Aktrisa məlumatları yayılan qadınlarla bağlı Mehriban Əliyevaya müraciət etdi


Model, teleaparıcı və aktrisa Tunay Əliyeva Birinci vitse-prezident Mehriban Əliyevaya açıq məktub yazıb.
Yeniavaz.com
xəbər verir ki, o açıq məktubu feysbuk profilində paylaşıb.
Məktubda bildirilib:
“Hörmətli Mehriban xanım! Siz təkcə ölkənin 1-ci vitse-prezidenti yox, həm də mənim həmcinsimsiniz. Bu üzdən bir qadın kimi sizə müraciət edirəm.
Məlumunuzdur ki, ictimai fəal Bəxtiyar Hacıyev öz hüquqlarını müdafiə naminə artıq 50 gündən artıq idi ki, aclıq aksiyası keçirirdi. Bu, onun öz seçimidir. Lakin onu ifşa etdiyini düşünən (deyilənə görə, Azərbaycanın bəzi səlahiyyətli şəxsləri də bura daxildir) müəyən bir qrup neçə gündür ki, mənim də adımın, illər öncə ictimai yerdə çəkilmiş video və fotomun yer aldığı materialları yayırlar. “Telegram” şəbəkəsində kanallar yaradaraq onlarla Azərbaycan qız-qadınını təhqir edir, aidiyyəti olub-olmadığı bəlli olmadan onların bilgilərini paylaşırlar. Bu mənəvi terrora hələ də davam edirlər. Bəxtiyarın telefonundakı, noutbukunda uzun illərdən bəri tanış, dost, sevgili olduğu qadınlara məxsus şəkillər ictimailəşdirilir. İnsanlar təhqir olunur, hədəf göstərilir.
Bu “ifşa” prosesini həyata keçirənlər Azərbaycan kimi mühafizəkar cəmiyyətdə bu qadınların sonrakı həyatını, hazırki ailə durumunu, psixoloji vəziyyətini, ictimaiyyətin onlara olacaq münasibətini düşünmürlər. Bu kibercinayətdir, insanların şəxsi həyatına müdaxilədir. Bundan başqa ölkə vətəndaşlarının həyatını siyasi məqsəd naminə böyük bir təhlükəyə atmaqdır.
Hörmətli Mehriban xanım! Biz Azərbaycan qadınlarını bu faciədən ancaq sizin aidiyyəti qurumlara göstərişiniz xilas edə bilər. Bizə qarşı bu terroru edənlər üçün heç bir mənəvi dəyər, qırmızı cizgi yoxdur. Sizi bütün bu baş verən iyrəncliklərə “dur” deməyə səsləyirəm. Siz də anasınız və belə məqamlarda bir qadının, qızın başına nə gələcəyini bilməmiş deyilsiniz. Lütfən bu biabırçılığın sonlandırılması üçün göstəriş verəsiniz”.

DİGƏR XƏBƏRLƏR

Top