
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) baş katibinin müavini kvotasından imtina etməsinə münasibət bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə mətbuat konfransında danışıb.
Hökumət başçısı bildirib ki, istənilən mexanizm, o cümlədən kvotanın mövcudluğu Ermənistanın təhlükəsizlik sistemində əlavə daşa çevrilməlidir. Amma bu kvota təhlükəsizliyə töhfə vermirsə, Ermənistan bunu mənasız hesab edir.
Paşinyan üçün bu vəziyyətdə ən başlıcası əhalinin gözləntilərini aldatmamaqdır. O, 2022-ci ildə təşkilatın o vaxtkı baş katibi Stanislav Zas ilə söhbətinin xülasəsini danışıb. Paşinyanın sözlərinə görə, Baş katib Ermənistana səfər edərkən baş nazirlə söhbətində KTMT-nin Ermənistanın strukturundan çıxa biləcəyindən narahat olduğunu bildirib:
“Mən baş katibə dedim ki, narahatlıq yersizdir. Başqa bir şey uyğundur - KTMT-nin özünün Ermənistanı tərk edəcəyi ilə bağlı narahatlıq. Və məncə, KTMT istər-istəməz Ermənistanı tərk edir və bu bizi narahat edir. Biz heç nə gizlətmirdik. Narahatlığımızı ictimaiyyətə bildirdik. Biz KTMT-nin baş katibinin müavini vəzifəsini öhdəmizə götürməyə şad olarıq, amma xalqımıza yanlış mesaj verdiyimiz ortaya çıxmamalıdır”.
Paşinyan deyib ki, hər kəs Ermənistanın tərəfdaşlarla nə qədər uzun və ardıcıl işlədiyini və işləməkdə davam etdiyini görür.
Tətbiqimizi yükləyə bilərsiniz