Rekordlardan doymayan əfsanəvi türk


Ağır atletikadan danışanda ağlımıza gələn ilk adamlardan biri də Naim Süleymanoğludur.
Kimdir Naim Süleymanoğlu?

1967-ci ildə Bolqarıstanda anadan olub. Milliyətcə türkdür. Atasının adı Süleyman, anasının adı Xədicədir. Atası avtobus sürücüsü, anası isə evdar qadın olub.
Ağır atletika ilə 9 yaşında tanış olub. Sinif yoldaşları ştanq qaldırma ilə məşğul olurdular. Naim də tez-tez onlarla birgə məşqlərə baxmağa gedirdi. Məşqlərin birində dostlarından birinin qabiliyyəti onu heyran edir. Ştanqçı olmağı qərara alır. Dostları onu məşqçiyə təqdim edirlər. O gündən Naim gələcəkdə qazanacağı uğurları xəyalında canladırır, hətta, xəyalında xarici ölkələrə səfər edir, qələbələr qazanır, rekordlar vurur. Balaca Naim uşaqlığını unudur, bütün gücü ilə özünü məşqlərə həsr edir. İllərin necə keçdiyini hiss etmir. Bir də görür ki, 15 yaşı var və Braziliyada Gənclər arasında Ağır Atletika Çempionatının iştirakçısıdır. Həmin çempionatda iki qızıl medal alaraq, çempion adını qazanır. 16 yaşında isə dünya rekordu vuraraq, "Dünyanın ən gənc rekordçusu" ünvanına sahib olur.
1984-cü il Olimpiya Oyunlarına hazırlaşarkən 17 yaşı olmasına baxmayaraq, 20-24 yaşlılarla birgə hər gün 10-12 saat məşq edirdi. Bəzən məşqdən sonra otelə getməyə taqəti qalmırdı. Amma bu onu usandırmırdı. Bilirdi ki, uğura aparan yol heç vaxt asan olmur. Bu cür yorucu məşqlərin böyük nəticəsi olacağına bütün varlığı ilə inanırdı.
Təəssüf ki, 1984-cü il olimpiadalarında iştirak etmək Naimə qismət olmadı. Kommunist rejimi ilə idarə olunan Bolqarıstan SSRİ-nin təzyiqi ilə ABŞ-da keçirilən Olimpiya oyunlarını baykot etdi. Beləliklə, böyük əziyyətlər hesabına forma yığmış idmançıların zəhməti boşa getdi.
Bununla belə, Naim Süleymanoğlu 1983-1986-cı illərdə gənclər arasında 13, böyüklər arasında isə 50 dəfə olmaqla 63 dəfə rekord vurdu. Dünya və Avropa çempionatlarında 52, 54 və 60 kq çəki dərəcələrində qızıl medal aldı. 1984, 1985,1986-cı illərdə dünya miqyasında "İlin ağır atleti" ünvanını qazandı.

