirsə, bunların tapılıb ortaya çıxarılması üçün sizcə nələr edilməlidir?
 - Məncə sözügedən bu kitabxanaya aid əsərlər bu gün də dünyanın müxtəlif ölkələrindəki kitabxanalarda, əlyazma əsərlərin saxlanıldığı arxivlərdə mövcuddur. Ancaq bunların tapılması üçün çox ciddi çalışmaların aparılması lazımdır. Daha əvvəl qeyd etdiyimiz kimi Azərbaycan əlyazmaları bütün dünya kitabxanalarına səpələnib. Ancaq bunların bu gün bir araya gətirilməsi, təhqiq edilməsi və araşdırılması işi həddindən artıq elmi zəhmət və vaxt tələb edən məsələdir. Bu, bir insanın, sadəcə bir tədqiqatçı və ya alimin tək başına edəcəyi iş deyil. Bu əsərlərin ortaya çıxarılması üçün mütləq bir müəssisə qurulmalı və bir heyət halında çalışmalar edilməlidir. Dünyanın dörd bir yanına səpələnmiş bu əlyazma əsərlərin heç olmasa elektron nüsxələrinin əldə edilməsi üçün çalışmalar edilməlidir. Əks halda Azərbaycan mədəniyyəti və elminin o itmiş, başqa ölkələrə aparılmış hissələri öyrənilməmiş qalacaq. Bu mənada qeyd edim ki, hələ də haqqında heç bir çalışma aparılmamış bir çox məşhur Şirvan şairlərinin adına əlyazma əsərlərində dünya kitabxanalarının kataloqlarında rast gəlirik.

Bu haqda hansısa misallar verə bilərsiniz?
 - Ən çox diqqətimi çəkənlərdən birisi XVI əsrin ortalarında yaşayan Həlimi Şirvani adlı şairdir. Eyni zamanda alim kimliyi olan Həlimi Şirvani məntiq elmi və digər sahələrdə təxminən 10-a yaxın əsər yazmışdır. Ancaq Həlimi Şirvaninin elmi fəaliyyəti haqqında demək olar ki, hər hansı araşdırma aparılmayıb, heç bir əsəri tərcümə edilməyib. Bu sadalananlar Şirvan şairlərinə dair sadəcə bir nümunədir. Onlarla, yüzlərlə alimimiz, şairimiz vardır ki, haqqında heç bir çalışma yoxdur. Dolayısı ilə bu Şirvan mədəniyyəti öyrənilməmiş bir mədəniyyətdir. Öyrənilməsinə çox ciddi ehtiyac var. Əgər bu əsərlər çox ciddi şəkildə öyrənilərsə, tariximizin, ədəbiyatımızın demək olar ki, qaranlıq bir yeri qalmayacaq. Şirvanşahlar kitabxanası əgər tapılarsa, həm Azərbaycan mədəniyyətinə baxışımız, həm də İslam elmi mühitinə baxışımız qismən dəyişəcək.

Kamran bəy, Azərbaycanda sonraları öz funksiyalarını davam etdirə bilməyən hansı elm və mədəniyyət mərkəzlərindən bəhs etmək olar?
