
Ermənistanda keçmiş deputat Gevorq Petrosyan həbs olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Martın 11-də saat 21:00 radələrində DİN-in Polis Patrul Xidmətinin “Kotayk” taborunun əməkdaşları Abovyan-İrəvan avtomobil yolunda sürücüsünün nizamsız idarə etdiyi “Mercedes” markalı avtomobili görüblər. “Mercedes”in sürücüsü patrulların səsgücləndirici vasitəsilə verdiyi qanuni “saxla” tələbinə tabe olmayıb və avtomobili nizamsız şəkildə idarə etməyə davam edib.
Patrulçular onu təqib ediblər və bu zaman onlar daha bir neçə dəfə “dayanmaq” barədə qanuni tələb ediblər. İrəvanın Tsarav Ağbyur küçəsində avtomobil zorla saxlanılıb. Sürücü hədə-qorxu gələrək qaçıb. Təqibi davam etdirən patrul əməkdaşları yenə həmin küçədə maşını zorla saxlayıblar.

Sürücü ayıqlıq testindən imtina edib və patrulları hədələyib.
Sürücü tutularaq aidiyyəti şöbəyə aparılıb”, - məlumatda deyilir.
Faktla bağlı cinayət işi başlanıb.
Həmçinin səhiyyə nazirinin müavini olarkən vəzifə səlahiyyətlərini yerinə yetirməməkdə və dövlətin qanuni maraqlarına xeyli ziyan vurmaqda ittiham olunan İrəvan merinin müavini Gevorq Simonyan iki ay müddətinə həbs edilib.
Bu barədə onun vəkili Emin Xaçatryan bildirib.