Türkiyəyə mühacirət
1985-ci ildə Bolqarıstan hökuməti ölkədə yaşayan qeyri-bolqarların bolqarlaşdırılması barədə qərar qəbul etdi. Bu qərar Naimdən də yan keçmədi. Bu işə məsul olan şəxslərin tələbi ilə Naim Süleymanoğlu bir günün içində Naum Şalamanov oldu.
Əslində, bolqarlar Naimə xoş münasibət bəsləyirdilər. Çünki o, ölkənin adını zirvələrə qaldırmışdı. Bəs bu ad dəyişmə nəyə lazım idi? Naim bu barədə çox fikirləşdi. Nəhayət, qərarını verdi. Dəyəri qazandığı medallara görə deyil, milli kimliyi ilə qiymətləndirilən yerə gedəcəkdi - Türkiyəyə! Bu gedişin planını da dəqiqləşdirmişdi: Növbəti turnirin keçiriləcəyi ölkəyə gedəcək və oradan qayıtmayacaq. Bu barədə heç ailəsinə də bildirmədi. Heç kimin ona görə narahat olmasını, onun planına mane olmasını istəmirdi. Bolqarlar da ona inanırdılar, ölkədən qaçmasını ağıllarına belə gətirmirdilər.
1986-cı il idi. Bolqarıstan milli komandası ilə Avstraliyanın Melburn şəhərində keçirilən turnirdə iştırak edirdi. Elə buradaca Türkiyə Səfirliyinə sığınacaq tələbi ilə müraciət etdi. Səfirlikdən ona bir gün gözləməli olacağını bildirdilər. Bir gün sonra isə Ankaradan verilləcək təlimata görə hərəkət edəcəkdilər.
Və nəhayət gözlənilən xəbər gəldi. Naim Süleymanoğlunun tələbi qəbul olunmuşdu.
Süleymanoğlu bir neçə gün sonra o vaxt Türkiyənin baş naziri olan Turqut Özalın göndərdiyi xüsusı təyyarə ilə Londan Hava Limanına endi. O, buradan İstanbul Atatürk Hava Limanına uçmalı idi. Ancaq onu gətirən təyyarə təhlükəsizlik məqsədi ilə hərbi hava limanına eniş etdi. Əfsanəvi türkü yüksək rütbəli zabitlər qarşılayıb nömrəsiz avtomobillə Türkiyə Böyük Millət Məclisinə gətirdilər. O anda Turqut Özal Nazirlər Kabinetinin iclasını keçirirdi. Və birdən Naim toplantının keçirildiyi salona daxil oldu. Bir anlığa hamı donub qalmışdı. Nazirlər nəyin baş verdiyini anlamırdılar. Salona daxil olan adamın Naim Süleymanoğlu olduğunu biləndən sonra hamı ayağa qalxdı və salonu gurultulu alqış bürüdü.
Onun mühacirəti adi bir köç deyildi, beynəlxalq aləmdə məşhur olan bir idmançının ölkə dəyişdirməsi idi. Əlbəttə, bu köçün səfası olduğu kimi, cəfası da olmalı idi. Beynəlxalq Ağır Atletika Federasiyası Naim Süleymanoğlunun bir il müddətinə yarışlarda iştirak etməsinə qadağa qoydu. Lakin Naim məşqlərini bir an belə olsun dayandırmadı.

Türkiyədə ilk rekord
Naim Süleymanoğlu 1987-ci ildə Antalyada keçirilən Beynəlxalq Ağır Atletika turnirinə ilk dəfə olaraq Türkiyə vətəndaşı kimi qatıldı. 60 kq çəki dərəcəsində 150+180=330 kq nəticə ilə yeni dünya rekordu müəyyənləşdirdi.
Növbədə Avropa çempionatı və Seul Olimpiadası var idi. Avropa çempionatından 3 qızıl medal və qoparma ilə qaldırmada 150 kq qaldıraraq yeni dünya rekordu ilə qayıtdı.
Olimpiadada iştirak etməyi çox istəyirdi. Amma bunun üçün Bolqarıstan hökumətinin razılığı lazım idi. Bolqarıstan bu icazə üçün 1 milyon dollar tələb edirdi. Türkiyə dövləti bu məbləği ödəyərək, Naimin Seul Olimpiadasına gedən yolunu açdı. Yarışlara 60 kq çəki dərəcəsində qoşulan əfsanəvi türk qoparmada 145 kq, 150,5 kq, 152,5 kq, təkanla qaldırmada isə 175 kq, 188,5 və 190 kq nəticə göstərməklə olmpiya rekordunu 6 dəfə təzələdi və olimpiya çempionu oldu. Bu, möhtəşəm bir zəfər idi. Bu, həm də güləş istisna olmaqla Türkiyəyə gətirilən ilk qızıl medallar idi.

22 yaşlı təqaüdçü
Naim Süleymanoğlu 1989-cu il Dünya çempionatından sonra karyerasını başa vurmaq qərarına gəldi. O vaxt onun 22 yaşı var idi. Adətən, bu yaşda əmək fəaliyyəti başlayır. Naimin isə bu yaşda həyatı uğurlarla dolu idi. Təbii ki, bu uğurlar böyük zəhmət hesabına başa gəlmişdi. Ona görə də, çox yorğun idi, dincəlməyə ehtiyacı var idi.
Təqaüdə çıxsa da, ştanqdan aralı qala bilmirdi. 1992-ci il Barselona Olimpiadasında yenidən geri döndü və dönüşü möhtəşəm oldu. İkinci dəfə olimpiya çempionu adını qazandı.

Dünyanın ən yaxşısı
Naim medallardan və rekordlardan doymurdu. Barselona Olimpiadasında rəqiblərini böyük fərqlə arxada qoyaraq, Türkiyəyə qızıl medal qazandırdı. Bu, möhtəşəm dönüş idi. Elə həmin ildə Beynəlxalq Ağır Atletika Komissiyası Naim Süleymanoğlunu "İlin ən yaxşı idmançısı" seçdi.

