Zamin Salayev 37 gündür aclıq edir


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayev 1 saylı Bakı İstintaq Təcridxanasında 37 gündür aclıq edir.
Yeniavaz.com
"Turan"a istinadla xəbər verir ki, Z. Salayev şərlənərək həbs edildiyini bildirir və məhkəmənin həbs qərarına etiraz olaraq aclıq edir.
"Atamın səhhəti çox ağırlaşıb. O, artıq gəzə bilmir. Son günlər 5 dəfə huşunu itirərək yıxılıb. Kamera yoldaşları güclə ayılda bilib. Qara ciyəri kəskin şəkildə şişib. 26 kiloqram çəki itirib. Atam şəkər xəstəsidir, ürəyində stend var. Bu günədək həkim nəzarəti yoxdur. Onu nə həkim müayinə edir, nə də təcridxananın tibb-sanitar hissəsinə köçürməyiblər" -, deyə Salayevin oğlu Oqtay Salayev martın 15-də atası ilə telefon danışığından sonra bildirib.

Onun sözlərinə görə, atası ilə görüşə də icazə vermirlər.

Oqtay Salayev atası ilə görüşə imkan verilməməsi barədə Ədliyyə Nazirliyinə şikayət göndərdiyini deyib. "Ədliyyə Nazirliyindən hələ cavab almamışam", deyə o qeyd edib.

Öz növbəsində, Penitensiar Xidmətdən fəalın səhhəti ilə bağlı məlumat almaq mümkün olmayıb.

Ombudsman Aparatının Mətbuat xidmətindən bildiriblər ki, Ombudsmanın tapşırığı ilə martın 11-də 1 saylı Bakı İstintaq Təcridxanasında Zamin Salayevə başçəkmə olub.

"Zamin Salayev konfidensial şəraitdə dinlənilib. Onun məsələsi ilə bağlı Baş Prokurorluğa və Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə müraciət olunub", deyə Ombudsman Aparatının Mətbuat xidmətinin rəhbəri Emil Şahzadə bildirib.

Xatırladaq ki, fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi Zamin Salayev barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunsa fəalı 5 ilədək həbs gözləyir.

Zamin Salayev məhkəmədə deyib ki, ona qarşı irəli sürülən ittiham yalandır, onu şərləyiblər. "Mən heç kimə hücum etməmişəm, əksinə, özümü hücumdan müdafiə etmişəm. Bakıda Lökbatan dairəsində taksidən düşəndə bir nəfər məni təhqir edərək əlində bıçaq üstümə cumdu. Mən bunun təxribat olduğunu başa düşdüm. Bu zaman özümü müdafiə etməyə çalışdım və hücum edən şəxsi itələyərək hadisə yerindən qaçmağa başladım. Bir neçə dəqiqəyə mülki geyimdə olan polislər məni saxladılar və 4 polis avtomobilinin müşayiəti ilə Qaradağ rayon Polis İdarəsinə apardılar", deyə Salayev fevralın 20-də Bakı Apellyasiya Məhkəməsində hakimlərin diqqətinə çatdırıb.

Məhkəmə onun apellyasiya şikayətini təmin etməyib.

DİGƏR XƏBƏRLƏR

Top