
Əziz abituriyentlər, yaz fəslinin gəlişi ilə əlaqədar olaraq, havalar istiləşməyə başlayır, bilindiyi kimi belə havalarda dərs oxumaq bir az çətinləşir. Harvard və Kaliforniya universitetlərinin 10 milyon şagird arasında apardığı araşdırma da təsdiq edir ki, isti havalar tədris keyfiyyətinə ciddi təsir göstərir və onların dərs qiymətinin aşağı düşməsinə səbəb olur.
Bu cür şəraitdə dərs keyfiyyətini stabil saxlamaq üçün aşağıdakı maddələri faydalı bilib sizinlə bölüşmək istəyirik.
1. Səhər vaxtı yuxudan erkən oyanıb dərs oxumaq faydalıdır, çünki həmin vaxtlarda həm bədənimiz, həm də zehnimiz dinc və öyrənməyə açıq olur. Eyni zamanda həmin saatlarda hava sərin olduğu üçün dərs oxumaq daha rahat olur. Aparılan tədqiqatlar göstərir ki, axşam tez yatıb, səhər yuxudan erkən oyanan insanlar daha enerjili olur və özünü gümrah hiss edir. Psixoloqlar məsləhət görür ki, abituriyentlər mütləq şəkildə gecə saat 11-də yuxuda olmalıdır, çünki həmin vaxtdan etibarən beynimizdə melotonin hormonu ifraz olunur. Bu hormon biliklərimizin beynimizdə sistemləşməsində böyük rol oynayır.
2. İsti havalarda otaqda sərinliyi təmin etməklə dərs oxumaq lazımdır. Tənəffüs vaxtlarında çölə çıxıb təmiz hava almaq, müəyyən vaxtlarda isə otağın havasını dəyişmək məqsədəuyğundur.
Dərs oxuma vaxtlarımız bu şəkildə olarsa, daha faydalı olar: 40 dəqiqə dərs oxumaq, 5-10 dəqiqə arası təkrar etmək, 10 dəqiqə tənəffüs.
3. İsti havalarda bədəni gümrah saxlamaq üçün sərin su içmək, meyvə və göy-göyərti qəbul etmək çox faydalıdır.
4. İstiotlu qidalar isti havalarda sizə mənfi təsir göstərər, bədəninizin temperaturunu qaldırar. Eyni zamanda çay və kofedən çox istifadə etmək də bu havalarda sizi süstləşdirə bilər.
5. Səhər gimnastikası etmək və yaxud 5-10 dəqiqəlik səhər yürüyüşünə çıxmaq da sizin üçün faydalıdır. Bu sizin isti havalara qarşı müqavimətinizi artırar.
6. Günorta saatlarında yeməkdən əvvəl 45-60 dəqiqə yata bilmək də bədəninizi dinc tutar. İsti havalarda günün ikinci yarısına daha enerjili başlamağınıza səbəb olar.
7. Belə havalarda evdə dərs oxuyarkən çox rahat paltarlar geyinməyiniz tövsiyə olunandır. Çölə çıxarkən sağlığınızı qorumaq üçün ağ rəngli geyimlər geyinmək, günəşdən qorunmaq üçün çətir götürmək yaxud papaq qoymaq və gün eynəyindən istifadə etmək daha məsləhətlidir. Qara və tünd rəngli geyimlər isə istini özünə çəkdiyi üçün məqsədəuyğun deyil.
Nəticə: Əsas olan odur ki, biz özümüzə dərs oxumağın vacib olduğunu qəbul etdirməliyik. Çünki ali məktəbə daxil olmağı qarşımıza məqsəd qoymuşuq. Ona görə də arzumuza çatmaq üçün bütün şəraitlərdə: istidə, soyuqda, online və s.vəziyyətlərdə çalışmalıyıq.
Rafiq Məmmədov
Təhsil eksperti