 - Əslində rusların bölgəyə gəlməsindən əvvəl Azərbaycanda klassik elm və mədəniyyət mərkəzləri var idi. Misal üçün Şəkidəki ən önəmli elm mərkəzlərindən biri Göynük kəndində olmuşdur. Oğuz rayonunun Xaçmaz kəndi bu bölgədə dövrün ən önəmli elm mərkəzlərindən biri idi. Eyni zamanda Qaxda İlisu kəndi, Zaqatala və Balakən zonasında Car kəndi, İsmayıllıda Basqal kəndi bu cür elm və mədəniyyət mərkəzlərindən idi. Ancaq ruslar gəldikdən sonra bu ənənəvi mərkəzləri özləri istədiyi şəkildə dəyişdirdilər. Misal üçün Göynük kəndi köhnə əhəmiyyətini itirdi. Onlarca məscid, mədrəsə yıxıldı. Oradakı bütün əlyazmlar yandırıldı və ya başqa yerlərə aparıldı. Araşdırmalar zamanı Şəkinin Göynük kəndində yazılmış bəzi əlyazmalar qarşıma çıxmışdı. Bu əlyazma əsərlərdən anlayırıq ki, o dövrdə Rusiyadakı Tatarıstandan Göynük kəndinə təhsil almaq üçün gəlirdilər. Həmçinin buraya sadəcə təhsil amaq üçün deyil, müəllimlik etmək üçün də gələnlərin olduğunu görürük. Bir sözlə, bu gün sadəcə bir kənd olaraq tanıdığımız Göynükün vaxtilə beynəlxalq əlaqələri olub. Eyni zamanda Oğuzun Xaçmaz kəndindən yüzə yaxın alimin çıxdığı mənbələrdə qeyd olunur ki, bu gün bu alimlərin əksəriyyətinin adlarını belə bilmirik. Ağdaşda Nebatabad kəndi vardır ki, oranın əlyazmalarının böyük bir qismi demək olar ki, yox edilib. Əslində Ərəş bölgəsinin (indiki Yevlax rayonu ərazisində mövcud olmuş şəhər) ən önəmli mərkəzlərindən biri məhz Nebatabad kəndinin ərazisidir. Göyçayda Qarabaqqal kəndi vaxtilə çox sayda mədrəsələrin olduğu yerdir. Qarabaqqal kəndinin 20-yə yaxın alimi olduğu qeyd edilir ki, bu gün bunlardan sadəcə Məhəmməd Qarabaqqali adındakı alimə aid kiçik bir risalə qalıb. Qalan hamısı yox edilib. Əlyazmaların böyük bir qismi yandırıldı, alimlərin böyük bir qismi sürgün və ya edam edildi.

Elm və mədəniyyət mərkəzləri ilə yanaşı Azərbaycanda kitabxanaçılıq ənənəsi ilə bağlı nələr deyə bilərsiniz?
 - Azərbaycanda, ya da ümumiyyətlə Qafqazda kitab ənənəsi Avropadan çox qədimdir. Avropadan da çox keyfiyyətlidir. Əslində Azərbaycandakı qədər qədim əlyazmalara Avropanın bir çox yerində rast gələ bilmərik. Ancaq o əlyazmalar bu gün Azərbaycanda deyil. Azərbaycanda ciddi bir kitabxanaçılıq mədəniyyətinin olduğunu görməmiz mümkündür. Əslində bu kitabxanalar daha qədim dövrlərdə dövlətlərin xüsusi arxivlərində olurdu. Misal üçün, Naxçıvanda Atabəylər dövlətinin zəngin kitabxanası var idi. O cümlədən Gəncə kitabxanası çox məşhurdur. Oralarda çox sayda əsər yazılıb. Bu kitablar dövlət kitabxanalarında, dövlət arxivlərində və ya mədrəsələrin xüsusi arxivlərində saxlanılırdı. Misal üçün Şamaxı mədrəsəsi çox məşhurdur. Alman səyyahları belə Şamaxı mədrəsəsində minlərlə kitabın olduğunu söyləyir. Naxçıvan mədrəsələrində həddindən çox əsər var idi. Bu əsərlər çox təəssüf ki bu gün demək olar ki, yox edilib. Harada olduğu dəqiq bilinmir. Biz bu kitabxanalara aid əsərləri araşdırarkən, misal üçün, Şamaxı mədrəsəsində yazılmış bir əsərin İrlandiyada olduğunu görürük. Bir qismi İranda, Türkiyədə, bir qismi fərqli Avropa ölkələrindədir. Yəni daha sonra bu əsərlər dünyanın fərqli ölkələrinə aparılıb. Bütün bunlar Azərbaycanda kitabxanaçılıq mədəniyyətinin olmadığını deməyə əsas verməz. Xeyr, çox ciddi kitabxanaçılıq mədəniyyəti olub. Ancaq daha sonrakı dövrlərdə yaşanan siyasi hadisələr Azərbaycandakı kitabxanaçılıq mədəniyyətinin davam etməsinin önünü kəsib. Azərbaycan coğrafiyasında çox böyük kitabxanalar qurulub, çox sayda əsər yazılıb. Elə aydın olur ki sonrakı dövrlərdə, bunları qorumaq mümkün olmayıb. Daha sonrakı dövrlərdə baş verən müharibələr, siyasi səbəblər bu kitabxanaların əldən çıxmasına, başqa ölkələrə daşınmasına, yaxud yox edilməsinə səbəb olub.

