Azərbaycan itkin düşən tələbə ilə bağlı İrana nota verdi


XİN Azərbaycan Respublikasının vətəndaşı Fərid Səfərlinin vəziyyətinə aydınlıq gətirilməsi məqsədilə, İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb.

Yeniavaz.com xəbər veri ki, bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin yerli media nümayəndələrinin sorğusuna cavabında bildirib.

Diplomat qeyd edib ki, “Azərbaycan Respublikasının vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərlinin 20 fevral tarixində İran İslam Respublikasına səfərə getdiyi, lakin 4 mart tarixindən etibarən ondan xəbər alınması mümkün olmadığı barədə məlumat yayılıb. Məsələ ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə 9 mart 2023-cü il tarixində daxil olub.

Sözügedən məlumata aydınlıq gətirilməsi məqsədilə, Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb və hal-hazırda qarşı tərəfdən cavab gözləyir.

Azərbaycan Respublikasının vətəndaşı Fərid Səfərlinin yerinin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər və araşdırma işləri davam edir. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Azərbaycan Respublikasının vətəndaşlarına bir daha xatırlatmaq istərdik ki, 27 yanvar 2023-cü il tarixində ölkəmizin İrandakı səfirliyinə qarşı baş vermiş terror hücumundan sonra, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ölkəmizin vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri barədə səyahət xəbərdarlığı yayıb”.

DİGƏR XƏBƏRLƏR

Top