“Haqq-ədalət ayaqlar altına alınaraq tapdalanır, yenə dillənmirik...”


“Ölkəmizdə vəziyyət bir az qarışıqdır, keçid dövrüdür. Bu sözləri artıq 35 ildir eşidirik. 35 il yox, 350 il keçsə belə cəmiyyət olaraq mental “dəyərlərimizi” dəyişməsək heç nə dəyişən deyil”.
Yeniavaz.com
xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa Diaqnostikası şöbəsinin müdiri, həkim-radioloq Aydın Əliyev sosial şəbəkə hesabında yazıb.
“Kimisə şərləyib həbs edirlər dillənmirik, qanunsuz həbs edilən kimsə aclıq edir dillənmirik, aclıq edib ölür, yenə dillənmirik, kimlərinsə sosial şəbəkə hesabları ələ keçirilir, dillənmirik, günün günorta çağı kimsə günahsiz yerə “naməlum” səbəbdən və “naməlum” şəxslər tərəfindən oğurlanır danışmırıq, susuruq, insani dəyərlər, haqq-ədalət ayaqlar altına alınaraq tapdalanır, yenə dillənmirik. Amma və lakin, çox-çox təəssüflər olsun ki, kiminsə haqqında yalnış, qurama, montaj edilərək qurşaqdan aşağı hər hansı bir təsdiq edilməmiş, şər bir feyk informasiyaya tərəddüd etmədən inanırıq. Bax bizim əsas problemlərimizdən biri budur! Mahiyyətə varmırıq! Səthi, əsaslandırılmamış, fəqət mental “dəyərlərimiz”lə manipulyasiya edilərək məqsədli şəkildə yayılan hər hansı bir feyk məlumatı dəqiqləşdirmədən bəyənir, tənqid, bəzən isə təhqir edir və paylaşırıq, təəssüflər olsun. Təbii ki, gec-tez hər şey öz yerini alacaq, amma bizim, o cümlədən vətəndaş cəmiyyətinin “fəalları” daxil, cahilliyimiz səbəbindən o “öz yerini alacaq” məsələlər illərlə uzanır”, - deyə Aydın Əliyev qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top