İmam Şamilin göndərdiyi, ya da İmam Şamilə göndərilən bir çox məktubları oxumuş, bunlar üzərində araşdırmalar aparmısınız. Bu məktublarda əsas diqqətinizi cəlb edən məsələlər nələr oldu?
 - Qafqaz bölgəsi çox qarışıq bir coğrafiyadır. Burada həddindən artıq çox millətlər yaşayır. Burada çox fərqli dillər danışılır. Hətta ruslar buradakı müxtəlif millətlər arasındakı problem qarşısında çox çətinliklər yaşayırdılar. Şeyx Şamilin məktublarını araşdırarkən diqqətimi çəkən xüsuslardan biri, Şeyx Şamil ruslara təslim olduqdan sonra rusların hələ də bilmədikləri mövzularda Şeyx Şamilə müraciət etmələri idi. Şeyx Şamilin o bölgələrə göndərdiyi məktubları oxuyaraq o bölgələrdəki problemlərə nə cür bir hökm, fətva verdiyini araşdırırdılar. Şeyx Şamilin verdiyi hökmdən başqa bir hökm verə bilmirdilər. Yəni Şeyx Şamilin vediyi hökmün ən ideal bir qərar olduğuna onlar da qərar verir və bunu etiraf edirdilər. Onun etdiyinin eynisini tətbiq edirdilər. Şeyx Şamilin məktublarını araşdırarkən diqqətimi çəkən xüsuslardan biri məhz bu idi. Bu məsələ eyni zamanda rusların Şeyx Şamilə bir az mülayim davranmasının səbəblərindən biri idi. Şeyx Şamil tam olaraq İslam hüququna uyğun və bölgəyə uyğun idari qərarlar qəbul edirdi. Ruslar o bölgəni idarə etmək üçün Şeyx Şamilin siyasi təcrübəsinə ehtiyac duyurdular. Bu mənada Şeyx Şamil Dağıstan üçün siyasi bir qəhrəman və ideal bir şəxsiyyət idi.

Kamran bəy, izinə düşdüyünüz, əlyazma əsərlərdə heç olmasa alim kimliyi ilə qarşınıza çıxan hansı adlardan bəhs edə bilərsiniz?
 - Həyatları haqqında heç bir məlumatın olmadığı yüzlərlə insan, alim vardır. Bu vəziyyət XVIII əsrdə də XIX əsrdə eyni şəkildə davam edir. Yüzlərlə Azərbaycan aliminin bu gün bioqrafiyaları bilinmir. Mənbələrdə Ağdaşın Padar kəndində 85 yaşında güllələnərək öldürülən bir imamdan bəhs edilir. Hər halda repressiya illərinə aid bu hadisə haqqında məlumat hələ yeni-yeni ortaya çıxır. Əlyazmalarda İsmayıllı rayonunun Tağlabiyan kəndində yaşamış Məhəmməd Tağlabiyani adında bir alimin adı keçir. Bu adam bir çox əsər yazmış alimdir. Ancaq mənbələrdə haqqında heç bir məlumat keçmir. Məhəmməd Tağlabiyaninin həyatı haqqında fərqli kitabxanalardan qısa bioqrafik məlumatlar əldə edə bilmişdim. Ancaq əldə etdiyimiz bu məlumatlar həmin bu alimin həyatını geniş və əhatəli öyrənməyə imkan vermir. Təxminən 70 yaşında dünyasını dəyişən bu alim 10-a yaxın əsər qələmə alıb, bizə çox uzaq olmayan bir tarixdə yaşayıb ancaq biz onun həyatı haqqında heç bir məlumat əldə edə bilmirik.
