Hacı Şahinin yerinə təyinat olub? - Açıqlama


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bəzi KİV-lərdə və sosial şəbəkələrdə Bakı şəhəri Nəsimi rayonu Məşədi Dadaş məscidinə din xadiminin təyin olunması barədə yayılan məlumatlara aydınlıq gətirib.

Komitədən Yeniavaz.com-a bildirilib ki, sözügedən məscidə rəsmi din xadimi təyin olunmayıb.

Qeyd edilib ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Dövlət Komitəsi Kollegiyasının 2022-ci il 22 aprel tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” normativ aktı mövcuddur:

“Bu Qaydaya əsasən, Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün mütəmadi olaraq müsahibələr təşkil edilir. Sözügedən məscidə də rəsmi din xadiminin təyin olunması məhz bu Qayda əsasında həyata keçiriləcək”.

Qeyd edək ki, ötən gün Məşədi Dadaş məscidinə yeni axund təyinatı ilə bağlı məlumat yayılıb. Buna səbəb cümə namazının qılınmasının Hacı Elbrus Kərimova həvalə edilməsi olub.

Xatırladaq ki, Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli martın 2-də ürəktutmadan vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Top