Yenidən Melburnda
1993-cü ildə yenidən Melburna - Dünya çempionatına yollandı. Bu şəhərin onun həyatında xüsusi yeri var idi. Azadlığına bu şəhərdə qovuşduğunu düşünürdü. Bu dünya çempionatında 3 qızıl medal qazanmaqla bərabər, dünya rekordunu da iki dəfə təzələdi.

Rekordlar... Rekordlar...
7 il sonra tale yenidən Naimi doğulduğu ölkəyə gətirdi. 1994-cü ildə Bolqarıstanda keçirilən Avropa çempionatında əfsanəvi türk cəmi 3 dəfə ştanqa yaxınlaşdı və 3 dəfə dünya rekordu vurdu.
Elə həmin il İstanbulda keçirilən 66-cı Dünya çempionatına qatılanda zədəsi var idi. Ancaq zədəli olmasına baxmayaraq, yenə 3 qızıl medal qazandı və 3 dəfə yeni dünya rekorduna imza atdı. Bu çempionatdan sonra yenidən "Dünyanın ən yaxşı idmançısı" ünvanını qazandı.
1995-ci ildə Avropa çempionatına zədəli qatılsa da, bir qızıl, iki gümüş medal qazandı. Həmin ildə Çində keçirilən Dünya çempionatında 3 qızıl medal əldə etdi.
1996-cı ildə Atlanta Olimpiadasında 64 kq çəki dərəcəsində üçüncü dəfə çempion adına layiq görüldü. Çempionluqla bərabər dünya rekordunu 4 dəfə yenilədi.
Əfsanəvi türk Sidney Olimpiadasına da qatılaraq, 4-cü dəfə olimpiya çempionluğu uğrunda mübarizə apardı. Amma bu dəfə qoparmada sifariş etdiyi 145 kq ağırlığı qaldıra bilmədi. Bununla da o, karyerasına nöqtə qoydu.

İdmandan sonra
Karyerasını başa vurandan sonra da Naim Süleymanoğlu idmandan ayrlmaq istəmirdi. Amma məşqçi olmaq da xəyalından keçmirdi. Çünki məşqçi işinin məşəqqətli olduğunu düşünürdü. Beynəlxalq Ağır Atletika Federasiyasının 2000-ci ildə Afinada keçirilən konqresində vitse-prezident seçildi və bu vəzifəni 4 il yerinə yetirdi.
Bir ara Naim Süleymanoğlu siyasətə girməyi qərara aldı. Millət vəkilliyinə və bələdiyyə sədrliyinə namizədliyini versə də, uğur qazana bilmədi.

"Cırtdan Herakl"
Naimin boyu cəmi 1 metr 47 santimetr idi. Gücü isə heyrətamiz dərəcədə yüksək olduğundan türklər ona "Cep Herkülü" - bizim şivəyə uyğunlaşdırsaq, "Cırtdan Herakl" ləqəbi vermişdilər. Naim özü əvvəllər boyunun qısalığını özünə dərd edirdi. Amma ona bu boy-buxunu, bu qabiliyyəti Allah vermişdi. Çox güman ki, uzun boylu, ağır çəkili olsaydı, bu qədər rekordlara imza ata bilməyəcəkdi. O, bu boyu ilə 3 dəfə Olimpiada, 7 dəfə dünya, 6 dəfə Avropa çempionu olmuşdu. Bunları düşünərək, sonradan taleyi ilə barışdı.

Və son...
Rekordlardan doymayan əfsanəvi türk Naim Süleymanoğlu cəmi 50 il yaşadı.
2017-ci il sentyabrın 28-də qara ciyər çatışmazlığı diaqnozu ilə reanimasiyaya yatırılan idmançıya oktyabrın 6-da donor orqan nəql edildi. Lakin çox keçmədən o, başqa bir xəstəliklə mübarizə aparmalı oldu. Noyabrın 11-də beyninə qan sızması nəticəsində yeni bir əməlliyyat keçirdi. Təəssüf ki, bu əməliyyat istənilən nəticəni vermədi. Noyabrın 18-də "Çırtdan Herakl" bütün uğurlarını burada qoyub əbədiyyətə köçdü.
Medalları ilə, rekordları ilə türk dünyasının qürur yeri olan Naim Süleymanoğlunun həyatı beləcə sona çatdı.

Fraza jurnalı,
Ürfan Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top