
“Bəxtiyar Hacıyevi o psixoloji və fiziki vəziyyətdə həbsxanada saxlamağa ehtiyac varmı? Gəlin baxaq, elə şəxslərin ev dustaqlığı şəraitində istintaqını təmin edirlər ki, burda nə var ki?! Burda açıq-aşkar görünür ki, kimsə kimdənsə hayıfını alır”.
Bu sözləri Yeniavaz.com-a müsahibəsində “Yeni Nəsil” Azərbaycan Jurnalistlər Birliyinin sədri, Bakı Mətbuat Klubunun prezidenti, “Media açarı” jurnalist mükafatının təsisçisi, ictimaiyyətlə əlaqələr sahəsi üzrə mütəxəssis, jurnalist Arif Əliyev müvafiq sualı cavablandırarkən deyib.
Jurnalistin “İctimai fəal Bəxtiyar Hacıyevin timsalında KİV-in məhkəməyə hörmətsizlikdə təqsirləndirilən, həbsdə aclıq edən və kibercinayətə məruz qalan bir vətəndaşa münasibəti necə olmalıdır?” sualına Arif Əliyev belə cavab verib:
“Biz indi burda işıqlı, sakit bir yerdə oturub, heç kimin bizə heç nəyi məcbur etmədiyi bir şəraitdə söhbət edirik və içəridə əyləşmiş bir şəxs haqqında münasibət bildiririk. Mən bilirəm ki, o şəxs mürəkkəb adamdır. Bu məsələdə, yəqin ki, razılaşdığımız, razılaşmadığımız məqamlar var. Hətta güclü tənqid kimi irəli sürəcəyimiz məqamlar da ola bilər. Amma bu adam xuliqan deyil, ictimai fiqurdur. Və bizim münasibətimiz də o cür olmalıdır. Dövlətin vəzifəsi vətəndaşını alçaltmaq, cəzalandırmaq, mütləq başını divara döymək, onu ən ağır şərtlərlə qarşılaşdırmaq deyil. Dövlətin vəzifəsi işi düzgün araşdırıb və ona layiq olduğu cəzanı verməkdir. Bunun üçün Bəxtiyar Hacıyevi o psixoloji və fiziki vəziyyətdə həbsxanada saxlamağa ehtiyac varmı? Gəlin baxaq, elə şəxslərin ev dustaqlığı şəraitində istintaqını təmin edirlər ki, burda nə var ki?! Burda açıq-aşkar görünür ki, kimsə kimdənsə hayıfını alır. Əslində biz bilirik, nəyin hayıfını alırlar. Dövlət belə şeyə heç vaxt getməməlidir. Əlində əsas var, yoxdur, heç vaxt belə şeylərə getməməlidir. Biz də cəmiyyət olaraq belə şeylərə getməməliyik. Çünki buna öyrəşdinsə, buna susdunsa, sabah yüz faizlik haqqa da susacaqsan. Bu bir öyrəncəlikdir. Mən düşünürəm ki, B.Hacıyev məsələsinə biz belə yanaşmalıyıq. O günahkardır, günahkar deyil, bu ikinci məsələdir. Birinci məsələ ondan ibarətdir ki, bu iş nə dərəcədə ədalətli aparılır. Və onun hökm çıxmamışdan əvvəl çəkdiyi cəza onun düşdüyü şəraitə uyğundur, uyğun deyil? Mənə elə gəlir ki, əlbəttə, uyğun deyil. Milyonları yemiş və bu cəmiyyətin başına oyun açmış adamları həbsdən evə buraxırlar. Heç demirlər ki, bu qaça bilər, istintaqa təsir edə bilər. Milyonları var, istədiyi anda təsir edə bilər. Açıq-aşkar görünür ki, bəhsəbəs gedir. Dövlət heç vaxt vətəndaşla bəhsəbəs etməz. Mənə elə gəlir ki, mətbuat bu məqamda birinci növbədə insan haqlarını üstün tutmalıdır. Bu, onsuz da mətbuatın vəzifəsidir. Və mətbuat bir şeyi unutmamalıdır ki, bizim haqqında məhkəmə hökmü çıxarılmamış heç bir şəxsi cinayətkar adlandırmağa haqqımız yoxdur. Və ona o cür münasibət sərgiləmək də olmaz. Əlbəttə, faktları yaz, qiymətini ver. Amma, məncə, bu damğaları vurmaq olmaz, bu, jurnalistikaya yaraşmaz”.