Bu cür alimlərdən birisi də Süleyman Şirvanidir. Bütün elmi icazətnamələrdə Suleyman Şirvaninin adı keçir, ancaq həyatı haqqında heç bir məlumat yoxdur. Eyni zamanda Əbdün Nəbi Şirvani adında bir alimdən bəhs edilir ki, XVI-XVII əsrlərdə yaşadığı təxmin edilir. Qəbələ rayonunu Həmzəli kəndində dəfn edildiyi mənbələrdə qeyd edilir. Ancaq həyatı haqqında ətraflı bir məlumat yoxdur. Əbdün Nəbi Şirvani bir əlyazmadakı qeyddə Xəlvəti şeyxlərindən Şeyx Məhəmməd Şirvaninin nəvə və ya nəticələrindən olduğu deyilirdi. Məlumat da bu qədərlə məhduddur. Eyi zamanda Həsən Şirvani Şamaxi və ya Şamaxıdan Həsən Əfəndi adında bir şəxs vardır ki, bunun həyatı haqqında da geniş bir məlumat yoxdur. Hüseyin Əfəndi Bəlgüşadi var ki, mənbələr də sadəcə adı keçir. Həyatı haqqında heç bir məlumat yoxdur. Azərbaycandakı bütün əlyazma əsərlərdəki icazətnamələrdə adı keçən Əli Əfəndi Şirvani və ya Qurd Əli Şirvani var ki, onun da həyatı haqqında məlumatlar həddin artıq azdır. Hansı əsərinin olub-olmadığını da bilmirik. Ancaq Şirvan xanı Mustafa xanın ən yaxın adamlarından, sözünə ən çox etibar etdiyi alimlərdən birisi olduğu söylənilir. Əbdul Kərim Ağdaşi adındakı bir alimdən də bəhs edilir ki, onun da həyatı haqqında mənbələrdə heç bir məlumat yoxdur. Abdullah Qumlaki əl-Ağdaşi adındakı başqa bir adamdan bəhs edilir ki, Abdullah Qumlaki başqa bir Ağdaşlı alim olan, daha sonra Məkkəyə hicrət eləmiş Əhməd əl-Muhacir adındakı bir alimin müəllimi olubdur. Əhməd əl-Muhacir özü də yenə Ağdaşın Ağcayazı kəndindən olub. Mənbələrdə bu alimin yaşadığı kəndin adı Ağcayazı olaraq ifadə edilir. Bu alimin də 10-a yaxın əsəri var ki, o, eyni zamanda xəttatdır. Ancaq bu günə qədər heç bir əsərini əldə etmə imkanımız olmayıb. Bəziləri Suriyada, bəziləri Bosniyada, bəziləri Səudiyyə Ərəbistanında, əsərləninin nüsxələri vardır. Sadaladığım bu alimləri hal hazırda Ağdaşın özündə belə tanıyan, adını eşidən yoxdur. Məhəmməd Kazım Qutqaşınlı adındakı başqa bir alimdən bəhs edilir. Qəbələdə bir mədrəsəsi olduğundan, o mədrəsədə fərqli bölgələrdən çox sayda tələbənin gələrək oxuduqlarından bəhs edilir. Əslən Qəbələ ətrafında yaşayan Hapıt tayfasından olduğu deyilir. Buradan anladığımız odur ki, yaşadığı dövrdə məşhur bir alim olub, Qəbələdə bir mədrəsəsi olub. Bu siyahını artırmamız mümkündür. Yüzlərcə belə alim var ki, həyatları haqqında məlumat yoxdur. Bütün bunlar Azərbaycandakı bioqrafiya ənənəsinin daha çox araşdırmaya ehtiyac olduğunu açıq bir şəkildə göstərir.

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top