Gürcüstanda aksiyalarda 66 nəfər saxlanıldı – Yenilənib


“Xırda xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmama faktları üzrə Tbilisinin mərkəzində etiraz aksiyası zamanı 66 nəfər saxlanılıb”.
Yeniavaz.com
“Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.
“Həmin şəxslərin törətdikləri cinayət faktları qanunla müəyyən edilmiş müddətdə məhkəməyə təqdim ediləcək”, - məlumatda qeyd edilib.

***09:28
Gürcüstanda bir neçə min insan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin birinci oxunuşda qəbul edilməsinə etiraz olaraq parlament binası qarşısında etiraz aksiyaları keçirir.
Yeniavaz.com
“Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili Rustaveli prospektindəki etirazçılara dəstək verib.
“Mən sizinləyəm, çünki siz azad Gürcüstanı, gələcəyini Avropada görən Gürcüstanı təmsil edirsiniz və heç kimə bu gələcəyi ondan almaq hüququnu verməyəcəksiniz. Bu gələcək bizim gələcək nəsillərə məxsusdur. Bu, əvvəlki nəsillərin hazırladığı və bizim hazırladığımız gələcəkdir. Ona görə də heç kimin sənin gələcəyini səndən almağa haqqı yoxdur”, - Zurabişvili müraciətində bildirib.
Onun sözlərinə görə, qanun layihəsi Venesiya Komissiyasına göndərilməli deyil, ləğv edilməlidir.
Məlumat üçün bildirək ki, ötən gecə etirazçılar polisin su şırnaqları və gözyaşardıcı qazdan istifadə etməsindən sonra da dağılmayıblar. Lakin sonradan aksiya dayanıb.
Qeyd edək ki, Gürcüstanın ali qanunverici orqanı “Xarici təsirin şəffaflığı haqqında” qanunun Gürcüstan variantını birinci oxunuşda qəbul etdikdən sonra parlamentinin binası yaxınlığında vəziyyət gərginləşib. Qanun layihəsinin lehinə 76 deputat, əleyhinə isə 13 deputat səs verib. Bundan sonra parlament binası yaxınlığında iğtişaşlar başlayıb, polis etirazçılara qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.

DİGƏR XƏBƏRLƏR

Top