Azərbaycan qadınları ilə həmişə fəxr etmişik. Onların əməksevərliyi, ailəcanlılığı, isməti bir dəyər olaraq milli genetikamıza həkk olunub. Müasir dünyamızda istənilən cəmiyyətin sürətli inkişafının təmin edilməsinin kökündə duran əsas məqamlardan biri tək güclü yox, həm də zərif cinsin nümayəndələri də var. Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi, indi də cəmiyyətdə aparıcı rol oynayırlar. Belə qadınların arasında hər gün, hətta bayram günlərində də iş başında olan süpürgəçi qadınlarda var. Onların işi həmişə çətin olur, bayram günlərində isə bu iş iki qat artır. Səhər tezdən iş başında olan bu xanımlar deyirlər ki, sakinlərimizdən xahişimiz budur ki, məişət tullantılarını küçəyə atmasınlar: “Mingəçevirin hər addımlığında zibil qutuları qoyulub. Amma bəzən görürsın ki, zibili uşağın əlinə verib göndərilər küçəyə. Belə olan halda bizim işimiz daha da artır”.
1997-ci ildən Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin işçisi Xanım Əhmədova deyir ki, işə gələn kimi xalatlarımızı geyinib, əraziyə çıxırıq: “Hər kəsin öz ərazisi var. Saat 06:00-dan ərazini təmizləyib bitirməliyik. İşimiz çətin və təhlükəlidir. Hər yarım saatdan bir ərazidə olub, tökülən zibilləri süpürürük. İşimiz daha çox payız aylarında, bir də bayram günlərində olur. Heç bir çətinlik çəkmədən öz işimizin öhdəsində gəlirik. Biz də xalqımızı qarşıdan gələn əziz bayram münasibəti ilə təbrik edirik”.
Bu xanımlar deyir ki, bayram günlərində hərdən gənclər bizi təbrik edir, bu da bizi çox sevindirir ki, bizi də yada salan olur.
Xüsusilə qeyd etmək istərdim ki, şəhərimizin təmizliyində xüsusi xidmətləri olan fədakar ana və bacılarımıza hədiyyə verməsək də, heç olmasa bir salamla onların yanından ötəndə könüllərini xoş edə bilərik. Digər tərəfdən, imkanlı şəxsləri, bütövlükdə cəmiyyəti əlamətdar günlərdə üzərimizdə haqqı olan insanları unutmamağa səsləyirəm. Mən onlardan bu müsahibəni alanda çox sevindilər. Dedilər ki, bizi də hardasa göstərəcəklər?
Esmira Hidayətova, Mingəçevir